MOSKVA GÖZ YAŞLARINA NİYƏ İNANMIR?

api4h5u21 71846.1625659847

“Qadın nə istəyir? Nə qane edir onu? Ümumiyyətlə, qane edirmi? Nə istədiklərini heç özləri də bilmirlər…” bu kimi deyimləri özümü dərk eləməyə başladığım gündən etibarən atam daxil olmaqla, əksər əks cins nümayəndələrindən eşitmişəm. Hətta bəzən  iç dünyaya səyahət eləməyi olduqca sevən biri kimi öz-özümü çox sorğulamışam. Cavabı konkret olmadığını düşündüyümüz və illər boyu beynəlxalq miqyasda “gündəmə” oturan bu cavabı sən demə, illər öncə Vladmir Menşov veribmiş. Həm də çox aydın və izahlı şəkildə…”Moskva göz yaşlarına inanmır” filmi bu sualın ən gözəl cavabıdır deyə düşünürəm.Xanımları xanımların özündən belə gözəl anlayan Menşov psixoloji məqamları duyub və sanki düşüncələri oxumağı bacarıb. Möhtəşəm müşahidə və dərin həssaslıq…Əvvəlcə statusa dəyər verən insanların xoşbəxtliyi sadə şeylərdə tapması və səmimi gözyaşları…Hansı ki, Moskva və digər bütün nəhəng şəhərlər buna –insanların xəyallarına və çətin yaşam yollarına laqeyddir…

Filmin baş qəhrəmanları oxumağa şəhərə gəlib yataqxanada yaşayan üç qız (Katerina, Lyüdmila və Antonino) bir-birlərindən xarakter olaraq olduqca fərqli üç obrazın həyat hekayələrini və özlərinə çəkdikləri həyat yolunu izləyirik. Bəli, məhz çəkdikləri… Rejissor bunu  filmin başından-sonuna kimi tamaşaçı diqqətinə çatdırmağa çalışır. Hər kəs  öz xarakterinin məhsulu olan həyatı yaşayır. Başqa sözlə, hər kim yüz il yaşamırsa, günah onun özündədir… 

Lyüdmila şıltaq, ərköyün, iddialı və bic qızdır. Hər zaman yüksəklərə can atır. Əldə etmək istədiyi hər şey uğrunda-zəfərə gedən yolda hər bir yol keçərlidir deyə düşünənlərdəndir. Antonina isə olduqca sadə, saf, kiçik şeylərlə xoşbəxt olmağı bacaran obrazdır. Həyatdan gözləntiləri bəlli bir çərçivə daxilindədir və onlara qane olub xoşbəxt hiss edir.

Katerina isə prinsipləri, əqidəsinə sadiq, fərqində olaraq, duyaraq yaşamağa üstünlük verən bir personajdır. Və məhz bu obraz üzərində hadisələr cərəyan edir. Katerina sevmək, sevilmək,qadın xoşbəxtliyi kimi mənəvi məfhumlara çöx önəm verir. Və bu zaman da rəfiqəsi Lyüdmilanın özlərini gənc oğlanlara varlı, statusu olan professorun qızları kimi qələmə vermələri fikrinə istəmsizcə qatılır. Onunla sadəcə ona təqdim edilən nüfüuz və status kimi məsələlərə görə yaxınlıq quran Rudolfun həqiqətlər gün üzünı çıxan zaman göstərdiyi reaksiya onu sarsıdır. Bətnində körpəsi ilə tərk edilir. Və bu zaman rəfiqələri də öz həyatlarını qurmuş olurlar. Onlar dost kimi hər zaman dəstək olsalar da, Katerina öz həyat mübarizəsini təkbaşına aparır. Həm qadın, həm kişi kimi yaşayır, zaman-zaman qadınlığını unudur, amma, xatırlamaq istəyir. Ən maraqlı və diqqətçəkən səhnələrdən biri ağlayaraq çarpayısında yuxuya gedən Katerinanın oyandığı zaman aradan iyirmi il keçmiş olmasıdır. Və Katerina üçün zaman mənalı, gözəl bir yol çəkmişdir. Məsuliyyətli, çalışqan olduğuna görə adi işçi olduğu zavodun illər içində məsul şəxsinə çevrilmiş, rəhbər işçi olmuşdur. Amma, xanım kimi yenə də xoşbəxt deyil, çünki tənhadı, əksikdir, tamamlanmağa ehtiyac duyur. Bu yerdə Merlin Monronun “Soyuq qış gecələrində karyerana sarılıb yata bilmərsən…” ifadəsi insanın ağlına gəlir. Demək ki, varlı və güclü qadın olmaq belə bəs etmir. Halbuki, çoxumuz istədiyimizin məhz bu olduğunu iddia edirik. Hətta Katerinanın yalnızlığı onu evli bir kişinin qollarına atılmağa məcbur edir. Onunla özünü ovundurmağa çalışır, amma bunun izafi cəhd olduğunu özü də dərk edir. Qızıyla ünsiyyəti yox dərəcəsindədir və eyni dildə danışmağı bacarmırlar.

Bütün bu problemlərin fonunda həyat Katerinaya gözəl bir sürpriz edir. Elektrik qatarında təsadüfən tanış olduğu yad bir adam onun qəhrəmanına çevrilir. Goşa tam kişi xarakteridir. Rejissor onu bütün detallarla birlikdə olduqca gözəl işləmişdir. Hər kəsin aşiq ola biləcəyi və axtarışında olduğu bir obraz… Ki bunu yaratmağın heç də asan olmadığını düşünürəm.  Goşa ilk növbədə olduqca sadə və təvazökardır. Elektrik qatarına çirkli ayaqqabılarıyla əlində samavarla daxil olur. Və Katerina daxil olmaqla, bütün tamaşaçılarda kasıb bir fəhlə təsiri bağışlayır.Cibində sadəcə beş rubl olduğunu deməklə, bu təəssürat daha da qüvvətlənir. Daha sonra bazar gəzintisində onun ixtiraçı, bacarıqlı bir institut işçisi olduğunu öyrənirik. Bunu deməyə və təqdimata ehtiyac duymur. Goşa eyni zamanda olduqca cəsarətlidir. İlk görüşdə Katerina və qızına hisslərini etiraf etməkdən çəkinmir və evlənmək istədiyini açıq şəkildə deyir və hər ikisini heyrətə salır. Goşa nə istədiyini bilən və bundan əmin olan, qətiyyətli insandır. Bu da insana qarşı böyük maraq oyadır. Xeyirxahdır, Marusiyaya yardım edir və onu gizli saxlamağa çalışır. Rejissor hər səhnədə Batalovun yaratdığı bu obrazı sanki daha da nəhəngləşdirmişdir.

Moscow Does Not Believe in Tears (1980) - Russian movie online

Film müəyyən qədər köhnə türk (Yeşilçam) filmlərinin ab-havasındadır(varlı-kasıb, statusun sevgidə rolu və s.) Amma bununla belə 1981-ci ildə ən yaxşı xarici film kimi Oskara layiq görülüb. Bir melodram kimi ən önəmli və təqdirəlayiq xüsusiyyəti insanın duyğu dünyasına təsir etmək bacarığıdır. Keyfiyyətli melodramlardan biri kimi insanda iz buraxır. Filmdə ən önəmli fikir və tamaşaçıya ötürülən mesaj isə həyatını, xoşbəxtliyini yalanla, taktikayla qurmaq yerinə, dürüst və doğru şəkildə hərəkət edən insanlar xoşbəxtliyə daha yaxındır. Antoninaya digər iki qızın dediyi “ Sən xoşbəxtsən” ifadəsi də bunu bir daha təsdiqləyir. Çünki, ən yalansız, saf və məsum hal elə xoşbəxtliyin tam özüdür…

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər