Mətbuat Şurasının yeni statusunun zəruriliyi ciddi arqumentlərlə əsaslandırılır

elcin-mirzebeyli.jpg


 Elçin Mirzəbəyli: “Hesab edirəm ki, Mətbuat Şurasının statusu artırılmalıdır və quruma daha geniş imkanlar tanınmalıdır

Azər Həsrət: “Sözügedən təklif yerindədir və bunu dəstəkləyirik

Xəbər verildiyi kimi, Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif olunub. Bu təklifi parlamentin yaz sessiyasının ilk plenar iclasında MŞ sədri, deputat Əflatun Amaşov irəli sürüb.

Millət vəkili qeyd edib ki, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsinə ciddi ehtiyac var: “Biz bu gün ictimai təşkilat olduğumuzdan, bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. “Reket jurnalistika”dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə “reket jurnalistika”ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”.

Məlumat üçün qeyd edək ki, Mətbuat Şurası 2003-cü ilin martında, ölkə jurnalistlərinin birinci qurultayında 100-dən artıq informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin ilin aprelində şura Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsini təmin etməkdir. Dövlət orqanları, ictimaiyyətlə mətbuat arasında əlaqənin, etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılması da qurumun məqsədlərindəndir. Şura, həmçinin, media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılmasına da məsul olan qurumdur.

Maraqlıdır, MŞ ilə bağlı ayrıca qanunun qəbul edilməsinə, qurumun hüquqi statusunun dəyişdirilməsinə media ekspertlərinin münasibəti necədir?

Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, bununla bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var: “Hesab edirəm ki, Mətbuat Şurasının statusu artırılmalıdır və quruma daha geniş imkanlar tanınmalıdır. Məsələ ondadır ki, sosial şəbəkələr, yeni internet texnologiyaları mətbuatın qarşısında ciddi çağırışlar qoyur. Bu çağırışlara da hazır olmaq üçün daha çevik hərəkət edilməsinə ehtiyac var. MŞ-nin mövcud statusu bu istiqamətdə çevik addımların atılmasına imkan vermir. Təbii ki, Əflatun müəllim bütün bunları nəzərə alaraq belə bir təkliflə çıxış edib. Faktiki olaraq gündəlik fəaliyyətdə öz üzərlərində bu problemləri hiss edirlər və onun aradan qaldırılmasının yollarını arayırlar. Qənaətimcə, çox müsbət təkliflərdir və qəbul olunarsa, bütövlükdə medianın mətbuata yad olan ünsürlərdən təmizlənməsinə yetərincə ciddi yardım göstərəcək”.

Digər media eksperti Azər Həsrət də sözügedən təklifi dəstəklədi: “Həmişə hiss etmişik ki, MŞ-nın səlahiyyətlərinin məhdud olması qurumun effektivliyini azaldır. Yəni arzu etdiyimiz səviyyədə medianın problemləri ilə məşğul ola bilmirik. Ona görə də MŞ-nın səlahiyyətlərinin bu və ya digər şəkildə artırılması, ümumiyyətlə, qurumun daha təsirli bir təşkilata çevrilməsi üçün dəyişikliklərə ehtiyac var. Ona görə də Əflatun Amaşov parlamentdə belə bir təkliflə çıxış edib. İstərdik ki, MŞ elə bir quruma çevrilsin ki, müəyyən məsələləri daha operativ və təsirli şəkildə həll edə biləcək səlahiyyətlərə sahib olsun. Ona görə də hesab edirəm ki, sözügedən təklif yerindədir və bunu dəstəkləyirik”.

Vidadi ORDAHALLI  

Əkiz talelər

huseynaga_qeniyev1.jpg

Hüseynağa Qəniyev

Dostum, həmkarım Əlövsət Bəşirli üçün

Onu 57 ildir ki, tanıyıram. Uzun müddətdir... Bir igidin ömründən də çoxdur. 
Bu illər adi illər deyil. Onun içində atası müharibədə həlak olmuş tifil, kimsəsiz uşağın müharibənin yaratdığı dəhşətli sarsıntıları, yeniyetməliyin həyat eşqi, gəncliyin - tələbəlik illərinin enerjisi, cəmiyyətdə özünü tapmaq cəhdi - iradəsi, ondan doğan hüdudsuz arzu və istəklərin həyata keçmək imkanlarının məhdudluğu ilə təbii, amansız və barışmaz mübarizəsi, ahıllığın müdrikliyi dayanır. Yox, dayanmır, bədii yaradıcılığının realist fəlsəfəsinin əks-sədası kimi oxucularının ruhunda yaşayır.
Atası Atamalı kişi müharibənin faciəvi fəlakətlərinin caynağından qurtula bilmədi. Özü – atasının yeganə yadigarı Zinyət ananın koməyilə müharibənin arxa cəbhədə yaratdığı səfalətin məngənəsindən xilas ola bildi. 

***

...Zaman dəmirçi körüyü kimi od püskürür, hər şeyi yandırıb külə, soyudub buza döndərirdi. Yalnız dəmirə gücü çatmır, onu qızdırıb soyudur və daha da möhkəmlədib polada çevirirdi. Belə şəraitin məhsulu kimi Əlövsətin iradəsi polada, uşaqlığı kişiliyə çevrildi. Yazılarımın birində bu prosesi belə təsvir etmişəm: “Kişilər var idi, kişilər, üç yaşında, dörd yaşında, beş yaşında kişilər”. Əlövsət həmin kişilərdən biri oldu. Belə insanlar erkən yaşlarından həyatın soyuq, zalım, ədalətsiz, Alber Kamyunun təbirincə “absurd” üzünü gördükləri üçün hər adama nəsib olmayan iki fenomenal sərvət qazanırlar. Birincisi, onlar həyatı üzdən yox, içəridən, ən alt qatlarından görüb-götürür, ikincisi onların polad iradələrinə özgələrinin, cəmiyyətin tör-töküntülərinin sırımaq istədiyi şablon qəlibdən, matrisadan çıxan, özgə həyatı sırımaq mümkün olmur. Belə insanlar üçün ümumi məna daşıyan “mən” anlayışı özəl, şəxsi, orijinal həyata, sözün həqiqi mənasında mənliyə çevrilir. Həmin şəxsiyyətlər özlərinin təbii həyatlarını yaşamaq şərəfinə nail olurlar. Bu işin əlahiddə çətinliyini sonadək araşdıran XX əsrin dahi filosofu Martin Xaydeqqer nəticədə belə qənaətə gəlib: “Hər kəs başqasıdır ki, var. Heç kim özü ola bilmir”. 
80 il özünü içində qoruyub yaşadan Əlövsət Bəşirli, gerçəkdə və bədii yaradıcılıqda həyatı dərindən, insanları hiss və həyəcanlarından, psixoloji sarsıntı və təəssüratlarından, ictimai hadisələri sosial baxımdan özünəməxsus ustalıqla görür, təhlil edir və qələmə alır. O, ictimai rəydə formalaşıb, dəmir məntiqə, düyünə, daşa dönən, trafaretlərdən orijinal həyat tərzi, yazı üslubu və iradə enerjisilə yan keçir, fərdlə cəmiyyətin qarşılıqlı münasibətində individiumun buqələmunluğu ilə barışmır. 
Bununla əlaqədar həyatından və bədii yaradıcılığından bir-iki epizodu xatırlamaq yerinə düşər:

Həyatda:

Ötən əsrin 50-ci illərində qəbul olunan əxlaq normalarına görə, böyüklərin kiçikləri tərbiyə metodunda “danlamaq, danlamaq, qınamaq, qınamaq” formulu dominantlıq edirdi. Uşaqlar isə başlarını aşağı dikib deyilənləri danışıqsız qəbul etməli idilər. Böyüklərin dediklərinə münasibət bildirmək “böyüyün üzünə ağ olmaq”, “nəzakətsizlik” sayılırdı. Hətta ana dilimizdəki “hə”, “yox” ifadələrini işlətmək belə ədəbsizlik hesb edilirdi. Gərək “bəli”, “xeyir” deyiləydi. 
Əlövsət 9-cu sinifdə oxuyarkən məktəbin direktoru əsəbi halda sinifə daxil olub şagirdləri danlamağa başladı: 
- Hamınız savadsızsınız, heç nə bilmirsiniz, oxumursunuz və s. 
Otağa soyuq bir sükut çökdü. Hamı başını aşağı salıb, peşmançılıq, xəcalət nümayiş etdirməyə çalışdı. Əlövsət isə direktorun gözünün içinə baxıb danışmaq üçün əlini qaldırdı. Direktoru heyrət bürüdü. Üzünü Əlövsətə tutub daha acıqla səsləndi:
- Dur görüm, nə demək istəyirsən?!
- Müəllim, sizin dedikləriniz mənə aid deyil. Mən dərslərimi oxuyuram və bilirəm. Savadsız da deyiləm, deyə halını pozmadan cavab verdi. 
Direktor hövsəldən çıxdı. İstehza ilə üzünə təbəssüm imitasiyası verərək:
- Rəhmətliyin nəvəsi, hətta dahi yunan alimi Arximed də “bircə onu bilirəm ki, heç nə bilmirəm” deyib. Sən isə deyirsən ki, hər şeyi bilirəm. 
Əlovsət: - Arximedlə razıyam. O mənada heç nə bilmirəm. Amma dərslərimi oxuyuram, bilirəm və savadsız da deyiləm, - deyə israr etdi.
Direktor Arximedin də ona kömək edə bilməyəcəyini anlayıb, bir az yumşaq tərzdə:
- Mən də onu istəyirəm. Otur, - dedi.
Direktor uzun müddət bu dialoqun təsirindən ayrıla bilmədi. Ayırd edə bilmədi ki, Əlövsətin hərəkətini təqdir və ya tənqid etsin. Hər halda direktorun dəmir məntiqində çat yarandı. 

Bədii ədəbiyyatda:

“Bir dəfə biçindən sonra yerə tökülən sünbülü yığdığı zaman sədr onun torbasını alıb qəzəblə yerə çırpdı, qamçılaya-qançılaya atın qabağına qatıb kövşəndən qovmaq istəyəndə o nə qorxdu, nə də çəkindi, qamçının şaqqıltısı altında geriyə, atın üstünə boylandı:
- Şaban əmi, niyə qoymursan sünbülü yığım? Anam deyir get yığ, hayıfdır, onsuz da torpağa qarışıb çürüyəcək. Niyə qamçılayırsan, qovursan məni?
Sədr “Kəs səsini!” – deyə qışqırdı, - Adın nədi, kimin oğlusan?
- Adım Dönməzdi, Aslan kişinin oğluyam.
O, qamçısını başının üstündə fırladaraq bağırdı:
- Bunun yekə-yekə danışmağına bax, rədd ol burdan. Bir də səni buralarda görməyim. Dönməz. Adına-zadına bax!
Sədr atını çapıb getdi, öz aləmində bu balaca oğlana gücünü göstərdi. Ancaq bilmədi ki, ona həyat dərsi, güc verdi. Döyüb təhqir etdiyi bu uşağın ürəyində əzazil, ədalətsiz insanlara nifrət hissi oyatdı.” (Əlövsət Bəşirli, “Zirvədən zülmətə”, povest, Pərviz nəşriyyatı, Bakı – 2010, səh 12-15)
Əlövsətin qələminin məhsulu olan bu kiçik parçada iki fəlsəfənin, dünyagörüşünün, psixologiyanın üz-üzə dayandığını görürük. Kolxozun sədri Şabanın köhnə, ənənəvi, amiranə baxışları və zamanın sarsıntıları ilə çarpışan balaca, tifil, kimsəsiz uşağın – Dönməzin iradəsinin formalaşması çox real və daxili psixoloji cizgilərlə təsvir olunub.
Şaban özünü qalib sayırdı. Lakin Dönməzdən başqa heç kim başa düşmədi ki, o biabırçılıqla məğlub oldu. Sındırmaq istədiyini bərkitdi, möhkəmlətdi, daha böyük mübarizələr üçün formalaşdırdı.

***

Əlövsətin iradəsi ilə əxlaqı, həyatı ilə yaradıcılığı sıx vəhdətdə olduğu üçün hər iki istiqamətdə bu səpgidə çoxlu nümunələr gözstərmək mümkündür.

***

Əlövsət ilk həyat imtahanından uğurla çıxdı. Orta məktəbi “Qızıl medal”la bitirib Azərbaycan Dövlət Universitetinin Filalogiya fakültəsinin jurnalistika şöbəsinə daxil oldu. O zaman ali məktəb sistemində iki prestijli fakültə vardı: jurnalistika və hüquq.
Taleyin qismətindən sonralar mən də jurnalistika şöbəsində oxuyanda bildim ki, Əlövsətin oxuduğu 1-ci “j” qrupu o vaxtadək jurnalistika kafedrasının tarixində ən uğurlu qrupdur. Həyat bunu bir daha təsdiq etdi. Milli Təhlükəsizlik naziri Namiq Abbasov, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Rafiq Zeynalov, həmçinin bir neçə professor, elmlər doktoru, respublikada tanınmış, görkəmli jurnalist həmin qrupun məzunları oldu. 
Tələbəlik illərində biz həmin qrupla fəxr edir, onlara oxşamağa çalışırdıq.

***

Bir dəfə Əlövsətdən soruşdum:
- Jurnalistika səni seçib, ya sən jurnalistikanı?
O, gülümsəyərək mənə baxdı. Baxışlarından hiss etdim ki, sual gözlənilməz oldu. Mənə elə gəldi ki, o, “əlbətdə, mən jurnalistikanı seçmişəm” düşündü.

Haşiyə:

Fikrimcə əsil jurnalistləri jurnalistika özü seçir. Çünki yaradıcılıq nə sənətdir, nə peşə, nə də ixtisas: yaradııcılıq insanın xilqəti, fitrəti, təbiəti ilə bağlı anadangəlmə xüsusiyyətdir. Təhsil, bilik, təcrübə mövcud olanı cilalayır, təkmilləşdirir, toxumu cücərdir, insanın təbiətinə girib genetik kodunu dəyişə bilmir. Necə ki, yalnız almazı cilalayanda brilyanta çevrilir.
Bu fikir təkcə jurnalistika və jurnalistlərə aid deyil, yaradıcılıq yaradanın əlaməti olduğu üçün insan fəaliyyətinin bütün istiqamətlərinə və yaradıcı insanlara aiddir. Hazırki tərəqqi, dünyəvi, bəşəri sivilizasiyanın çiynində durur. 
Jurnalistika həm də mübariz və şərəfli fəaliyyətdir. O, cəmiyyəti marifləndirir, insanlara həqiqəti çatdırmağa çalışır. Hesab edirəm ki, fəlsəfənin əsas məsələsi nə materiya, nə də ideyadır: “İnsan həyatının mənasıdır”. İnsan həyatının mahiyyəti azadlıqdan, azadlığın yolu isə həqiqəti dərk etməkdən keçir. Azadlıq dərk olunmuş həqiqətdir. Həqiqətlə silahlanmış insan, xalq ağa, yalanla silahlanan isə kölədir. Bu mənada jurnalistika azadlıqla insanlığın əlaqələndiricisi olduğu üçün jurnalistdən zəka, vicdan və şərəflə yanaşı mübarizlik də tələb edir.

***

Təəssüf ki. həmişə belə olmur. Xüsusi rejimli cəmiyyətlərdə jurnalist gördüyünü, düşündüyümü, həqiqəti nəinki yaza, hətta danışa bilmir. Nəzəriyyə ilə təcrübə arasındakı bu paradoks tələbəlik illərində məni dərindən düşündürürdü. Sonralar başa düşdüm ki, qeyri demokratik cəmiyyətlərdə jurnalistin istedadının dəyərləndirilməsi onun jurnalsitlik istedadının səviyyəsindən asılı deyil, yaşadığı ictimai quruluşun mahiyyətindədir. 
Demokratik ölkələrdə azadlıq, insan haqları, qanunun aliliyi, həqiqətə ehtiram; diktatura rejimində diktatorun şəxsiyyətinə pərəstiş, mütilik, yaltaqlıq, yalan və haqsızlıq istedad, igidlik, vətənpərvərlik, hətta qəhrəmanlıq meyarlarıdır.
Müəllimlərimiz, xüsusilə də Şirməmməd Hüseynov cəmiyyətdəki bu natarazlığa arabir eyham vururdu. O zaman auditoriyada yalanın ayaq tutub yeriməsi, hətta qanadlanaraq mahnıya çevrilməsi haqqında danışmaq böyük iradə və cəsarət tələb edirdi.
O deyirdi ki, yalanla həqiqətin yeri təkcə mətbuatda səhv düşməyib, yalan uzun illər ərzində uşaqdan böyüyədək müxtəlif təsir vasitələri ilə demək olar ki, hamının beyninə, şüuraltına möhkəmcə yerləşdirilib.
Şaxtalı-qarlı günlərin birində çörək mağazasının qarşısında növbəyə dayanan adamların yanından keçərkən gördüm ki, ayaqlarına köhnə əsgər çəkmələri, lüt bədəninə cırıq-yırtıq sırıqlı keçirmiş bir yeniyetmə soyuğun və aclığın təsirindən tir-tir əsə-əsə, üşüməsin deyə aramsız ayaq döyə-döyə müğənni Bülbülün o zaman geniş yayılmış mahnısını həvəslə oxuyurdu:
“ Əcəb ağ gündədir mənim Vətənim!”

***

Ali məktəbi bitirdikdən sonra Əlövsət bir müddət Azərbaycan KP MK-nın Səlyanda çıxan rayonlararası qəzetində, respublika radiosu və televiziyasında çalışdı. Daha sonra Mərkəzi Komitənin xüsusi təyinatıyla Cəlilabad rayon qəzetinə redaktor göndərildi. Beləliklə, müstəqil rəhbər işdə onun fəaliyyəti üçün geniş imkanlar yarandı. Qəzetin fəaliyyətinin balansını rayonda sosializm, təsərrüfat və mədəni quruculuq işlərinin işıqlandırılması isə neqativ hallara qarşı mübarizənin vəhdətində gördü. 
Nəticədə “Yeni gün” rayon qəzetinin adı respublikanın sərhədlərini aşdı, Sovet İttifaqında tanındı, SSRİ Jurnalistlər İttifaqının ən yüksək mükafatına layiq görüldü. Əlövsət isə şəxsi jurnalistlik fəaliyyətinə - satirik, tənqidi yazılarına, felyotonlarına görə “SSRİ Jurnalistlər İttifaqının mükafatı laureatı” adını aldı və ittifaqın İdarə Heyətinin şəhər və rayon qəzetləri bürosuna Azərbaycandan qəbul olunan yeganə üzv kimi tarixə düşdü.
1980-ci ildə Əlövsət Bəşirli Cəlilabad rayon Partiya Komitəsinin ikinci katibi seçildi və 10 il həmin çətin, mürəkkəb vəzifədə işlədikdən sonra Bakıya köçdü.
Müstəqillik dövründə tələbə yoldaşı Namiq Abbasov onu Milli Təhlükəsizlik Nazirliyinə işə dəvət edərkən elə bildi ki, ona nazirliyin mətbuat xidmətində ehtiyac var. Belə olmadı. Nazir ona kadrlar idarəsi rəisinin müavini vəzifəsini təklif edərkən dedi:
- Birincisi, partiya işində kadrlarla iş sahəsindəki təcrübə və bacarığını nəzərə alıram. Bundan əlavə nazirlik fəaliyyətini rus dilindən Azərbaycan dilinə keçirir. Hazırki kadrlarımız rusdillidirlər. Azərbaycan dilli milli kadrlara ehtiyacımız var.
Burada 6 il işlədikdən sonra Azərbaycan dilində dərsliklər, təlimatlar və digər sənədlər nəşr etmək üçün nazirliyin Akademiyasında redaksiya-nəşriyyat şöbəsinin rəisi, baş redaktor vəzifəsinə keçirildi, 70 yaşının tamamında polkovnik hərbi rütbəsində pensiyaya çıxdı. 
Həyat insanı pillə-pillə ucaltdıqca, dünya dərədən, düzdən, yamacdan, zirvədən müxtəlif formada göründüyü kimi, həyatda da insanların simasını müxtəlif pillələrdə və məqamlarda öz rəngində göstərir. Əlövsətin bədii təxəyyülü üçün bu böyük və zəngin materiala çevrildi. Harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq, silahını yerə qoymadı. Müxtəlif dövrlərdə dövri mətbuatda – “Ədalət” qəzetində, “525-ci qəzet”də, “Ulduz”, “Yada düşdü”, “Azərbaycan” və digər qəzet və jurnallarda çap olundu. “Qəsd” romanını, “Səssiz cinayət”, “Qanla suvarılan ağac”, “Zirvədən zülmətə” povestlərini, ömür-gün yoldaşı, dəyərli insan, görkəmli jurnalist – redaktor Dilarə xanım Vəkilova ilə birgə “Bizim dünya” və digər kitabları nəşr etdirdi.

***

O, təqaüdə çıxandan sonra daha böyük enerji və həvəslə yaradıcılığını davam etdirir. Hər dəfə özünəməxsus forma və üslubda yazdığı yeni, orijinal esse və ya hekayəsini oxuyanda qulağıma çox uzaqdan bir səs gəlir: Ehey...! Bu “MƏN”əm, “ÖZÜM”əm, “DÖNMƏZ”əm, “ƏLÖVSƏT BƏŞİRLİ”yəm!

P.S. Əlövsət haqqında yazarkən bəzən hər şeyi unudub elə zənn edirdim ki, özüm haqqında yazıram. Çünki talelərimiz ekiz qardaş kimi bir-birinə bənzəyir. Mənim də atam müharibədə həlak olub, onun keçdiyi qanlı-qadalı uşaqlıq illərinin sarsıntılarından mən də keçmişəm. Ondan bir il sonra orta məktəbi, jurnalistika fakültəsini bitirib qəzetdə işləmişəm. Əlöbsət Cəlilabadda raykomun ikinci katibi olanda mən Lənkəran şəhər komitəsində ikinci katib işləmişəm. Hər ikimizin 1 oğlu, 3 qızı var. ən nəhayət o, əmək fəaliyyətini nəşriyyat direktoru, mən isə ANS teleradio şirkətində baş redaktorun müavini kimi başa vurmuşam. 
Əlövsət Bəşirli hazırda zillətdən başlanan şərəfli həyat yolunun fərəhli zirvəsindədir.
Zirvədən isə dünya daha geniş, üfüqlər uzaq, səma yaxın, həyat isə daha işıqlı, aydın və maraqlı görünür.

Mətbuat Şurasının səlahiyyətlərinin artırılması təklif edilib

image-1-187-300x200.jpg

Mətbuat Şurası (MŞ) ilə bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklif edilib.

Araz.azbildirir ki, bu təklifi Milli Məclisin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov irəli sürüb.

Onun fikrincə, təşkilatın hüquqi statusunun dəyişdirilməsinə, eyni zamanda ayrıca qanunun qəbul edilməsini ciddi ehtiyac var: “Biz bu gün ictimai təşkilat olduğumuzdan bəzən müvafiq addımlar ata bilmirik. Bu gün mətbuatda jurnalist adına xələl gətirən, jurnalist adından sui-istifadə edən, bazar açan ünsürlər yayılıb. "Reket jurnalistika"dan əziyyət çəkirik. Mətbuat Şurasının hüquqi statusunun yenilənməsi ilə "reket jurnalistika"ya qarşı mübarizədə, mətbuatda balanslaşdırılmanın aparılmasında ciddi addım atmış olarıq. Buna zəruri ehtiyac var”. PRESSDAY.az

Nazirin villasında bayquşlar ulayır…- SEYMUR VERDİZADƏ YAZIR

1491039303-478.jpeg

Seymur Verdizadə

Yeddi-səkkiz il əvvəl Xızı rayonunun Qızılqazma kəndində olanda bu coğrafiyanı yaxşı tanıyan tələbə dostum yolun kənarındakı nəhəng villanı göstərib, belə demişdi: “Bu ev sabiq səhiyyə naziri Əli İnsanovundur. Əli müəllim həbs olunandan sonra ailə üzvləri kəndlə əlaqəni kəsdilər. Uzun müddət maaş almadığına görə gözətçi də villanı tərk etdi. Gəlib-gedən olmadığı üçün ev baxımsız vəziyyətdə qalıb. Yayda damında bayquşlar ulayır”.

Ertəsi gün Bakıya qayıdıb bu məlumatı “çoxbilmişliyi” ilə öyünən jurnalist həmkarımla bölüşəndə, gülüb belə demişdi: “Əli İnsanovun beş-altı villası var. Hamısının qapısından qara qıfıl asılıb”.

Üç-dörd ay əvvəl yenə yolum şimal bölgəsinə düşmüşdü. Şahdağın təmiz havasını ciyərlərimizə çəkmək üçün Qubadan Qusara üz tutduq. Mənzil başına çatmağa bir neçə kilometr qalmış yolun solundakı dəbdəbəli villa öz əzəmətli görünüşü ilə diqqətimi cəlb etdi. Vaxtilə Nəqliyyat Nazirliyində məsul vəzifə tutmuş tanışım dərhal izahat verdi: “Ziya Məmmədovun villasıdır”.

Jurnalist marağı güc gəldiyi üçün sürücüdən maşını saxlamağı xahiş etdim. Böyüklüyünə görə Hökumət Evindən geri qalmayan bu nəhəng tikili son dərəcə zövqlə inşa olunmuşdu. Villa ən azı 2 hektar ərazini əhatə edirdi. Həmin vaxt beynimdən keçən ilk fikir bu oldu: “Bakının Nərimanov rayonunda qəzalı vəziyyətdə olan yataqxanalardan birinin sakinlərini tam tərkibdə bura köçürmək olar”.

Vaxtilə Ziya Məmmədovla bir yerdə işləmiş tanışımın cır səsi məni fikrimdən ayırdı: “Ziya müəllim 10 il ərzində bura cəmi üç-dörd dəfə gəlib. İşdən çıxandan sonra isə yolu bir dəfə də bu tərəflərə düşməyib”.

Maraq xatirinə soruşdum: “Villada indi kim yaşayır?”

Cavabı belə oldu: “Gəlib-gedən olmadığı üçün villa gözətçinin ümidinə qalıb. O da avaranın biridir. Cavanları başına yığıb, səhərdən axşama kimi domino oynayır”.

Ötən il Şamaxının Məlhəm kəndində olanda bələdçimiz yolun kənarındakı villalardan birini göstərib, belə demişdi: “Bu evin sahibi vəzifəli şəxs idi. Üç-dörd il əvvəl qəfildən dünyasını dəyişdi. Atalarının Şamaxıda villa tikdirdiyindən uşaqlarının xəbəri yoxdur. Gözətçinin üzünə gün doğub. Yayda həyətə beş-altı masa qoyub, kəndə gələn turistlərə pivə satır”.

Jurnalist dostlarımla birlikdə dörd-beş gün əvvəl Göygölə getmişdik. Qışda da yaydakı kimi gözəl olan bu əsrarəngiz gölə doyunca tamaşa edəndən sonra geri qayıtdıq. Yerli əhali arasında Mixaylovka kimi məşhur olan Dəyirmanlar kəndindən keçəndə samuxlu tələbə yoldaşım belə dedi: “Keçmiş Vergilər naziri Fazil Məmmədovun bu kənddə villası var”.

Hamı eyni vaxtda dilləndi: “Ora gedək”.

Kənd balaca, Fazil Məmmədovun villasına uzanan yol hamar olduğu üçün iki dəqiqə sonra mənzil başına çatdıq. Darvazaya yaxınlaşmağa macal tapmamış orta yaşlı gözətçi başımızın üstünü kəsdirdi. Son vaxtlar həftədə beş-altı saat efirdə olmağım bu dəfə əleyhimizə işlədi. Onu əhatə edən adamların jurnalist olduğunu anlayan gözətçi ağzına su alıb dayandı. Biz maşına minəndə o da həyətə keçib, dəmir darvazanı tez-tələsik arxadan bağladı. Görünür, bir vaxtlar Fazil Məmmədovun dostları ilə birlikdə yeyib-içdiyi qonaq otağında indi domino oynayan həmkəndlilərini daha çox gözlətmək istəmirdi… (Qafqazinfo.az)

Redaksiyaların rəhbər işçilərinin məqalə yazması qəbahətdirmi? - SORĞU

1516918740_bd49e22c-4a1b-46c9-953b-cc7dd0ba1ed1.jpg

Araz.az xəbər verir ki, Bəzi jurnalistlər mənə irad bildirirlər ki, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və və www.azim.az internet portalının baş redaktoru olduğum üçün saytımızda özəl xəbərlərimi, müsahibələrimi, məqalələrimi, hətta araşdırmalarımı belə öz imzamla deyil, əməkdaşlarımın imzaları ilə verim. 
Həmin həmkarlarım fikirlərini belə əsaslandırırlar ki, ümumiyyətlə, baş redaktorlar və onların müavinləri, hətta redaktorlar da yazılar yazmamalıdırlar. Onların vəzifələri jurnalistlərə, müxbirlərə mövzular və tapşırıqlar vermək, yazılara baxmaq, redaktə etmək, özlərinin qəzetlərinə və ya saytlarına nəzarət etməkdir. Azərbaycan İnformasiya Mərkəzi və və www.azim.az internet portalı növbəti sorğusunu bu məsələyə həsr edib və sualları təqdim edirik.

1. Elektron və yazılı KİV-lərdə baş redaktorlar və onların müavinləri, eləcə də redaktorlar yazılar yazmalıdırmı və bu yazılarda jurnalistikanın hansı yazı üslübu, janrı əsas götürülməlidir?

2. Redaksiya rəhbərliyində olan şəxslərin yazıları öz imzaları ilə qəzetlərdə verməsi və ya saytlarda yayımlaması qəbahət sayıla bilərmi?

“Jurnalistin qələmini yerə atması əsgərin silahını yerə atıb döyüş postunu tərk etməsinə bənzəyir” 
Redaksiyaların rəhbər işçilərinin məqalə yazması qəbahətdirmi?
Ayyət Əhməd, “Sherg.az” saytının redaktoru

- Mən “Sherg.az” saytında redaktoram. Bilirsiniz, sayt işi çox gərgin olur. Yəni, hər saniyə xəbərləri yeniləməlisən. Oxunaqlı, xəbər yükü olan informasiyaları seç, onları sayta yerləşdir, sosial mediada paylaş, bu arada xəbər seçə-seçə işləmək üçün mövzu müəyyənləşdir, işləmək üçün verdiyin mövzular hazırlanıb gəldikdən sonra onları redaktə et, yazıya bütün meyarları nəzərə alıb başlıq qoy və yenidən sayta yerləşdir, paylaş və bu arada sanballı, kifayət qədər oxucu auditoriyası olan, sözünə cəmiyyətin ehtiyac duyduğu bir müsahiblə əlaqə yarat, ondan müsahibə götür... Təsəvvür eləyirsinizmi, yüküm nə qədər ağırdır? Buna rəğmən heç zaman “redaktoram, müsahibə almaq mənim missiyam və ya funksiyam deyil” deyib özümü yazıdan, müxbirdən, reportyordan fərqləndirməyəcəm. Rütbəsindən asılı olmayaraq hər kəs bu vətən qarşısında əsgərdir. İndi vəzifədən asılı olmayaraq hamımız jurnalistik və bu sahənin inkişafına, cəmiyyətin tərəqqisinə çalışmalıyıq. Siz əgər “Şərq” qəzetini vərəqləsəniz, hər gün baş redaktorumuz Akif bəy Aşırlının sanballı tarixi araşdırmalarının şahidi olacaqsınız. Mən də şefimizin mədəniyyət və jurnalistika süzgəcindən keçmişəm. Akif bəyin bu təşəbbüsüləri bizə örnəkdir. Mənə elə gəlir ki, elə ömrümün sonuna qədər də jurnalist olaraq qalacağam... Həm də adam yazmadıqca, qələmi korşalır, üslubu və imzası itir. Bu mənada qələmini silaha çevirib mübarizəyə qalxan hər bir kəs o qələmi əlindən atmamalıdır. İndiki müharibə və ya informsiya savaşı dönəmində qələmi yerə atmaq əsgərin xidməti müddətdə silahını yerə atıb döyüş postunu tərk etməsinə bənzəyir. Axı, bu cəmiyyətin, Azərbaycan insanının maariflənməyə ehtiyacı var. Bəs biz də yazmayaq, kim yazsın. Məşhur şeirdə deyildiyi kimi: Əlimdədir hələ qələm!
Şübhəsiz ki, baş redaktor və ya onların müavinləri, yaxud redaktorlar qeyd etidyim kimi nümunə olacaq yazılar yazmalıdırlar. Daha çox tarixi, ədəbi və sair sahələrlə bağlı ciddi yazılar yazmalıdırlar. Əlbəttə, baş redaktor durub yağın qiyməti ilə bağlı açıqlama alası deyil. Təbii ki, hər bir baş redaktor, müxbir və redaktor öz imzası boydadır... Kim imzasına hörmət edirsə, sanballı yazılarla çıxış edir, kimin ki imzası bu jurnalistikada təsadüfidir, ondan hörmətli yazı da gözləmək doğru deyil.

“Bəzi baş redaktorlar yazmağı və ya araşdırma etməyi özlərinə yaraşdırmırlar” 
Redaksiyaların rəhbər işçilərinin məqalə yazması qəbahətdirmi?
Lalə Mehralı, jurnalist

- Baş redaktorlar, ya da redaktorlar daşdan deyillər, onlar da yaradıcı insanlardır və yazmaq ən təbii haqlarıdır. Sadəcə KİV-lərdəki bəzi baş redaktorlar yazmağı və ya araşdırma etməyi özlərinə yaraşdırmırlar, baş redaktorluğun jurnalistlərə göstəriş verməkdən ibarət olduğunu düşünürlər. Fikrimcə, yaradıcı insan hansı vəzifəni tutursa tutsun içindəki yazmaq, yaratmaq hissi o vəzifədən güclü olmalıdır. Vəzifə yazı üslubunu dəyişməməlidir, vəzifə yazıya təsir göstərməməlidir. Əgər jurnalist bu gün doğruları yazıb sabah baş redaktor olanda sadəcə cızma-qara edib yalan-palan yazacaqsa, onda elə yazmasa daha məqbuldur. Məncə, yazı yazmaq qəbahət yox, əksinə o mətbu orqanın oxucuları üçün maraqlı olar. Çünki oxucu oxuduğu orqanın sıravi jurnalistləri ilə eyni cərgədə baş redaktorun imzasını da görürsə, bu, o nəşrə olan güvəni və simpatiyanı artıra bilər.

“Bir çox KİV-lərin rəhbərləri nəinki yazı yaza, hətta 700-1000 işarəlik bir xəbəri belə hazırlaya bilmir” 

Inqilab Suleymanov, newscenter.az saytının baş redaktoru 

- Mənim şəxsi qənaətim bundan ibarətdir ki, istər yazılı, istərsə də elektron KİV-lərin rəhbərlərinə, baş redaktorlarına və ya redaktorlarına yazı yazmaqda hansısa irad bildirmək, nöqsan axtarmaq doğru deyil. Hesab edirəm ki, həmin media qurumlarının rəhbərləri də yazı yazmalı, öz malik olduqları potensialı, imkanları, peşəkarlıqlarını ortaya qoymalıdırlar. Ancaq bu halın ənənəvi xarakter daşımasını da nomal qəbul etmirəm. Belə ki, media qurumlarının rəhbərlərinin həftədə 1 və 2 yazı yazması kifayət edər. Özü də həmin yazılar köşə yazıları olmalı, yaxud cəmiyyət üçün kifayət qədər aktual olan mövzuları əhatə etməli, ona bir media rəhbəri kimi yanaşmanı, münasibətini əks etdirməlidir. Ancaq bir məqamı da qeyd etmək lazımdır ki, bir çox yazılı və elektron KİV-lərin rəhbərləri nəinki yazı yaza, hətta 700-1000 işarəlik bir xəbəri belə hazırlaya bilmir. Ona görə belə media rəhbərləri elə yazmasalar yaxşıdır.
Redaksiya rəhbərliyinin qələmə aldıqları yazıları öz imzaları ilə dərc etmələrində heç bir qəbahət yoxdur. Əksinə düşünürəm ki, qələmə aldıqları yazıları başqa imza ilə oxuculara təqdim etməsi doğru olmazdı. Azərbaycanda fikir, söz azadlığı, plüralizm mövcuddur. Hər bir şəxs öz fikrini sərbəst şəkildə, heç bir basqı, maneə olmadan ifadə edə bilir. Belə olan halda hansısa bir media rəhbəri, yaxud sıravi müxbir nəyə görə öz qələmə aldığı yazını başqa imza çap etdirməlidir?

“Peşəsini sevən jurnalist rəhbər vəzifəni tutmasına baxmayaraq oxucunun gözündən itməməlidir”
Redaksiyaların rəhbər işçilərinin məqalə yazması qəbahətdirmi?
Pünhan Şükür, "Dərkənar" qəzetinin redaktoru 

- Ümumiyyətlə, belə bir stereoitip mövcuddur ki, elektron KİV-lərdə və mətbu nəşrlərdə rəhbər işçilərin - baş redaktorun, onun müavinlərinin, redaktorun tez-tez yazılarla çıxış etməsi təvazökarlıqdan uzaqdır və hətta rəhbərlik etdikləri KİV-i öz şəxsi ruporlarına çevirmək istəklərinin təzahürüdür. Məhz bu cür yanlış yanaşmanın təsirindəndir ki, bəzi KİV rəhbərləri yazılarının altında öz imzalarını gizlətməyə meyl edirlər. 
Nəzərə alınmalıdır ki, rəhbər işçilərin imzalarının gözə dəymə intensivliyi həm də onların rəhbərlik etdikləri KİV-in maddi imkanları ilə düz mütənasibdir. Sirr deyil ki, indi bir çox KİV məhdud imkanlarla və kiçik kollektivlə fəaliyyət göstərir. Aydın məsələdir ki, belə halda baş redaktorun, redaktorun çiyinlərinə daha çox yük düşür. Qəribə tendensiyadır ki, belə kiçik kollektivlər nə qədər istedadlı, peşəkar, perspektiv vəd edən jurnalistlərdən formalaşdırılmış olsa da, onlar mediaya yardım proqramlarından kənarda qalırlar. Əksinə, imkanları geniş, üzərlərinə “aparıcılıq” möhürü vurulmuş KİV-ə maliyyə dəstəyi göstərilir. Bu isə şübhələnməyə əsas verir ki, KİV rəhbərlərinə öz imzalarını gizlətmələrinin “məqsədəuyğunluğunun” təlqin edilməsi ikincilərin inhisaryaratma məqsədlərinə də xidmət edə bilər. Bundan başqa, KİV rəhbərinin öz imzasını gizlətməkdə məqsədi onun yaxşı halda təsisçidən, sponsordan aldığı tapşırıq və sifarişlərin qeyd-şərtsiz icraçısı olduğunu, pis halda isə korporativ maraqlara xidmət etdiyini büruzə verməmək, oxucu qarşısında məsuliyyəti kollektiv üzvləri ilə bölüşmək də ola bilər. 
Sonda xatırladım ki, Maliyyə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təsdiqlədikləri Vahid Tarif-İxtisas Sorğu Kitabında bütün peşə və ixtisaslar üzrə mütəxəssislərin, o cümlədən, baş redaktorların (redaktorların) əmək funksiyaları, vəzifələri dəqiq müəyyənləşdirilib. Əgər KİV rəhbəri öz üzərinə düşən əsas vəzifələrin öhdəsindən gəlirsə, fəaliyyətində “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununa, eləcə də qanunvericiliyin digər tələblərinə əməl edirsə, qalan artıq vaxtında onun məqalə yazmasına, müsahibə hazırlamasına və öz imzası ilə dərc etməsinə, maaşdan əlavə özünə qonorar yazmasına heç bir maneə yoxdur. Peşəsini sevən jurnalist rəhbər vəzifəni tutmasına baxmayaraq qələmini kütləşdirməməli, oxucunun gözündən itməməli, ən azından baş yazı ilə çıxış etməlidir. 

“Yazı yazmayan redaktorlarda bir müddət sonra məmurlaşma gedir”
Redaksiyaların rəhbər işçilərinin məqalə yazması qəbahətdirmi?
Asif Nərimanlı, jurnalist

- Baş redaktorlar, yaxud redaktorlar da jurnalistdirlər. Bəzi istisnalar ola bilər, amma onların əksəriyyəti də jurnalistikanın pillələrini bir-bir çıxa-çıxa gəliblər. Bu baxımdan, onların yazı yazması, yazılarını öz imzaları ilə yayımlaması qəbahət ola bilməz, əksinə yazı yazmamaları qəbahətdir. Təbii ki, onlar müxbirlər kimi xəbər arxasınca qaçmamalı, yaxud xəbər, reportaj tipli yazılar yazmamalıdır. İş prinsipi buna imkan vermir. Amma dünya təcrübəsində baş redaktorlar, yaxud redaktorlar gündəmə uyğun ana məqalələr yazırlar. Bu, analiz yazıları da ola bilər, publisist yazılar da. Azərbaycan reallığında elektron mediada redaktorların işi daha sıx olur, vaxt baxımından, onların yazı yazmaq imkanı da daralır. Amma məncə, redaktorlar ən azından həftədə bir yazı yazmalıdır. Yazı yazmamaq həm də onların imzasının itməsinə gətirib çıxarır ki, bu da özlərinə ziyandır. Digər tərəfdən, təcrübə göstərir ki, yazı yazmayan redaktorlarda bir müddət sonra məmurlaşma gedir. Bu da yaradıcı iş olan jurnalistikada qeyri-normal atmosfer yaradır.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və və www.azim.az internet portalının baş redaktoru

21 -dən səhifə 22