Azərbaycan Yazıçılar Birliyinin təşəbbüsü ilə, Mirkazım Seyidovun 60 illik yubileyi qeyd edilib

IMG_20221213_153331.jpg

Yüksək səviyyədə keçən bu tədbirdə, yubilyarın yeni kitabının təqdimatı da olub

         Bu gün, Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış ictimai-siyasi xadim, Rusiya Federasiyasındakı diasporumuzun ən fəal rəhbərlərindən biri, yazıçı-publisist, AYB-nin, Azərbaycan Jurnalistlər Birliyinin, Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, müxtəlif janrlarda yazılan onlarla kitabın müəllifi Mirkazım Seyidovun 60 illik yubileyi münasibəti ilə, yüksək səviyyədə təşkil olunan yubiley tədbiri keçirilib. Xəbər portalı olaraq, araz.az bildirir ki, tanınmış yazarların, ictimai-siyasi xadimlərin, elm adamlarının, ziyalı və ağsaqqalların, yubilyarın yaxınlarının və dostlarının, eləcə də digər qonaqların iştirak etdikləri bu tədbirdə, onun, nəfis tərtibatda Azərbaycan və rus dillərində çapdan çıxan 560 səhifəlik "Ömür yolu / Жизненный путь" adlı yeni bir kitabının təqdimatı da olub.

IMG_20221213_144019.jpg

         Bu yubiley mərasimini, yubileylə bağlı giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Mirkazım Seyidovu tədbir iştirakçılarına təqdim etdikdən sonra, mikrafonu tədbirin aparıcısı, tanınmış ədəbiyyatşünas, ədəbi tənqidçi Əsəd Cahangirin ixtiyarına buraxıb. Yubilyarın həyatı, fəaliyyəti və yaradıcılığı ilə bağlı geniş danışan aparıcı isə, sonra çıxış üçün sözü bu tədbirdə iştirak edən tanınmışlara verib.

IMG_20221213_143957.jpg

        Çıxış edənlər Mirkazım Seyidovun barəsində geniş danışaraq, xüsusi olaraq onu da qeyd ediblər ki, o, yalnız bir diaspor rəhbəri, ictimai-siyasi xadim kimi özünü tanıtmayıb. Yaradıcı bir insan olaraq, Azərbaycan miqyasını aşan fəaliyyəti ilə, ölkəmizin tanınmış ədəbiyyat adamı kimi də qəbul edilib. Elə, buna görə də, əsərləri haqqında təəssüratlarını bölüşənlər, onun ədəbiyyatımızın və mətbuatımızın inkişafındakı danılmaz xidmətlərini, öz çıxışlarında xüsusi olaraq vurğulayıblar.

IMG_20221213_153401.jpg

         Yeri gəlmişkən, onu da qeyd edək ki, natiqlər, Mirkazım Seyidov yaradıcılığındakı özünəməxsus yeniliklərdən də danışıblar. Öncə çıxışlarında onu bildiriblər ki, o, yaradıcılığı, ictimai-siyasi fəaliyyəti və şəxsiyyəti bir-birini tamamlayan qələm sahibidir. Azərbaycanla MDB ölkələri arasında ədəbi əlaqələrinin inkişafında və möhkəmlənməsində xüsusi xidmətləri,  ədəbiyyatımızın MDB məkanında təşviqinə və yayılmasına verdiyi özünəməxsus töhfələri isə, danılmazdır. Məhz bunlara görə, ədəbi yaradıcılığı ona, layiq olduğu bir sıra yüksək mükafatlar qazandırıb, həm də xüsusi diplomlarla təltif edilib.

IMG_20221213_141038_508 (1).jpg

          Çıxış edənlər onu da qeyd ediblər ki, yüksək səviyyəli xoş insani xüsusiyyətləri və bütün yöndən olan əməlləri, onu, hər yerdə, hər kəsin sevimlisinə çevirib. Siyasət meydanında əsl Heydər Əliyevçi kimi özünü tanıdan bu istedad sahibi həm yaradıcı insan olaraq, həm də vətənsevər, millət təəssübü çəkən fəal siyasətçi və diaspor rəhbəri kimi, daim dövlətin ayrı-ayrı qurumlarının, eləcə də, ictimaiyyətin belə yaxşı tanıdığı beynəlxalq səviyyəli təşkilatların diqqətində olub, dəfələrlə onların yüksək mükafat və təqaüdlərinə, diplom və tərifnamələrinə, orden və medallarına layiq görülüb. Konkret desək, bununla bağlı natiqlərin öz çıxışlarında dedikləri də, yubilyarın hərtərəfli fəaliyyətinə və yaradıcılığına, əməyinə, Vətən və millət qarşısında xidmətlərinə dövlətin, rəsmi qurumların və ictimaiyyətin qayğısının bir ifadəsi olub. Onun ölkəmizin hümanitar əlaqələrinin daha da genişləndirilməsi istiqamətində gördüyü təqdirəlayiq işlər barədə də, çıxış edənlər öz ürək sözlərini dilə gətirməyi unutmayıblar.

MİRKAZİMSEYİDOVTƏQDİMAT

         Yeri gəlmişkən, qeyd edək ki, yubileyi münasibəti ilə, Mirkazım Seyidovu dərin hörmət və ehtiram, səmimi duyğular ifadəsi olan sözlərlə təbrik edənlər, həm də ona möhkəm cansağlıqlı uzun ömür, yüksək yaradıcılıq uğurları, səadət və xoşbəxtlik arzuladılar. Sonda, yubilyarın özü çıxış edərək, onun bu yubiley mərasiminin belə yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə, eləcə də barəsində öz çıxışlarında xoş sözlər deyənlərə öz dərin təşəkkürünü və xüsusi minnətdarlığını çatdırdı.

 

Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.