Moldovada Xocalı soyqırımına həsr edilən anım tədbiri keçirilib

 WhatsApp Image 2021 02 26 at 00.03.54Fevralın 25-də Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi, bu ölkədəki Azərbaycanlılar Konqresi (MAK) ilə birlikdə, paytaxt Kişinyovda yerləşən “Time” hotelinin konfrans zalında Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilən anım tədbiri keçirib.
 
Səfirlikdən araz.az-a daxil olan məlumatda deyilir ki, Moldovada koronavirus pandemiyasına görə tətbiq edilən karantin qaydalarının tələblərinə uyğun təşkil edilən bu önəmli və vacib tədbir Xocalı qətliamı haqqında çəkilən qısametrajlı sənədli filmin nümayişi ilə başlanıb.Tədbirdə Moldova Parlamentinin Demokratiya Partiyası Fraksiyasının sədri Dmitri Diakov, Sosialistlər Partiyasının deputatları Vladimir Odnostalko və Nikita Çurkan, bu ölkənin Effektiv Siyasət İnstitutunun direktoru, tarix elmləri doktoru, politoloq Vitaliy Andriyevski, Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin əməkdaşları, Moldovada akkreditə olunan diplomatik korpusun nümayəndələri, habelə Bolqarıstanın səfiri, Türkiyə, Macarıstan, Rusiya, Ukrayna və Belarus səfirliklərinin diplomatları, burada yaşayan türk, yəhudi, gürcü və digər icmalarının nümayəndələri, azərbaycanlı və yerli tələbələr, eləcə də bir sıra yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.Tədbirdə deputat D. Diakov çıxış edərək, ermənilər törətdiyi Xocalı faciəsini pisləyib, xalqların birgə sülh içində yaşayışının önəmindən danışıb, eləcə də Moldovanın ərazi bütövlüyü məsələsinə toxunaraq, xalqlarımızın oxşar faciələr yaşadığını xüsusi vurğulayıb, bu qətliamın kədərlə yad edilməsində həmrəylik nümayiş etdirdiyini dilə gətirib.Politoloq V. Andriyevski isə, öz çıxışında, öncə, Moldovanın nüfuzlu ava.md xəbər səhifəsində Xocalıya dair məqaləsinin dərc edildiyini və həmin yazının aşağıdakı linkini tədbir iştirakçılarının diqqətinə çatdırıb: https://ava.md/2021/02/25/pomnit-dobivat-sya-spravedlivosti-ne-mstit/.  O, sonra, gənc nəslin Xocalı soyqırımını unutmamalı olduğunu və moldovan xalqının insanlıq əleyhinə törədilən cinayətə qarşı, azərbaycanlılarla həmfikir olduğunu bildirib, ərazi bütövlüyünü bərpa edən Azərbaycanın ötən illər ərzində istər siyasi, istərsə də sosial-iqtisadi sahələrdə uğurlu inkişafına istinad edərək, ölkəmizin ermənilər tərəfindən xarabalığa çevrilmiş bölgələrinin sürətlə abadlaşdırılacağını dilə gətirib. Tarixçi, həmçinin, Azərbaycanın liderinin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş rayonlarımızda müxtəlif irimiqyaslı layihələrin həyata keçirildiyini vurğulayaraq, bu ərazilərdə yaşayacaq azərbaycanlılarla yanaşı, ermənilərin də rifahının yüksələcəyini xüsusi vurğulayıb. Bunun oxşar münaqişələr yaşayan xalqlar üçün örnək olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Tədbir çərçivəsində deputat V. Odnostalko da çıxış edərək, bütün dünyada insan amilinin hər şeydən önəmli olduğunu diqqətə çatdırıb. Deputat Xocalı faciəsinin şəxsi maraqlar naminə siyasətdə atılan səhv addımların nəticəsi olduğunu və Moldovadakı Azərbaycanlı İcması üzvlərinin, burada yaşayan digər xalqların nümayəndələri ilə illərdi davam edən xoş rəftar və davranışlarının, hamı üçün, dinc yaşayışa örnək olduğunu da xüsusi vurğulayıb. Anım tədbirində çıxış edən yəhudiəsilli deputat N. Çurkan yəhudilərə qarşı Holokost qətliamını xatırlayaraq, digər bir xalqa qarşı törədilmiş genosidin dəhşətlərilə tanış olduğunu da bildirib, keçmiş nəsillərdən qalan tarixi dəlillərin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib, ölkə daxilində birlikdə yaşayan xalqların bir-birinə hörmət etməli olduğunu, yalnız bundan sonra sülhə nail olmağın mümkünlüyünü dilə gətirib. Yekun nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov iştirakçı qonaqlara təşəkkürünü bildirib, Xocalı qətliamına dair həqiqətləri bir daha daha ətraflı iştirakçıların diqqətinə çatdırıb, bu faciənin insanlıq əleyhinə törədilmiş ən ağrılı cinayətlərdən biri olduğunu bildirib. Səfir ermənilərin tarix boyu Dağlıq Qarabağla bağlı apardıqları təxribatçı siyasətdən də ətraflı danışıb.Bütün bunlardan əlavə, tədbirdə iştirak edən Türkiyə Səfirliyinin bu ölkədəki nümayəndəsinin çıxışı da xüsusi maraq doğurub. O, öz çıxışını  “İki Millət, Bir Dövlət!” tarixi şüarı üzərində qurub və son nəticə olaraq bildirib ki, Türkiyə Cümhuriyyəti daim qardaş Azərbaycan dövlətinin yanında olub və dünya durduqca, bu, belə də davam edəcək. MAK-ın sədri Elçin Bayramovun, vətənpərvər diaspor fəalları Maarif Rəhimovun, Yasin Seyidovun və Ramiz Ansarovun Azərbaycan, rus və rumın dillərində olan çıxışları da təsirli alınıb. Beləcə, onlar, Xocalı soyqırımının dəhşət dolu həqiqətlərini tədbir iştirakçıları ilə bölüşüblər. Yekun olaraq, iştirakçılar tərəfindən, Xocalıda baş verən faciə barədə Moldova Respublikasının Parlamentinə Müraciət unvanlanması qərara alınıb və bu qurum tərəfindən bu qətliamın soyqırım olaraq tanınmasına çağırış edilib.Tədbirin sonunda, Xocalı və Vətən Müharibəsi şəhidlərinin xatirəsinə dualar oxunub, faciə qurbanlarına həsr edilmiş foto-şəkillərdən ibarət güşənin önünə tədbir iştirakçıları tərəfindən gül dəstələri qoyulub.
                        
Rəşad CƏFƏRLİ,      
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər