"Vüqar Səfərli ilə bərabər, Əli Həsənova da cinayət işi açılıb!" -- XƏBƏR VAR

WhatsApp Image 2020 09 01 at 05.44.15"Yaxın müddətdə Türkiyədən geri dönməsə, harasa qaçmağa cəhd göstərsə haqqında beynəlxalq axtarış elan ediləcək və tezliklə qolu qandallı Azərbaycana gətiriləcək!" -- PROKURORLUQ TƏRƏFİNDƏN CİDDİ XƏBƏRDARLIQ
Uzun zaman həm Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, həm də bir müddət ölkə rəhbərinin köməkçisi vəzifələrini tutan Əli Həsənov və on ildən çox vaxt ərzində Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru olan Vüqar Səfərli tutduqları bu vəzifələrdən azad ediləndən indiyədək, bu Fondun ətrafında yaranan xoşagəlməz durum bütövlükdə ölkənin media ictimaiyyətinin diqqətindədir. Hətta ötən həmin on ildə KİVDF-nin fəaliyyətinin rəsmən araşdırılmasına, ortaya çıxacaq nəticə barədə hüquq və qanunlarımız çərçivəsində müvafiq ölçü götürülməsinə dair mətbuat fəallarının çağırışları belə getdikcə daha da çoxalır. Çünki bu Fond dövlət başçısının yanında fəaliyyət göstərib və bilavasitə mətbuat sahəsinə dövlət vəsaitlərinin ayrılmasında vasitəçi olub. Bu vəsaitin bir hissəsi jurnalistlər üçün evlərin tikilməsinə, bir hissəsi isə, birbaşa, media qurumlarına, eləcə də Qeyri -- Hökumət Təşkilatlarına yönəlib. 
Əlbəttə ki, bu prosesin ötən həmin müddətdə şəffaf aparılmamasına dair vətəndaş cəmiyyətində etirazlar çoxdur. Elə, bu səbəbdəndir ki, bu məsələlər həmişə gündəmə gətirilib. Üstəlik, ölkənin bir sıra media qurumları rəhbərlərinin şikayətləri əsasında, Baş Prokurorluğun Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda yol verilən qanunsuzluqlarla bağlı, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açması da sübut edir ki, bu ciddi məsələ hələ uzun müddət gündəmdən düşənə oxşamır. 
 Artıq Hesablama Palatasının apardığı araşdırmalar zamanı müfəssəl və yetərli faktların əldə edilməsindən, o cümlədən Baş Prokurorluğun yaydığı rəsmi açıqlamadan sonra da, KİVDF-nin keçmiş rəhbərliyinin hansı qanunsuz əməllərə və cinayətlərə yol verdiyi tam aydın olub. Bu da ona işarədir ki, bu cinayətə yol verənlər kimliklərindən, əvvəllər hansı vəzifəni tutmalarından asılı olmayaraq, qanun çərçivəsində mütləq cəzalandırılmalıdırlar. Bəli, Baş Prokurorluğun rəsmi iddialarında göstərilən və qurumun keçmiş sədri Vüqar Səfərlinin sədrliyi dövründə yol verilən həmin qanunsuzluar, ictimai təhlükəliliyinə görə, ağır cinayətlər kateqoriyasına daxildir və hamı yaxşı bilir ki, kimsə istəsə belə, Vüqar Səfərlini və onun cinayət ortaqlarını törətdikləri cinayətlərdən qoruya bilməyəcək. Burada hamının maraqla izlədiyi bircə məsələ olub ki, görək, istintaq müddətində Vüqar Səfərli burada törədilən bütün qanunsuzluqları yalnız öz boynuna götürəcək, yoxsa bunlara görə daha kimlərisə satacaq.
Cinayət işi açıldığı və araşdırmalar getdiyi belə bir vaxtda, Vüqar Səfərlinin və bir sıra jurnalistlərin, sayt rəhbərlərinin, eləcə də keçmiş əməkdaşlarının ifadələri əsasında Respublika Prokurorluğunda Əli Həsənov barəsində də, Azərbaycan Respublikası CM-nin 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi açıldığı haqqında, araz.az xəbər portalı olaraq,  məlumat əldə etdik. Bu barədə xəbəri, xaricdə yaşayan jurnalist həmkarımız Fikrət Hüseynli də öz "Facebook" səhifəsində paylaşıb. Onun bildirdiyinə görə, bu günlərdə respublika hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Həsənovun Türkiyədə müalicə olunduğu xəstəxana ilə əlaqə yaradıblar. Onlar tərəfindən onun səhhətinin təyyarəyə minməsinə imkan verib-vermədiyi öyrənilib. Bu zaman şəxsən Əli Həsənovun özünə də çatdırılıb ki, yaxın müddətdə geri dönməsə, Türkiyədən harasa qaçmağa cəhd göstərsə, bildiyi kompramatları kənara ötürməyə cəhd etsə haqqında beynəlxalq axtarış elan ediləcək. Və belə olan tərzdə, o, tezliklə qolu qandallı Azərbaycana gətiriləcək.
Bu yerdə onu deməyi vacib bilirik ki, onsuz da, Vüqar Səfərlinin və onunla bu qanunsuzluqları birgə həyata keçirənlərin istintaq müddətində bir-birlərinin üzünə duracaqlarını və bir-birlərini satacaqlarını jurnalistlər çoxdan xüsusi olaraq bəyan etmişdilər. Sanki Əli Həsənovun işdən çıxarılması da, bu deyilənlərə bir rəvac vermiş oldu. Elə, bu son xəbər də onu təsdiqləyir ki, istər jurnalistlərin binasında yol verilən məlum yeyinti faktlarının, istər jurnalistlər arasında aparılan ədalətsiz ev bölgüsünün, istərsə də qəzetlər vasitəsilə pulsilmə əməliyyatlarının hamısı, sonda, Əli Həsənovun üstünə yıxılacaq. 
Hələ ki, bu cinayət işi üzrə saxlanılan kimsə yoxdur. Amma alınan son məlumat da təsdiq edir ki, Baş Prokurorluqda aparılan bu cinayət işi, sonda, mütləq, həm Vüqar Səfərlinin, həm də Əli Həsənovun həbsləriylə nəticələnəcək.
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər