“Rusiyanın çöküşü SSRİ kimi bu ölkədən başlayacaq”

kreml9

Sovet İttifaqını param-parça edən “bombanın fitili”ni yandıran “Litva qığılcımı” olmuşdu, indi də Kalininqrad böhranı sonun başlanğıcı ola bilərmi?

“Rusiyanın dağılmasını da Litva başladacaq - necə ki, vaxtilə SSRİ-nin dağılması Litvadan başlamışdı”.

araz.az  Yeni Müsavat-a istinadən xəbər verir  ki, bu fikri rusiyalı tanınmış telejurnalist, obyektiv mövqeyinə görə ölkədən didərgin salınmış Aleksandr Nevzorov bildirib.

Nevrzorov hesab edir ki, Litva Kremldən gələn birbaşa təhdidlərə cavab olaraq Rusiyanın dağılmasında hərəkətverici qüvvəyə çevriləcək. Jurnalist Litvanın müvəqqəti işlər vəkilinin Kalininqrad vilayətinə yük tranzitinin bərpası zərurəti ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinə çağırışını məhz belə şərh edib.

Sitat: “Necə də qəribədir, hər şey təkrarlanır. Bir vaxtlar SSRİ-ni param-parça edən bombanın fitilini yandıran ”Litva qığılcımı" olmuşdu.

Nevzorov nə dərəcədə haqlıdır? Bu konspiroloji baxış həqiqətə çevrilə bilərmi? Litvanın Kalininqrad ərazisində yüklərin daşınmasına blokada tətbiqi sonun başlanğıcı olacaqmı? Çünki Vilnüsün bu addımı Moskvanı möhkəm qəzəbləndirib. Hətta Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bu ölkəni və litvalıları hədələmişdi. Patruşev litvalıların bunun bədəlini görəcəyini acıqlı şəkildə söyləmişdi.

Əslində, o vaxt da Litva hələ sağlam və çox qüdrətli bir imperiyaya üstün gələ bilmişdi. Görünür, Rusiya da “Litva hadisələri” ucbatından çöküş və zəifləmə mərhələsinə qədəm qoya bilər.

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Rusiya Baltikyanı dövlətləri təhdid etməyə başlayıb: “Estoniyanın hava məkanını pozdu, Litvanı hədələdi. Amma bu ölkələrə hücum edə bilməz. Çünki NATO ölkələridir və Şimali Atlantika Alyansına müharibə elan etmək olar. Bu riskə getməz və gərginlik o həddə çatmaz. Rusiya yeni cəbhə açılmasını istəmir. Hətta Finlandiyaya da hərbi təcavüzünü istisna edirəm. Düzdür, Rusiya beynəlxalq hüquq tanımır, amma NATO ilə birbaşa toqquşmaya getməsi və özü üçün lazımsız yeni cəbhə açması ağılsızlıq olardı”.

Ekspertin sözlərinə görə, Rusiyanın da çöküşünün Litva prosesi ilə başlanacağını proqnozlaşdırmaq çətindir: “Rusiya zəif və təsirsiz vəziyyətə gətirilə bilər. Britaniya və ABŞ-ın əsas hədəfi bundan ibarətdir. Bizim təsəvvürlərdəki ”Rusiya dağılacaq" sonluğunu gözləmirəm. Yəni domino daşı kimi ölkə dağılmayacaq, amma illərlə başı özünə, problemlərinə, sanksiyalara qarışacaq. Amma Rusiya üçün ağır dövr post-Putin dönəmi olacaq. Bax, o zamana hazırlıq gedir və istər Ukrayna müharibəsi, istər Litva böhranı bu planın tərkib hissəsidir. Bəli, SSRİ-nin dağılması hərəkatı Litvadan başlamışdı, lakin indi Rusiya üçün Ukraynadan başladılıb".

Siyasi şərhçinin fikrincə, hazırda gedən döyüşlərdə taktiki üstünlük qismən rus ordusunda ola bilər, amma strateji cəhətdən tam məğlubdur: “İlk dəfə müstəqil Rusiya belə izolyasiya ilə üzbəüz qalıb. Özünə demək olar ki, müttəfiq qazana bilməyib, əksinə, tərəfdaşlarını belə itirməkdədir. Bu savaşdan Rusiya ərazi parçalamaqla bəlkə də çıxa bilər, amma illərlə sanksiya, təzyiq altında qalacaq, boykot ediləcək, sanksiyalara qoşulmayan bəzi postsovet dövlətləri ilə münasibətləri saxlamağa çalışacaq”.

“Şimali Atlantika Alyansı (NATO) Rusiyanın Litvaya hücum edəcəyi təqdirdə öz müttəfiqinin müdafiəsinə qalxacaq. ABŞ NATO üzvü olan bütün ölkələrə hər cür hərbi dəstək verməyə hazırdır”.

ABŞ Dövlət Departamentinin spikeri Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

Sözçü Rusiyanın təcavüzünə NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq cavab veriləcəyini açıqlayıb. “NATO Nizamnaməsinin 5-ci maddəsinə əsasən, birinə hücumun hamıya hücum demək olacağına dair öhdəliyimiz sarsılmazdır”, - deyə Prays bildirib. Dövlət Departamentinin sözçüsü əlavə edib ki, Birləşmiş Ştatlar Litva və digər dövlətlərin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi “görünməmiş iqtisadi tədbirləri” alqışlayır.

Qeyd edək ki, Litva iyunun 18-də Rusiyanın Avropa İttifaqının sanksiya qərarlarını əsas gətirərək bəzi malların Kalininqrad vilayətinə tranzitini dayandırmışdı. Rusiya XİN bu qərara kəskin etirazını bildirən nota ilə cavab vermişdi. Etiraz notasında bildirilirdi ki, bu qərar Rusiya ilə Avropa İttifaqı (Aİ) arasında Kalininqrad vilayətinə yüklərin daşınmasına dair 2002-ci il müqaviləsinə ziddir və düşmənçilik niyyəti güdür. “Rusiya tərəfinə məlumat vermədən dəmir yolu ilə Litva ərazisindən Kalininqrad vilayətinə müxtəlif malların daşınmasına məhdudiyyətlər dərhal aradan qaldırılmalıdır. Kalininqradla Rusiyanın qalan hissəsi arasında yük daşımaları bərpa olunmazsa, Moskva öz milli maraqlarını qorumaq hüququnu özündə saxlayır”, - Rusiya XİN-in bəyanatında deyilirdi.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər