“Məmməd Araz bahalı kürkünü çıxarıb səngərdə postda duran əsgərə hədiyyə etdi...”

296567Əməkdar artist, məşhur qiraət ustası Ağalar Bayramov bir neçə gündür ki, cəbhə bölgəsinə səfər edib. O, əsgərlərlə keçirdiyi görüşdən çox xoş təəssüratlarla qayıdıb. 
A.Bayramov Moderator.az-a açıqlamasında daim cəbhə bölgəsində əsgərlərlə görüşlər keçirdiyini bildirib:
“Mən 1992-ci ildən bəri zaman-zaman cəbhə bölgələrində olmuşam. General Yaşar Aydəmirov dostumdur, o, Beyləqanda korpus komandiri olanda dəfələrlə orda çıxışlar etmişəm. Y.Aydəmirov deyirdi ki, “Ağalar müəllim, siz çıxış edəndə əsgərlərin əllərinə baxın. Bu dəqiqə Ali Baş Komandan əmr versə, onlar İrəvana qədər gedərlər. Onlar ölümdən qorxmurlar. Siz onlara görün nə boyda ruh verirsiniz. Bizə lazım deyil bura dodağı, yanağı boyalı müğənniləri göndərsinlər. Bura siz, səsinizin ahəngi, gücü lazımdır”. Bir həftə bundan öncə Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinin rəisi, mayor İlkin Qayıbov mənə zəng vurub dedi ki, “Cəbhə bölgəsinə gedəcəyik və siz bizimlə gedərsinizmi?”. Dedim ki, əlbəttə, gedərəm. İ.Qayıbov dedi ki, “Müdafiə Nazirliyi tapşırıq verib ki, şəxsən Ağalar müəllimi aparın”. Mən də onlarla cəbhəyə getdim. Dünən yenə cəbhə bölgəsində əsgərlərin görüşündə oldum. Bir həftə ərzində üç gün cəbhə bölgəsində oldum. O əsgərlərin içində coşqunu, hissiyatı kaş ki, görəydiniz. Bilmirdilər nə etsinlər. Ölkə başçısının da xüsusi tapşırığı var ki, orduyla ideoloji iş aparılsın. Orduda silah ola bilər, amma ruh yoxdursa, döyüş heç zaman baş tuta bilməz. Mən əsgərlərdə o döyüş ruhunu qaldırıram. Özüm bu dəqiqə səngərdəyəm. Məmməd Arazın bu şeirini həmişə misal gətirirəm:
“Bu mənim vəzifəm sözü kürsüdə,
bu sənin vəzifən gözü üfüqdə.
bu mənim vəzifəm əli qələmdə,
bu sənin vəzifən əli tətikdə.
sənə inanıram qaraşın oğlan,
sənə inanıram vətən əsgəri”. 
Müxtəlif səpkili poetik nümunələr və misallar gətirəndə o əsgərlərin gözünə baxanda bilmirlər ki, neyləsinlər. Mənimlə şəkil çəkdirəndə qulağıma pıçıldayıb deyirlər ki, “Ağalar müəllim, komandanlıq bu dəqiqə əmr versin, hara desə, gedərik”. Sözümün bir ali mübtədası da ondan ibarətdir ki, övladı analar doğacaq, amma vətən, torpaq doğulmur. Təki ata-analarımızı Allah var eləsin. Çanaqqala döyüşündə bir ana öz övladını döyüşə göndərəndə alnına xına çəkib deyir ki, “səni vətənə qurban demişəm”. Mənim işimin qayəsi bundan ibarətdir, amma neyləyək ki, pay paylananda Ağalar yaddan çıxır.  Amma vətənin dərdləri yada düşəndə Ağalar həmişə öndə olub və bundan sonra da öndə olacaq. Mən bundan həmişə qürur duymuşam. 
2001-ci ildə Məmməd Arazın təkidi ilə Abdulla Qurbaniylə birlikdə Beyləqana getdik. Orda M.Araz dedi ki, mən səngərə getməliyəm. İki yüz metr ermənilərlə məsafəmiz var idi. Y.Aydəmirov işıqları söndürdü və biz səngərə getdik. Ay işığında çıxışlar etdim. M.Araz ona Dağıstanda bağışlanılan kürkünü gətirmişdi ki, soyuqda postda duran əsgərə versin. Orda onu elə əsgərlərə hədiyyə etdi. Yəni mənim belə keşməkeşli günlərim olub. İndi də elə arzulayıram ki, bu qələbə xəbərini mən verim. Günü bu gün iki balamın canına and olsun döyüşə atılmağa hazıram. Hər dəfə cəbhəyə gedib-gələndə özümə qərar tuta bilmirəm”. 
A.Bayramov əsgərlərimiz üçün yaradılan yüksək şəraitdən də danışıb və buna sevindiyini bildirib:
“İnanın ki, cəbhə bölgəsində əsgərlərimizə çox yaxşı şərait yaradılıb. Onların yataq yeri, yeməkləri elədir ki, heç evdə elə şərait yoxdur. Hər şey çox gözəldir. Yəni 1992-ci illə müqayisədə fərq təpəylə-dağ qədərdir. Əsgərlərin yataq yerləri elə səliqəlidir ki, adam heyran olur. Bu, Azərbaycan Ordusunun günü-gündən güclənməsi, döyüşə tam hazır olması deməkdir. Mən Ağalar Bayramov da Allahın verdiyi səslə onları ancaq döyüşə səsləməyə hazıram. Bu mənim vəzifəmdir, vətəndaşlıq borcumdur və bununla qürur duyuram. Bu günlərdə yenidən cəbhə bölgəsinə yola düşəcəyik. Qoy dostlar sevinsinlər ki, mənə bildirdilər ki, nazirlikdə planlaşdırırıq ki, Həzi Aslanov adına Ordu İdeoloji Mədəniyyət Mərkəzinə sizi işə götürək. Məni ora dəvət ediblər. Deməli yuxarılarda, ordu rəhbərliyində Ağalar Bayramovun səsinin heyranları var, onlar səsimin təsir gücümü bildikləri üçün məni seçiblər. Mən də həmişə müsəlləh əsgər kimi hazıram. Mənə verilən hərbi formanı geyinəndə qəribə hisslər keçirirəm, gözlərim dolur, qürur duyuram”.
Vasif Əlihüseyn
 
117388065 408029030162821 1036653857300770128 n
 
 
117445499 390416145262059 3231269779190370525 n
 
 
 

Əlaqəli xəbərlər