Həbs edilmiş məmurların övladlarının vəzifədə saxlanılması və vəzifəyə gətirilməsi düzgündürmü? -- HÜQUQŞÜNASDAN AÇIQLAMA

WhatsApp Image 2021 01 11 at 22.41.43
 
Vüqar DADAŞOV: "Qida Təhlükəsizliyi  Agentliyində hüquqşünaslar üçün boş vakant iş yerləri çoxdur. Təəssüf ki, orada, kasıb təbəqənin uşaqlarının işə düzəlməsi mümkünsüzdür!"
 
Son günlər mətbuatda və sosial şəbəkələrdə, rüşvət və korrupsiya əməllərinə görə həbs edilmiş məmur  övladlarının yüksək vəzifələrdə saxlanılıb- saxlanılmamalarının, eləcə də bu sıradan yeni təyinatların nə dərəcədə düzgünlüyü barədə geniş müzakirələr gedir. Bu ciddi məsələ ilə bağlı müxtəlif fikirlər irəli sürülür, hər kəsin isə, bu məsələyə öz subyektiv yanaşması olur. 
 
Hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşovun da bu məsələyə münasibəti maraqlıdır. O, araz.az-a açıqlamasında deyib:
"Fikrimcə, bu məsələyə bir neçə aspektdən, daha doğrusu, hüquqi və mənəvi baxımdan yanaşmaq olar. Ancaq, öncə, əsas bir halı diqqətinizə çatdırmaq istəyirəm. Müşahidələr göstərir ki, əksər məmurlar və varlılar, həmişə, öz övladlarının hüquqşünaslıqla və dövlət idarəçilik sistemi ilə bağlı təhsil almaları üçün olduqca maralı olublar. Elə, hal-hazırda da məmurlar üçün bu istiqamət prioritet olaraq qalır. 
 
Əvvəlcə, bu məsələyə hüquqi baxımdan nəzər yetirək; Əlbəttə, dövlətimiz hüquqi dövlətdir və hüquqi baxımdan həbs edilmiş dövlət məmurunun övladlarının müəyyən dövlət qulluğunda əmək fəaliyyətinə heç bir qanuni qadağa yoxdur. Digər tərəfdən, bir şəxsin cinayət əməlini təsdiq edən və bu barədə qanuni qüvvəsini almış məhkəmə hökmü hələ yoxdursa, o, təqsirli -- məhkum sayılmır. Bu, həm də təqsirsizlik prezumpsiyasıdır. Bu norma hüququn da əsas təməllərindən biri sayılır".
 
Hüquqşünas fikrini belə davam etdirib ki, məmur həbs edildikdən sonra, onun övladlarının hüquq-mühafizə orqanlarında və güc strukturlarında xidmətlərini davam etdirməsi mövcud heç bir normadan kənara çıxmır: "Hüquqi dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliklərinə görə, heç bir şəxs qohumluq dərəcəsindən asılı olaraq, digər bir şəxsin əməlinə görə məsuliyyət daşıya bilməz. 
 
Ümumiyyətlə, Azərbaycanda hansısa bir şəxsin hüquq-mühafizə orqanlarında, güc strukturlarında, xüsusi xidmət orqanlarında əmək fəaliyyətinə başlamasından öncə, onun yaxın ailə üzvlərinin məhkumluq tarixçəsi yoxlanılır və o, sonra işə qəbul edilir. Burada əsas məqam odur ki, bir şəxsin işə düzəlməsi öncəsi yoxlanılan məlumatlarda, sonradan, yəni, həmin orqanlarda əmək fəaliyyətinə başladıqdan sonra, dəyişiklik, daha doğrusu, yaxın qohumları arasında "məhkum" statusu alan olursa, bu halda da, hüquq-mühafizə, güc və xüsusi xidmət orqanlarında xidmət edən həmin şəxsin xidmətindən uzaqlaşdırılmasına qanunla  yol verilmir. Qısası, məmur həbs edilirsə, bunun, onun hüquq-mühafizə, xüsusi xidmət orqanlarında, güc strukturturlarında xidmətdə və ya hər hansı bir inzibati vəzifədə işləyən övladına heç bir qanuni, hüquqi təsiri yoxdur.
 
 Məsələnin daha maraqlı tərəfi isə, işin mənəvi hissəsidir. Gəlin etiraf edək ki,  reallıqda, ölkəmizin hüquq-mühafizə, xüsusi xidmət və güc strukturlarında əmək fəaliyyəti göstərənlərin mütləq əksəriyyəti yüksək vəzifəli məmur tayfasının övladları və yaxınlarıdır. Və həmin orqanlarda kasıb təbəqədən olanlar olduqca az saydadır, ümumən götürdükdə, barmaqla sayılacaq qədərdir və onlar da hakim vəzifədə deyillər. Odur ki, özümüz özümüzü aldatmamalıyıq, həqiqəti deməliyik. Həqiqət də budur ki, hüquq-mühafizə, xüsusi xidmət və güc strukturlarında işə qəbul olmaq, praktiki olaraq, kasıb balaları üçün əlçatmaz arzudur və həmin orqanlara qapılar məmur övladları və onların yaxınları üçün daha geniş açıqdır. Təbii ki, məmur övladının həmin orqanlarda işə necə düzəlməsi məsələsi, bir çox əsaslı suallar doğurur.
 
 Yeri gəlmişkən, şahidi olduğum bir məqamı qeyd etmək istəyirəm. Deməli, adicə, yerli icra hakimiyyət orqanlarının birində boş bir hüquqşünas vakant iş yeri var idi. Həmin yeri 3 il boş saxladılar və nəhayət, elə, həmin icra hakimiyyətində işləyən bir məmurun oğlu, təhsilini bitirən kimi, həmin boş vakant yerə təyin olundu. 
 
Elə, götürək Qida Təhlükəsizliyi  Agentliyini, orada boş vakant iş yerləri çoxdur. Ən çoxu da, hüquqşünaslar üçündür. Təəssüf ki, orada, kasıb təbəqənin uşaqlarının işə düzəlməsi mümkünsüzdür. Ancaq həmin iş yerləri hələ də boş olaraq qalır".
Hüquqşünas açıqlamasının sonunda şəxsi fikrini belə yekunlaşdırıb: 
 
"Şəxsi fikrimcə və reallığa uyğun olaraq, demək istəyirəm ki, korrupsiyada əli olan məmurun həbsinin, onun yaxınlarının və övladlarının vəzifədən uzaqlaşdırılması ilə nəticələnməsi, rüşvətxor və korrupsioner məmurlara qarşı yazılmamış, ancaq effektiv çəkindirici bir mexanizm ola bilər. Əgər, bu məsələyə qanunla yanaşırıqsa, onda, həmin yüksək vəzifələrə təyinatda qanunlarımız çərçivəsində şəffaflıq olmalı və təbəqələşməyə son qoyulmalıdır. Konkret desək, qanunlarımızın tələblərinə uyğun olaraq, kasıbların da övladlarının həmin məsul vəzifələrdə işləməsi təmin edilməlidir.
Yox, əgər, məsələyə mənəvi aspektdən yanaşırıqsa, onda, həmin məmurun qanunsuz yolla vəzifəyə gətirdiyi və ya məsul bir işə qoydurduğu övladının vəzifədə qalması hansı mənəviyyat, əxlaq və ədalət ölçülərinə uyğundur?!
Qaldı seçimə, onda qanunun tələbləri, ya ədalət! 
 
Bir hüquqşünas kimi deyirəm ki, qanun həmişə ədalətli olmur, ancaq ədalət qanun şəklində hakim olanda, cəmiyyət mütərəqqi, dövlətçilik isə, olduqca möhkəm olur. Ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının və xalqımızın  istəkləri də, elə, budur!”.
 
 
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər