28 May- Müstəqillik Günü şanlı tariximizin silinməz səhifəsidir

1653649006 whatsapp image 2022 05 27 at 14.54.48Hər kəsə məlumdur ki, Azərbaycan xalqı əsrlər boyu azad istəyi ilə yaşamış və milli istiqlalına qovuşmaq yolunda mübarizələr də aparmışdır. Belə ki, XX əsrin əvvəllərində yaranmış tarixi-siyasi şəraitə uyğun olaraq Azərbaycanda milli-azadlıq hərəkatı güclənir və həmin tarixi dönəmdə demokratik ruhlu qüvvələr, bir çox mütəfəkkirlər, siyasi xadimlər və s. ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşulurlar. Nəhayət, Çar Rusiyasının süquta uğraması səbəbindən, müstəqil dövlət yaratmaq üçün əlverişli tarixi şərait yaranır və 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası (ADR) elan olunur. Qeyd edək ki, həmin gün xalqımızın tarixində olduqca əlamətdar bir gün olur. Yəni, ötən əsr tariximizin bu günü Azərbaycan Demokratik Respublikasının yarandığı, xalqımızın misli-bərabəri olmayan fəlakətlərdən qurtulduğu, Şərq aləmində ilk demokratik dövlətin əsasının qoyulduğu tarixi bir gün olur. Onu da qeyd etmək yerinə düşər ki, ilk demokratik Cümhuriyyətin Azərbaycan torpağında yaranmasına əsas səbəb, xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları, milli özünüdərk hissi ilə yaşaması olur. Məhz, həmin ilərdə qabaqcıl tarixi şəxsiyyətlər, tanınmış simalar, mütəfəkkirlər, ziyalılar və s. xalq arasında milli-azadlıq, müstəqillik duyğularını təbliğ edirlər, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yayırlar. Bu yöndə atılan addımların nəticəsi olaraq, Cümhuriyyətin qurulması üçün lazımi əsaslar yaranır. Qeyd edək ki, müstəqil, azad, demokratik respublika qurmaq istəyini qarşısına əsas məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti, cəmi 23 ay ərzində fəaliyyət göstərir ki, həmin aylar ərzində xalqın milli mənlik şüuru özünə qaytarılır, öz müqəddəratını təyin etməyə qadir olduğu əyani şəkildə nümayiş etdirilir. Unutmaq olmaz ki, gərgin və mürəkkəb tarixi-siyasi şəraitdə fəaliyyət göstərmiş Cümhuriyyətin qurucuları 23 ay ərzində demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair kimi sahələrdə çox böyük işlər görürlər və atdıqları addımları ilə xalqımızın tarixində silinməz izlər də buraxırlar.

Qeyd edək ki, bu gün bizi həmin vaxtdan 104 illik tarixi biz zaman ayırsa da, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun şanlı tariximizdə oynadığı rola, cümhuriyyət liderlərinin xalqımızın və dövlətimizin qarşısında göstərdikləri xidmətlərinə hər zaman yüksək qiymət verilmişdir. Qədirbilən xalqımız bu gün də Cümhuriyyətin qurucularını böyük ehtiramla yad edirlər, onları heç zaman unutmurlar. Baxmayaraq ki, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti qırmızı bolşevik istilası nəticəsində süqut etdi, amma onun aşılamış olduğu müstəqillik ideyaları xalqımızın yaddaşına birdəfəlik həkk olundu və heç zaman unudulmadı. 1991-ci ildə xalqımız ikinci dəfə özünün müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını yaşatmaq və bu tarixi varislik üzərində yeni müstəqil, suveren Azərbaycan dövləti qurmaq bir daha bizlərə nəsib oldu. Unutmayaq ki, cəmi 23 ay ərzində fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün səhifəsi hər bir azərbaycanlı üçün əzizdir, yaddaqalandır və bu tarixi dönəmdə qürur hissi ilə sevindiyimiz çox mühüm hadisələr baş vermişdir ki, onlardan biri, bəlkə də birincisi 14 yanvar 1920-ci ildə Cümhuriyyətin Paris Sülh Konfransında müstəqil dövlət kimi tanınması olmuşdur. Bundan əlavə, milliyətindən, cinsindən asılı olmayaraq hər kəsə bərabər hüquqların verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması yöndə də ciddi addımlar atılır ki, bütün bunlar Azərbaycanın gələcək müstəqilliyi üçün lazımi əsaslar yaradır. Cümhuriyyətin varlığı dövründə ümummilli faciələrə yol açan qanlı səhifələr də olmuşdur. Belə ki, mənfur qonşumuzun başbilənləri və onlara havadarlıq edənlərin quldur dəstələri, Cümhuriyyətinin 23 aylıq varlığı dövründə İrəvanda, Naxçıvanda, Qarabağda, Şamaxıda, Qubada və s. kimi ərazilərdə dinc əhaliyə amansız divan tuturlar, hər cür iyrənc vasitələrə əl atırlar.

Ümumi şəkildə götürdükdə XX əsr tariximizi bir neçə mərhələyə bölə bilərik. Yəni, Demokratik Cümhuriyyətin qurulması üçün əsrin əvvəllərində yaranmış tarixi şərait birinci mərhələni təşkil edir ki, bu mərhələdə Azərbaycan mədəniyyətində, təhsilində, milli mətbuatında və digər sahələrində olduqca mühüm nailiyyətlər əldə olunur. İkinci mərhələdə Çar Rusiyasının süquta uğraması səbəbindən, ilk dəfə dövlət müstəqilliyinin əldə olunduğu dövr olur ki, bu tarixi mərhələdə Azərbayan Xalq Cümhuriyyəti 23 ay ərzində atdığı addımları ilə dövlətçilik atributlarını, yəni parlamenti, hökuməti, ordusunu formalaşdırır, pul vahidini dövriyyəyə buraxır və müstəqil, suveren bir dövlətə çevrilir. Üçüncü mərhələ 1920-ci ilin aprelindən 1991-ci ilədək olan dövrü əhatə edir ki, bu mərhələdə SSRİ-nin yaranması səbəbindən Demokratik Cumhuriyyətin varlığına son qoyulur. XX əsrin sonlarında isə Azərbaycan tarixinin dördüncü mərhələsi başlayır ki, biz həmin tarixi vaxtdan müstəqil dövlət olaraq gələcək taleyimizi özümüz müəyyən etməyə başladıq. Artıq bu gün xalqımız öz taleyinin, öz torpaqlarının, öz ölkəsinin sahibidir. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan mərhum prezidentimiz Heydər Əliyevin gərgin əməyi, dərin zəkası sayəsində müstəqil Azərbaycan Respublikası öz varlığını qoruyub saxlaya bildi. Azərbaycanın müstəqilliyi dönməz və əbədi oldu. Bu gün əlçatmaz, ünyetməz xidmətlərinin qarşılığında Azərbaycan xalqı Ulu Öndərə borcludur. Ona görə də biz onu Ümummilli Lider adlandırırıq. Bir sözlə, Heydər Əliyev XX əsrin Azərbaycan xalqına bəxş etdiyi tarixi şəxsiyyət idi. Faktdır ki, Ulu Öndərin dühası o qədər əhatəli, o qədər çoxşaxəli idi ki, onu on milyonluq azərbaycanlıların taleyi deyil, məhz bütün dünyaya səpələnmiş azərbaycanlıların taleyi narahat edirdi. Heydər Əliyev Bakıda Dünya Azərbaycalılarının Birinci Həmrəyliyi Forumu keçirilən zaman etdiyi dərin məzmunlu nitqində vurğulamışdı ki, “Bu gün mən ona görə xoşbəxtəm ki, dünyanın hər güşəsindən gəlmiş soydaşlarımızla birgəyəm. Onları bir araya gətirmək mənə qismət olmuşdur. Mən bundan böyük xoşbəxtlik görmürəm!” O, son dərəcə diqqətli olması ilə də müdrik şəxs olduğunu hər zaman sübuta yetirirdi. Yəni, Heydər Əliyev elə bir istedada, elə bir qabiliyyətə malik tarixi şəxsiyyət idi ki, o, hər zaman böyüklə də, uşaqla da, ziyalı ilə də öz dilində danışmağı bacarırdı. Tarix sübut etdi ki, Heydər Əliyev əməli addımları ilə, məhz hər kəsin sabaha olan inamını özünə qaytarmağı bacardı. Onu da bildirək ki, 1991-ci ildə xalqımız ikinci dəfə müstəqil yaşamaq hüququnu əldə etdikdən sonra, Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını ortaya qoydu və Xalq Cümhuriyyətinin siyasi, mənəvi varisi olmaqla, məhz onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını bütün dünyaya yaydığı 28 May gününü, məhz həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd etməkdədir.

Bəli, bu gün ölkəmizin sükanı etibarlı əllərdədir. Çünki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları elə bir siyasi məktəbin yetirməsidir ki, onun idarə etdiyi ölkənin həyatında hansısa formada boşluq ola bilməz. Buna əsas səbəb, möhtərəm Prezidentin siyasi arenasının güclü olmasıdır. Ona görə də xalq Heydər Əliyev kursunun davam etdirilməsini hər zaman dəstəkləmiş və bu gün də dəstəkləməkdədir. Hal-hazırda hər kəs ölkəmizin ümumi inkişafından razı olduğunu dilə gətirir. Bugünkü reallıqlar isə onu söyləməyə əsas verir ki, tezliklə Azərbaycan Respublikası dünyanın daha inkişaf etmiş dövlətləri ilə bir sırada duracaq. Bəli, biz bu gün ümummilli lider Heydər Əliyev siyasi kursunu davam etdirən Prezident İlham Əliyevlə birlikdəyik və Ulu Öndərin arzularının həyata keçirilməsinə daim öz dəstəyimizi ifadə edirik. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün ərzində davam edən Vətən müharibəsində parlaq qələbələr əldə etməyimiz, yaxın tariximizin şanlı səhifəsi oldu. Ulu Öndərin də ən böyük arzusu itirilmiş torpaqlarımızı yağı düşmən tapdağından azad etmək idi. Bəli, biz buna möhtərəm Prezidentimizin qətiyyəti, Azərbaycan Ordusunun yenilməzliyi, xalq-iqtidar birliyi sayəsində nail olduq. Çox şükürlər olsun ki, artıq Azərbaycan xalqı “məğlub xalq” adını üzərindən götürüb və bu gün biz başımızı dik tuturuq, alnı açıq gəzirik.

Onu da qeyd edək ki, hal-hazırda Ermənistan ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətləri tənzimləyəcək sülh müqaviləsinə dair ciddi müzakirələr davam etdirilməkdədir. Belə bir səbəbdəndir ki, bu ilin 22 mayında Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçüncü görüşü baş tutmuşdur. Baş tutan bu görüş zamanı Cənubi Qafqazda vəziyyət, hər iki ölkənin Avropa İttifaqı ilə münasibətlərinin inkişafı, humanitar məsələlər, minaların təmizlənməsi, əsirlərin azad edilməsi və s. kimi məsələlərlə bağlı ətraflı müzakirələr həyata keçirilmişdir. İnanırıq ki, bu yöndə aparılan müzakirələr zamanı İlham Əliyev şəxsiyyəti, müdrikliyi, qətiyyəti bir daha özünü göstərəcək. Çünki o, ulu öndər Heydər Əliyev siyasi məktəbinin yetirməsidir. Sevindirici haldır ki, əgər Cumhuriyyətin yarandığı gün 1990-cı ildən Respublika Günü olaraq qeyd olunurdusa, 15 oktyabr 2021-ci il tarixdə isə Respublika Gününün adı dəyişdirildi və həmin gün Müstəqillik Günü olaraq təsdiq olundu. Bəli, hal-hazırda hər kəs bugünün sevincini qürur hissi ilə qeyd edir və qalib Azərbaycan dövlətində yaşaması ilə, bu dövlətin vətəndaşı olması ilə fəxr edir. Çünki, bu gün Azərbaycan elə bir dövlətdir ki, onun müstəqilliyi əbədidir, dönməzdir!

Aqil MƏMMƏDOV,
Millət vəkili.

Əlaqəli xəbərlər