İrəvan xanlığının bayrağından imtina olundu, çünki... - Qafar Çaxmaqlı

Qafar CakmakliTeleqraf.com-un suallarını Qərbi Azərbaycan (İrəvan) Respublikası təşəbbüs qrupunun sədri, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlı cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Qafar müəllim, Qərbi Azərbaycan (İrəvan) Mühacir Hökumətinin dünən təcili toplantı çağırdığına dair məlumatlar yayıldı. İclasda müzakirə mövzuları nələr idi?

- Qərbi Azərbaycan (İrəvan) Respublikası elan olunandan bəri, yəni mayın 9-dan bu günə kimi hər həftə 2 dəfə video konfransımız olur. Konfransın biri sədarətindir, bizim 14 nəfərdən ibarət sədr aparatımız var, orda müəyyən qərarlar qəbul edirik, sonra genişləndirilmiş video konfrans keçiririk. İstənilən adam qatıla bilir, hər dəfə bu video konfransa 40-50 nəfər daxil olur, çıxış edənlər, tövsiyələrini verənlər olur.

Dünən axşamkı isə təcili çağırılan konfrans deyildi. Bir neçə həftə əvvəl biz dövlət atributları ilə bağlı komissiya yaratmışdıq. Bu komissiya həm Qərbi Azərbaycan Respublikasının bayrağını, həm gerbini və himnini, həm də digər atributlarını hazırlamaqla məşğuldur. Bu komissiya birbaşa təşəbbüs qrupunun millət şurasının sədri kimi mənə tabedir.

Bayraq məsələsini müsabiqə yolu ilə, hər kəsin fikrini dinləyərək bir neçə variantı gözdən keçirmişik. Dünən biz Qərbi Azərbaycan (İrəvan) Respublikasının bayrağını rəsmən qəbul etdik və ictimaiyyətə elan elədik.

- İlkin reaksiyalar necədir?

- İctimaiyyətdən çox böyük dəstək gördük. Bu, bizi həddən artıq məmnun elədi. Bizim bayrağımız və digər atributların elan olunması atdığımız addımın necə düzgün və doğru olduğunu təsdiqləyən bir şeydir. Bu bayraq həm də Azərbaycan bayrağına oxşayır, qırmızı rəngi çoxdur, bu da çağdaşlıq rəmzidir. Çağdaş dünyada yaşayırıq deyə biz çağdaşlığa çox böyük əhəmiyyət verəcəyik.

Bayraqda həmçinin göy rəng əks olunub ki, bu rəng bizim türklüyümüzün rəmzidir, aşağıda yaşıl xətt də bizim müsəlman olmağımızın rəmzidir. Azərbaycan Respublikasının bayrağının rəngləri öz əksini tapıb və yekdilliklə bu bayrağı qəbul etdik. Fərqli fikirlər vardı, o fikirlərin də hamısına hörmət etdik. Bu, səs çoxluğu ilə qəbul olunmuş bayraqdır. Lap əvvəldən, İrəvan Respublikası elan olunandan demokratik yol tutmuşuq, bütün fikirlərə hörmətlə yanaşırıq, dinləyib müzakirə edəndən sonra qərar qəbul edirik.

- Sosial şəbəkələrdə bayrağı parçalanma kimi qiymətləndirənlər var. Buna münasibətiniz necədir?

- Fərqli fikirləri olanlar da dünənki torplantımızda iştirak edirdilər, onların da heç bir etirazı olmadı. Bayrağı elan etdik, həmin adamlar da çıxış edib bəyəndiklərini və qərara hörmət etdiklərini bildirdilər. Açığı, sosial şəbəkələrdə bu cür fikirlə rastlaşmamışam. Mənə elə gəlir ki, heç bir fikir ayrılığı yoxdur.

Təbii, fərqli fikirlər söyləyənlər olacaq, amma bu, heç nəyi dəyişdirmir. Artıq biz bayrağı qəbul etmişik. O fikirlərə də hörmətlə yanaşırıq. Qərbi Azərbaycan (İrəvan) Respublikası qurultaya gedəcək, seçkilər keçiriləcək, bu məsələ narazılıq doğurarsa, yenidən gündəmə gələ və müzakirə edilib, təzə qərar qəbul edilə bilər. Yəni biz bu demokratik yolu davam etdirəcəyik.

- Suallardan biri də budur: İrəvan xanlığının bayrağı niyə seçilmədi?

- Üzərində Şiri-Xurşid olan bayraq İrəvan xanlığının simvoludur. Bu məsələni çox müzakirə etdik, indiki mənada desək, hərbi hissənin döyüş bayrağıdır, simvol olaraqda İrəvan şəhərinin bayrağı kimi qəbul edilib. Amma biz həmin atributlardan, bayraqdakı fiqurlardan gerbimizdə istifadə edəcəyik. Bizim rəssam Əli Əliyev bunun üzərində çalışır. Biz bu məsələni çox geniş müzakirə etdik və bu fikrə gəldik ki, bayrağımız bu cür olsun.

İrəvan xanlığının bayrağı döyüş bayrağı olduğuna görə gələcəkdə İrəvan şəhərinin bayrağı kimi qəbul oluna bilər. Amma respublika geniş anlayışdır, qəbul etdiyimiz bayraq respublikanın simvoludur.

- Bayrağı kim dizayn edib?

- Moskvada yaşayan, bizim respublikanın aktiv üzvlərindən biri, eləcə də Azərbaycanda olan dostlarımız bir neçə variant göndərmişdi. Dediyim kimi komissiyada işlənib və yekun qərara gəlinib, konkret müəllifin kim olduğunu demək doğru olmaz, çünki bayraqda hər kəsin göndərdiyi variantdan bir element istifadə olunub.

Məsələ ideologiya və siyasət şöbəsində müzakirə olunub, daha sonra sədarətdə bəyənilib və qəbul edilib. Hər kəs iddia edə bilər ki, mənim də əməyim olub, hamı müəllif ola bilər. Yəni buna ümumi sədarətin qəbul etdiyi qərar kimi yanaşmaq lazımdır.

- Hökumətin tərkibi kimlərdən ibarətdir?

- Hələ biz hökuməti formalaşdırmamışıq. Bəlli bir strukturumuz var, bilirsiniz ki, bir təşəbbüs qrupu yarandı, müəyyən işlər görəndən sonra millət şurası adı ilə fəliyyətini davam etdirdi, başqa sözlə desək, bu, təşkilat komitəsi idi. Millət şurası öz içərisindən sədarəti seçdi. Sonra biz departament üsulunu uyğun gördük, qurultaya qədər departamentlər yaratmışıq. Artıq bizim respublikanın ayrı-ayrı sahələr üzrə 10 departamenti var.

Ondan başqa komissiyalar, mərkəzlər fəaliyyət göstərir və artıq genişlənmə baş verir. Biz hər gün insanların təşkilatımııza axınını müşahidə edirik, ona görə də onu genişləndiririk. Dünənki toplantıda da düşüncə institutları, mərkəzlərin yaradılması barədə razılığa gəlindi, əhalinin siyahıya alınmasıyla bağlı komissiya yaradacağıq.

Onu da deyim ki, katiblik fəaliyyət göstərir, onun nəzdində bəzi qurumlar, komitələr olacaq. Bir sözlə, strukturumuzu qurmuşuq və bu yolla da mənə elə gəlir, irəliyə doğru addımlarımız uğurlu olacaq.

Əlaqəli xəbərlər