"Araz" Media Qrupu və araz.az xəbər portalı kollektivləri adından, DƏYƏRLİ VƏTƏN ÖVLADLARINA NOVRUZ BAYRAMI TƏBRİKİ

 названия

Gözəl insan, dəyərli dost, əziz oxucu!

Qeyd etdiyimiz qədim tarixə malik ən əziz milli bayramımızın -- Novruzun bu xoş günlərində, rəhbəri olduğum "Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivləri adından və şəxsən öz adımdan Sizin hər birinizə, sizinlə bərabər, doğma-yaxınlarınızın böyüklü-kiçikli hər birinə bayram təravətli salamlarımızı, bu xoş salamlarımız qarışıq, Ulu Tanrıya, Ana Təbiətə dərin sevgimizin, uzaq keçmişımizdən yadigar milli-mənəvi dəyərlərimizə qırılmaz tellərlə bağlılığımızın parlaq ifadəsi, bol-bol sevinc dolu xoşbəxtlik, səadət, mənəvi birlik, vəhdət rəmzi olan və səmimi qəlbdən gələn Novruz Bayramı təbriklərimizi də çatdırır, azərbaycançılıq məfkurəsi və milli dövlətçilik ideologiyası ətrafında daha sıx birlik arzulayır, evlərinizə xoş bayram ovqatı, ailələrinizə ruzi-bərəkət dolu bol-bol sevinc diləyirik! Açılan hər səhərinizin ötən günlərdə olduğundan daha mənalı və uğurlu olmasını, xoş bahar əhval-ruhiyyəsi, möhkəm cansağlığı, səadət və xoşbəxtlik kimi xoş arzu və istəklər ifadəsi olan şirin sözlərin heç vaxt taleyinizdən əskik olmamasını arzulayırıq! Böyüklü-kiçikli hamınıza, hətta bütün dünyanı qarışdıran savaşlardan və bu savaşlar qədər təhlükəli koronavirus bəlasından uzaq, təməli möhkəm cansağlığına bağlı xoş həyat, dövlətimizin və xalqımızın tərəqqisi naminə edəcəyiniz duaların Ulu Tanrı dərgahında tezliklə qəbulunu arzulayır, Böyük Allahdan sülhün, əmin-amanlığın, qələbə sevincinin, müharibəsiz, münaqişəsiz və ədavətsiz günlərin ölkəmizin əbədi nailiyyəti, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət və ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin daimi qazancınız olmasını, xoş arzu, niyyət və diləkləriniz yönündən etdiyiniz bütün dualarınızın Uca Yaradan dərgahında qəbulunu diləyirik!
Allahımız Böyükdür və ən əziz bəndələri, gözəl insanlar olaraq, böyük xalqımızın övladlarını arzu və istəklərinə qovuşdurmaqla sevindirib həmişə. Elə, 44 günlük Vətən Müharibəsində neçə illərdir ürəyimizdə qalan arzularımızın həyata keçməsində də, Böyük Allahımız yardımçımız olaraq, bizə sevinc və xoşbəxtlik bəxş etdi. Bəli, indi ona görə daha xoşbəxtik ki, Novruz tonqallarımızı, artıq, 30 ilə yaxın müddətdə işğalçı mənfur düşmən tapdağında olan və doğma Vətənin igid övladlarının -- əziz ruhları qarşısında daim baş əydiyimiz şəhidlərimizin və həmişə minnətdar olacağımız qazilərimizin canları, tökülən qanları, sağlamlıqları bahasına azad edilən Vətən torpaqlarında alovlandıra bilirik.
Bu möhtəşəm, şərəfli və böyük qələbənin müəllifi kimi tarixə düşən ölkəmizə yeni həyat gətirən, qəlbimizə sevinc bəxş etməklə, Vətənin böyüklü-kiçikli hər bir övladına ruh verən, ətrafımızı saflaşdırmaqla gözəlləşdirən, gözəl təbiətimizi oyadan, elə, bu xoş təsirli xüsusiyyətlərinə görə də, ümumxalq bayramımız kimi, dünyanın dörd bir yanında məskunlaşan 50 milyon nəfərdən çox soydaşımız tərəfindən də, kainatın hər bir guşəsində qorunub, saxlanılmaqla qeyd olunan, uzun əsrlərin sınağından çıxan, milli bayramlarımızın ən sevimlisinə çevrilən Novruz Bayramınız mübarək olsun! Sizinlə bərabər, dünyanın dörd bir yanındakı soydaşlarımızın hər birinə də səmimi salamlarımızı yetirir, böyüklü-kiçikli hər birinizə azərbaycançılıq məfkurəsi və milli dövlətçilik ideologiyası ətrafında daha sıx birlik arzulayır, evlərinizə əbədi xoş bayram ovqatı, ailələrinizə ruzi-bərəkət dolu bol-bol sevinc diləyirik! Qoy, mübarək Bahar Bayramı, öz xoş gəlişiylə qarşınızda ola biləcək hər bir təhlükə və fəlakətlərə son qoysun, Uca Yaradanın mərhəməti heç zaman üstünüzdən əskik olmasın! Dünyanın dörd bir yanında məskunlaşan soydaşlarımızı -- böyük xalqımızın dəyərli övladlarını belə daha yaxından birləşdirən və xoş xüsusiyyətlərini də, uzaq keçmişdən
öz dərgahında qəbul edən Ulu Tanrı, bu əziz bayramımızın milli haqlarımız uğrunda mübarizə ruhunuzun daha da artmasına, ən xoş istək və niyyətlərinizin çin olmasına sizin ən yaxın yardımçınız olmaqla bərabər, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzminizi və bütövlüyünüzü, yüksək vətənpərvərliyi, dözümü, təmkini və səbri, tükənməz həyat enerjisini və möhkəm cansağlığını ən böyük silahınıza, həmrəyliyi, bütövlüyü, mərhəməti və xeyirxahlığı ən ülvi həyat amalınıza çevirsin, çöhrənizdən sevinc və gülüşü əksik etməsin!

"Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivləri adından:
Dərin hörmət və səmimi duyğularla, 
Hüseyn ƏZİZOĞLU, 
media qurumunun Baş redaktoru.

Əlaqəli xəbərlər