“Amnesty International” Ermənistanı cinayətkar SAYDI

gence terakti e1610617445699

“Amnesty International” təşkilatı Ermənistan qüvvələrinin zərbələri nəticəsində Azərbaycanın şəhər və kəndlərində 72 dinc sakinin öldürüldüyü 8 raket zərbəsini sənədləşdirib

araz.az   xəbər verir ki, “Amnesty International” insan haqları təşkilatı İkinci Qarabağ müharibəsində onlarla dinc sakinin ölümünü araşdırıb. Qurum bu haqda yanvarın 14-də hesabat yayıb.

Təşkilat araşdırmaçılarının Azərbaycan və Ermənistanda zərbə endirilmiş onlarla əraziyə baş çəkdiyini qeyd edir.

Qurum qeyd edir ki, müharibə zamanı dəfələrlə sıx yaşayış məskənlərinə atəş açılıb. Bununla da beynəlxalq humanitar hüquq pozulub, onlarla dinc sakin öldürülüb, yüzlərlə insan yaralanıb, evlər, vacib infrastruktur dağıdılıb.

“Dinc sakinlər öldürülüb, ailələr məhv edilib, saysız ev dağılıb, çünki münaqişə tərəfləri şəhərlərə qarşı qeyri-dəqiq silahlardan istifadə edib”, – “Amnesty International”ın Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters deyib.

Hesabatda bildirlib ki, oktyabrın 17-də Gəncədə yaşayış məntəqəsinə SCUD-B ballistik raketinin atılması nəticəsində 21 dinc sakin həlak olub, 50-dən çox sakin yaralanıb.

Oktyabrın 27-də Bərdənin Qarayusifli kəndinə kaset bombasının atılması nəticəsində beş nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Hesabatda həmçinin bildirilir ki, oktyabrın 28-də erməni qoşunları cəbhə xəttindən 20 kilometrdən çox məsafədə yerləşən Bərdə şəhərinə bir neçə irikalibrli raket atıb. Raketlərdən biri, içərisində 72 kasset bombası olan “Smerç” raketi insanların sıx olduğu əraziyə düşüb və nəticədə 21 nəfər həlak olub.

“Amnesty International” əlavə edib ki, sentyabrın 27-də Naftalan yaxınlığındakı Qaşaltı kəndinə artilleriya zərbəsi nəticəsində bir ailənin 5 üzvü həlak olub.

“Amnesty International” Azərbaycan və Ermənistan hakimiyyətini belə hücumları qərəzsiz araşdırmağa çağırıb.

Sentyabrın 27-də başlanan, noyabrın 10-da dayandırılan əməliyyatlar nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti özünə qaytarıb. Ancaq qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Sərhədlərin açılmasına, iqtisadi əlaqələrə Ermənistanla demarkasiya başa çatmadan yol vermək olmaz -- HÜQUQŞÜNAS RƏYİ

Screenshot 1 50görüş
 
"11 yanvar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündə imzalanmış Bəyannamə, sözsüz ki, əsasən, iqtisadi, humanitar və tranzit xarakterli məqsədləri ilə, siyasi nəticəyə hesablanmışdır. 
 
Bu, həm də Azərbaycanın tam nəzarətində olmayan  ərazilərimizin mərhələli şəkildə onun yurisdiksiyasına keçməsinin ilkin mərhələsidir. Təbii ki, açıq qalan suallar çoxdur, ancaq 11 yanvar Moskva Bəyannaməsinin icrası, həm də Ermənistan və Azərbaycan dövlət sərhədlərinin mümkün qədər tez zaman daxilində dəqiqləşdirilməsini olduqca vacib məsələ kimi müəyyən edir. 
 
Azərbaycan dövlətini və xalqını ilk növbədə narahat edən məsələ Ermənistanın mənimsədiyi və işğal etdiyi sərhəd boyu bəzi ərazilərimizin geri qaytarılmasıdır. Məlum Moskva razılaşması bu məsələnin tez bir zamanda həllini tələb edir.”
 
Bunu, araz.az-ın, gündəmdə olan 11 yanvar Moskva Bəyannaməsinə uyğun iqtisadi və kommunikasiya xətlərinin açılması ilə bağlı sorğularını cavablandırarkən, tanınmış hüquqşünas Vüqar Dadaşov deyib. 
 
Hüquqşünas rəy xarakterli münasibətində xüsusi olaraq onu vurğulayıb ki,
ilk növbədə, indiki şəraitdə Azərbaycan və Ermənistan dövlət sərhədlərinin dəqiqləşdirilməsi məsələsini delimitasiya yox, məhz demarkasiya (demarkasiya -- müvəqqəti sərhəd xətti -- red.) prosesi kimi həll etmək vacibdir: 
 
"Ona görə ki, Çar Rusiyası dövründə Cənubi Qafqazın inzibati xəritələri mövcuddur, hansılar ki, indiki real dövlət sərhədlərimizdən daha geniş əraziyə malik olduğumuzu göstərir və sübut edir. Bundan əlavə, SSRİ və indiki Rusiya Federasiyası arxivlərində 1922-ci ilə qədərki sərhəd xətlərini və eləcə də 1924, 1939-cu illərin sərhəd xətələrini müəyyənləşdirən xəritələr mövcuddur.        
 
Əsasən, onu da qeyd etmək istərdim ki, ümumiyyətlə, müvəqqəti sərhəd xətti -- demarkasiya hərbi termin kimi daha çox işlədilir. 1942-ci ildə ikinci dünya müharibəsi zamanında SSRİ İran, Türkiyə və Cənubi Qafqazın sərhədlərini dəqiqləşdirən xəritələr hazırlanmışdır. SSRİ daxilində həmin 1942-ci ilin inzibati sərhəd xətləri müəyyən edilərkən, bəzi Azərbaycan əraziləri Ermənistan və Gürcüstan  əraziləri kimi xəritədə göstərilmişdir. 
 
Hər bir halda, SSRİ dövründən qalan və indiki real vəziyyətə uyğun olaraq, həmin 1942-ci ilin xəritəsinə hüquqi baza kimi istinad Azərbaycan maraqlarına uyğundur. Həmin xəritədə ərazilərimiz daha geniş göstərilib və əsl həqiqətdə də, bu gün Azərbaycan Ermənistanla ilkin mərhələ olaraq, SSRİ dövrünün xəritələri ilə demarkasiya xətti müəyyən edir. Ermənistanla bütün sərhəd boyu  Azərbaycan anklavlarının Azərbaycana qaytarılmasından sonra, təbii ki, iki dövlət arasında delimitasiya prosesinə başlanıla bilər.
 
Delimitasiya -- qonşu ölkələr arasında dövlət sərhədlərinin razılaşdırılması və həmin razılaşmanın sazişlə təsdiqlənməsi və xəritələrdə göstərilməsidir. Bu isə o deməkdir ki, Ermənistan tam oraq, Azərbaycana qarşı ərazi iddialarından rəsmi qaydada tam imtina etməli, sərhədlərimizi  tanımalı və müvafiq saziş imzalamalıdır. 
 
11 yanvar Moskva Bəyannaməsindən irəli gələn məsələlərin həlli Azərbaycan Ermənistan sərhədlərinin SSRİ-nın 1942-ci il xəritəsinə uyğun olaraq, ilkin mərhələdə tam demarkasiyasından sonra həyata keçməsi Azərbaycan maraqlarına daha çox uyğundur. Azərbaycan Ermənistan arasında demarkasiya xətti müəyyən etmədən iqtisadi əlaqələrin yaradılması, sərhədlərin açılması, ümumən, iqtisadi maraqları önə çıxarmaqla, demarkasiya və yekun delimitasiya razılaşmasının süni uzadılmasına şərait və imkan  yaradar. 
 
Sərhəd məsələsinin tam həll edilməməsi, eyni zamanda da, Rusiyanın geosiyasi maraqlarına və eləcə də Ermənistanın dövlət işğalçılıq və mənimsəmə siyasətinə uyğun gəlir. Bu baxımdan, Azərbaycan  Ermənistan dövlət sərhədini SSRİ-nin 1942-ci xəritəsinə müvafiq olaraq, fiksasiya etdikdən sonra, iqtisadi əlaqələrin və sərhədlərin açılması milli və dövlət maraqlarımızın təmini deməkdir. 
 
Təbii ki, Ermənistanla Azərbaycanın dövlət sərhədinin demarkasiyası və sərhədlərimizin tam qapanması, Laçın dəhlizinə girişdə Azərbaycan sərhədçilərinin, digər müvafiq inzibati və güc orqanlarının yerləşdirilməsi növbəti addım kimi, siyasi hədəfimizə aparan əsas istiqamətdir.” 
WhatsApp Image 2021 01 11 at 22.41.43
 
araz.az xəbər portalı.

GÜNÜMÜZÜN BƏLASI: QADINA ŞİDDƏT

WhatsApp Image 2021 01 11 at 23.45.15 1

Təhsil Araşdırmalar Mərkəzi”nin bu dəfə əldə etdiyi operativ çəkiliş, qadına zorakılıq edən tipik kişi obrazı barədədir. Öncə videonu təqdim edirik:

https://www.youtube.com/watch?v=xcoc7xQyX1E

Cəmiyyətdə son zamanlar geniş yayılmış zorakılıq tendensiyasının əsas fazalarından biri, məhz, qadınlara qarşı zorakılıqdır. Bəzi kişilərdə: “Kişi qadından üstündür”, -- deyə, bir önyarğı mövcud olduğu üçün, onlar ən xırda bir anlaşılmazlıq zamanı zorakılığa və şiddətə əl atmağa meylli olurlar. Bəzən də, bunu, “yaxşı at özünə qamçı vurdurmaz” absurdizmi ilə “arqumentləşdirirlər”. 
 
Bəli, təəssüf ki, toplumumuzda “stress çıxarmağın”, uğursuzluğu “kompensasiya etməyin” ən “asan”“ən təhlükəsiz” iki üsulundan biri uşaqlara şiddətdirsə, digəri də qadınlara şiddətdir. Çöldə xırda bir məmura belə, öz etirazını bildirə bilməyən “kişi” evə gələndə isə, həqiqi mənada “başbəlasına” çevrilir.
Ümumiyyətlə, qadına şiddətin bir çox səbəbləri var. Ekspertlərin ortaq qənaətinə görə, əsas səbəblər sosial mühit, savadsızlıq, yanlış tərbiyə, psixoloji problemlər və pis xarakterdir.
 
Unutmamalıyıq ki, təhsili zəif olan mühit, mənəvi və elmi meyarları yetərsiz olduğu mühit deməkdir. Bu da, fərdlərin içindəki ülvi və ali dəyərlərin deyil, instinktiv-ibtidai xislətlərin ön plana çıxdığı bir şərait deməkdir. Bu cür şəraitdə qadına şiddət də, uşağa şiddət də, ümumiyyətlə, şiddət və onu məqbul görmə meyli də, mütləq, qabarıq olmalıdır.
 
Həmçinin, cəmiyyətdə qadın barədə aşağı və ucuz anlayışlar mövcuddur və qadın, sadəcə, “ailə qurmaq” üçün “material” hesab olunur, “yarımçıq insan” statustunda görülür. Bu cür anlayışla böyüyən bir kişi, əgər, həm də savadsız və ya psixoloji cəhətdən problemlidirsə, onun qadına qarşı nəinki hörmətsizlik, hətta fiziki zorakılıq etməsi adi, bəzən labüd haldır.
 
Psixoloji problemlər isə, mütləq həll olunması gərəkən məsələdir. Bunun üçün isə, psixoloqlara, psixoterapevtlərə, nevroloqlara müraciət etmək lazımdır. Onu da unutmamalıyıq ki, iş bəzən nəsihətdən, məsləhətdən də keçir, düzəlmək üçünsə, dərman içmək yeganə çarə olur.
 
Qadına qarşı şiddət ictimai bir bəla olduğu kimi, onu aradan qaldırmaq da, yalnız, ictimai mübarizə və kültəvi səylərlə mümkündür. Gəlin, birlikdə, pis mühiti, yanlış çevrəni dəyişək! Amma, dəyişikliyə, ən birinci özümüzdən başlayaq -- Pis xarakteri və pis psixologiyanı həmişəlik dəyişək!
 
Gələcəyə Ümidlə!
“Təhsil Araşdırmalar Mərkəzi”.

Vüqar DADAŞOV: "Bu Bəyanat idarəçiliyin Azərbaycana ötürülməsinin ilkin mərhələsi sayıla bilər" -- AÇIQLAMA

WhatsApp Image 2021 01 11 at 22.41.43
 
“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 11 yanvar Moskva görüşü başa çatıb. İlkin məlumata görə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağın inkişafı ilə bağlı ortaq Bəyanat imzalayıblar. 
 
Elan edilən Bəyanatın mahiyyətindən görünür ki, danışıqlarda əsasən humanitar məsələlər müzakirə edilib. Ancaq bu həmin görüşün tam olan təfərrüatı deyil. Çünki humanitar məsələnin bu qədər uzun müddətdə müzakirəsinə ehtiyac yox idi. 
 
Əvvəla, humanitar məsələlərdə razılaşma, mahiyyəti etibarı ilə, 10.11.2020-ci il tarixli Bəyanatda öz əksini tapmışdı və bu məsələ ilə bağlı, tərəflər arasında o qədər böyük fikir ayrılıqları yox idi". 
 
Bu sözləri  hüquqşünas Vüqar Dadaşov başa çatmış Moskva görüşünün yekunu barədə fikirlərini bölüşərkən deyib. araz.az-a da daxil olan həmin açıqlamasında hüquqşünas qeyd edib ki,
 
 11 yanvar Moskva Bəyanatı, öz mahiyyəti etibarı ilə və humanitar məsələlərin həlli baxımından 10 noyabr Bəyanatının davamı kimidir: 
bandicam 2021 01 11 23 16 01 048
"Deməli, səsləndirilməsi hələ məqbul sayılmayan danışıqlar keçirilib. Həmin danışıqların mahiyyətinin və nəticəsinin tam elan edilməməsi, həm də Paşinyan hakimiyyətinin qorunması məqsədini güdə bilər. 
 
Hansı ki, həm Azərbaycan, həm də Rusiya əldə edilmiş üçtərəfli hər bir razılaşmanın Paşinyan hakimiyyətinin öhdəlikləri kimi icrasında maraqlıdırlar. Sözsüz ki, Rusiya hökuməti Qarabağ məsələsinin tam həllində maraqlı deyil, ancaq Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. 
 
Əlbəttə, Putin də bu marağı müdafiə etməlidir. Bir sözlə, Paşinyanın hakimiyyətdə qalmasında Putinin rəhbəri olduğu Rusiya dövlətinin öz maraqları var. 
Bir də, Putinə o da məlumdur ki, Paşinyandan sonra Ermənistanda Rusiya meylli liderlərin hakimiyyətə gəlməsi olduqca çətin məsələdir. Ancaq, daha radikal Qərb yönümlü siyasətçilərin hakimiyyətə gəlməsi ehtimalı olduqca yüksəkdir".
 
Hüquqşünas bu açıqlamasında daha sonra qeyd edib: "Yeri gəlmişkən, Paşinyana qarşı ölkəsində keçirilən mitinqlərin təsirsiz olmasının və əhali tərəfindən çox az dəstəklənməsinin səbəbi, Ermənistanın Rusiya təsirində saxlanmasını istəməyənlərin çoxluq təşkil etməsidir. 
 
Bu günün Bəyanatından da aydın görünür ki, Rusiyanın, Fransanın və Ermənistanın ən çox marağında olan Qarabağın status məsələsi müzakirə mövzusu olmayıb, lakin onun inkişafı ilə bağlı birgə İşçi Qrupunun yaradılması məsələsinin müzakirəsi isə, birbaşa, Azərbaycanın inzibati orqanlarının ərazidə fəaliyyətinin bərpası deməkdir. Bu rəsmi qrupun yaradılması, həm də Azərbaycanın hələ nəzarətində olmayan yaşayış məntəqələrində dövlət idarəçiliyinin bizim ölkəyə ötürülməsinin ilkin mərhələsi sayıla bilər".
 
Hüquqşünas Vüqar Dadaşov açıqlamasının sonunda xüsusi olaraq onu vurğulayıb ki, bu görüşün təşkili zamanı Rusiya rəsmilərinin, eləcə də Putinin Paşinyana qarşı siyasi və diplomatik mədəniyyət baxımından məqbul sayılmayan publik davranışları onu deməyə əsas verirdi ki, erməni Baş nazir bu danışıqlarda ümumən dinləyici qismində, yəni, faktiki olaraq, məğlub ölkə parametrlərinə uyğun nümayəndə olaraq iştirak edib: 
 
"Əminliklə demək olar ki, Qarabağ məsələsində, Azərbaycan, məhz Rusiya ilə danışıqlar aparır. Bu görüş öncəsi açıqlamamda da qeyd etdiyim kimi, Rusiyanın Azərbaycana təsir və təzyiq imkanları zərərsizləşdirilib və bu baxımdan, Rusiya danışıqlarda Azərbaycan mövqeyindən çıxış etməklə, bölgədə mövcudluğunu təmin etmək istəyir. 
 
Bəyanatdan göründüyü kimi, Azərbaycan öz siyasi hədəflərinə yaxınlaşmaqda davam edib və sözsüz ki, üçtərəfli 11 yanvar Moskva görüşü Azərbaycanın siyasi və diplomatık uğuru, Vətən Müharibəsində qələbəmizin rəsmiləşməsi üçün bir mərhələdir.”
 
araz.az xəbər portalı.

«Xalq Sığorta»nın Göyçay filialı Ucar polisi ilə əlbir olub, vətəndaşı incidir -- PREZİDENTƏ MÜRACİƏT

WhatsApp Image 2020 12 30 at 23.32.49«Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialının işçiləri, Ucar rayonunun Qarabörk kəndində yaşayan Şəmsəddin İslam oğlu Umarova sığorta pulunu ödəmək əvəzinə, Ucar Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları ilə əlbir olaraq, onu incitməkdən çəkinmirlər. Bu barədə, Şəmsəddin Umarov mətbuat vasitəsilə ölkə başçısına ünvanladığı şikayət xarakterli müraciətində daha ətraflı yazıb. Şikayətçinin araz.az xəbər portalına da ünvanladığı həmin şikayət məktubundakı diqqətçəkən bəzi epizodları olduğu kimi təqdim edirik:
"... Məcburiyyətdən, Ucar Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları ilə əlbir olub, məni get-gələ salan «Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialının işçilərindən şikayətimi, elə, mətbuat vasitəsi ilə də, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına çatdırmaq qərarına gəldim. Bildirmək istəyirəm ki, bu ilin dekabr ayının 15-də Daşkəsən rayonunun Tapan kənd sakini Tofiq Musa oğlu Hüseynov idarə etdiyi 90 TS 464 dövlət qeydiyyat nişanlı "Ford -- Tranzit" yük maşını ilə, Ucar -- Zərdab magistral yolunda hərəkətdə olan zaman, Qarabörk kəndi ərazisində mənə məxsus 4 baş qoyunu maşınla vuraraq, öldürüb... 
...Onu da qeyd edim ki, iki tərəfli yaşayış məntəqəsinin və yolda hərəkət surətinin 60 km olması ilə əlaqədar, həmin yolun kənarında işarələr də qoyulub. Buna baxmayaraq, Tofiq Hüseynov idarə etdiyi maşınla surət həddini aşıb. Elə, bu səbəbdən, əyləc versə də, maşınını idarə edə bilməyib. Nəticədə, mənim qoyunlarımı vuraraq, öldürüb...
...Qəzanın baş verdiyi yerdə maşın əyləcinin izi təxminən 50 metrə bərabər olub. Bu da onu göstərir ki, həmin vaxt Tofiq Hüseynovun idarə etdiyi maşının surəti saatda 120 km-dən yuxarı imiş. Buna baxmayaraq, Tofiq Hüseynov mənə belə deyir: "Artıq, Ucar Rayon Yol Polisi Şöbəsinin əməkdaşlarına pulumu vermişəm. Bunun müqabilində, onlar mənə hər şeydə kömək olacaqlarını deyiblər. Yaxşı olar ki, sən, gedib, pulunu sığorta şirkətindən al. Artıq, bu, mənlik deyil!"...
... Bütün bunlar barədə, Ucar Rayon Yol Polisi Şöbəsinin rəisi Müşviq müəllimə də demişəm. Ona, hətta, qəza hadisəsi nəticəsində, ailəmin dolanışığına böyük kömək olan qoyunlarımın tələf olduğunu da çatdırmışam və bildirmişəm ki, bundan sonra, çətin bir durumla üz-üzə qala bilərik. Xüsusi olaraq onu da vurğulamışam ki, hadisənin baş verməsinə əsas səbəb, Tofiq Hüseynovun maşınını yüksək surətlə idarə etməsi idi. Rəissə mənə belə deyir: "Mən sənə qoyun alıb verənəm?!". Hətta, bu barədə, zəng vurub, Daxili İşlər Nazirliyinin "102" çağrı mərkəzinə də xəbər çatdırmışam. Nə olsun, bunun da bir xeyrini görmürəm...
...«Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialında isə, mənə dəymiş ziyanı ödəmək istəmirlər. Səbəb də belə olur: «Rayon Yol Polis Şöbəsi arayışı vermir. Get, özün şöbə ilə danış, dil tap, bacarırsansa, arayışı alıb, gətir». Axı, bu belə olmamalıdır; Mövcud Qanunvericiliyin tələbələrinə əsasən, «Xalq Sığorta» Sığorta Agentliyinin Göyçay filialı bu arayışı almaq üçün, Ucar Rayon Yol Polisi Şöbəsinə dərhal sorğu göndərməli idi. Həmin sorğu Polis Şöbəsinə daxil olduğu tarixdən etibarən, 10 gün müddətinə də bu arayış Sığorta Agentliyinə təqdim edilməliydi. Bu arayış alındığı tarixdən isə, sığortaçı yeddi iş günündən gec olmayaraq, sığorta ödənişini verməli, ya da bu ödənişin verilməsindən imtina haqında yazılı şəkildə, özü də, əsaslandırılmış formada bildiriş verməliydi. Təssüf ki, «Xalq Sığorta»nın rayon filialı öz öhdəliyini yerinə yetirməmək üçün, qanunamüvafiq hərəkət etməkdən boyun qaçırır. Polislə əlbir işləyən filial əməkdaşları özlərinə sərf edən tərzdə, özlərinin yaratdığı qaydalarla hərəkət etməkdən belə çəkinmirlər...
...Məhz bu problem və çətinliklərə görə də, mətbuat vasitəsi ilə, ölkə Prezidenti İlham Əliyev cənablarına müraciət edib, ondan xahiş edirəm ki, şikayətimin araşdırılması, təqsiri olan məsul şəxslərin cəzalandırılması üçün, aidiyyatı qurumlara ciddi tapşırıqlarını versin!.."
 
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

7 -dən səhifə 40

Əlaqəli xəbərlər