İlham Rəsulov: “Kimin ürəyi yanırsa, gəlsin həmin şəxsin özü də düzəltsin”-FOTO/ VİDEO

1656055826 bez nazvaniyaYəqin ki, hər kəs o haqda məlumata malikdir ki, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları çərçivəsində yerli özünüidarəetməni həyata keçirən qeyri-dövlət qurumudur.

Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi, seçkili bələdiyyə orqanları mövcuddur və bələdiyyələr qəbul olunmuş Qanun çərçivəsində səlahiyyətlərinə aid edilmiş bir çox yerli əhəmiyyətli sosial məsələləri müstəqil surətdə həll edirlər. Hər bir bələdiyyənin fəaliyyəti bərabərlik prinsipi əsasında qurulur və onlar bu yöndə də fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmiş və həmin vaxtlarda Respublikamızda 2700 bələdiyyə yaradılmışdır. Bir qədər vaxt keçdikdən sonra isə, kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi nəticəsində, ümumi bələdiyyələrin sayı 1771-ə çatdı. O da hər kəsə bəllidir ki, bələdiyyələrə seçkilər vətəndaşların qanunla müəyyənləşdirilmiş seçki hüquqları təmin olunmaqla ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi, gizli səsvermə yolu ilə həyata keçirilir. Ölkəmizdə bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir.

İlham Rəsulov: “Kimin ürəyi yanırsa, gəlsin həmin şəxsin özü də düzəltsin”-FOTO/ VİDEO



Fakt budur ki, vətəndaş cəmiyyətinin əsas atributlarından biri hesab olunan yerli özünüidarə orqanlarını ilk vaxtlardan elə təşkil etmək tələb olundu ki, hər kəs öz fəaliyyətində bu qurumun varlığını və zəruriliyini hiss edə bilsin. Bu gün bələdiyyələrin bir çoxu istər dünya, istərsə də yerli təcrübədən yararlanaraq, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qururlar ki, onlar seçici etimadını doğrulda bilsinlər. Belə bələdiyyələrdən fərqli olaraq, Abşeron rayonu, Xırdalan bələdiyyəsinin fəaliyyəti və bu bələdiyyədə təmsil olunan bəzi rəhbər şəxslərin məsələlərə münasibəti və s. hər kəsi düşündürməyə bilməz.

araz.az bildirir ki,  təqribən üç-dörd gün bundan öncə Qerar.az-ın redaksiyasına bu bələdiyyənin həyətində olan, hansı ki, bələdiyyə əməkdaşlarının istifadə etdikləri ayaqyolunun durumu ilə bağlı təqdim olunan video-çəkilişə diqqət yetirdikdə, sanki şoka deyil, birbaşa “şökə” düşməli olduq. O halda belə qənaətə gəlmək olar ki, adicə bu bələdiyyənin həyətində yerləşən və bələdiyyə əməkdaşlarının ümumi istifadəsində olan ayaqyolunu qaydaya salmağı bacarmayan rəhbərlik, şəhər ərazisindəki sosial problemləri necə həll edə bilərlər? Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, belə bir xoşagəlməz durumla bağlı 21 iyunda, səhər saatlarında Xırdalan bələdiyyəsi ilə əlaqə saxladıqda, bu bələdiyyədə sədr müavini vəzifəsini daşıyan cənab Rəsulov İlham İdris oğlu “Kimin ürəyi yanırsa, gəlsin həmin şəxsin özü də düzəltsin” deyib, məsələyə qısa və lakonik formada cavab verməklə işini bitmiş hesab etdi. O halda sual oluna bilər ki, görəsən Xırdalan bələdiyyəsi əməkdaşlarının ümumi istifadəsində olan ayaqyolunu kimsə qaydaya salmalıdır, yoxsa bu məsələ bələdiyyənin gəlirləri hesabına öz həllini tapmalıdır? Əslinə baxsan, bələdiyyədə sədr müavini vəzifəsini daşıyan cənab İlham Rəsulovun verdiyi “ərköyün cavab” birbaşa məsuliyyətsizlikdir, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi haqqında Əsasnamənin tələblərinə “tüpürmək” deməkdir. Düşünürük ki, vəzifə sahibi olan bu şəxsin verdiyi “ərköyün cavab” Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi rəhbərliyinin, Abşeron RİH başçısının, hətta geniş ictimaiyyətin də diqqətini cəlb edəcək.

Mövzuya qayıdacağıq.
araz.az xəbər portalı.

Əlaqəli xəbərlər