İntiharımın məsuliyyəti "NBC Bank", “Aqrolizinq” rəhbərliklərinın və Nəsimi rayon prokurorunun üzərinə düşəcək -- PREZİDENTƏ ŞİKAYƏT

WhatsApp Image 2021 02 22 at 02.55.39
 
Ucar rayonunun Məlikballı kənd sakini Eyvaz Əbülfət oğlu İbrahimov ölkə başçısı İlham Əliyev cənablarına ünvanladığı və sürətini araz.az-a da göndərdiyi Şikayət ərizəsində, üzləşdiyi haqsızlıqlar ucbatından, intihara əl atacağını bildirib. İntiharının məsuliyyətinin "NBC Bank"“Aqrolizinq” rəhbərliklərinın, eləcə də prokurorun üzərlərinə düşəcəyini xüsusi vurğulayan şikayətçinin "çalınan həyəcan təbilinə" bənzəyən həmin ərazisini, olduğu kimi oxucularımızın da diqqətinə çatdırırıq:
  ​   
"Cənab Prezident!
 
Bu Şikayət ərizəmdə yazdıqlarımla, dərdimi Sizə çatdırmaq istəyir və bildirirəm ki, "NBC Bank"ın məsul şəxsləri, «Aqrolizinq» ASC rəhbərliyi ilə əlbir olaraq, mənim külli miqdarda pulumu mənimsəyiblər. Mən onların "toruna belə düşmüşəm". Belə ki, kənd təsərrüfatı texnikasını lizinqlə almaq üçün, 24 dekabr 2019-cu il tarixində paytaxt Bakıdakı “Aqrolizinq” ASC-də oldum və orada, bu qurumun məsul şəxsləri ilə razılaşdım ki, "Belarus -- 892" markalı traktoru lizinqlə alım. Buna görə, "NBC Bank""Lizinq" MMC ilə, kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə, 27 dekabr 2019-cu il tarixdə 560 nömrəli müqavilə bağladıq.​ Mənə verilən sənədlər (müqavilə və etibarbanamə) əsasında, 27 dekbar 2019-cu il tarixində, 10292 (on min iki yüz doxsan iki) manat pulu "NBC Bank"a ödədim. Bundan sonra dedilər ki, zəng edib, mənə nə vaxt gələcəyimi, texnikanı götürəcəyimi bildirəcəklər. Uzun müddət gözlətdikdən sonra, 24 aprel 2020-ci il tarixdə məni çağırdılar ki, açılan aylıq ödənişə əsasən, əlavə 275 manat "NBC Bank"a ödəniş edim. Və bildirdilər ki, 15 may 2020-ci il tarixində texnika mənə veriləcək.
Həmin ilin aprel ayının 28-də mənə zəng edib bildirdilər ki, "NBC Bank" bağlanıb. Buna görə, mənə lizinq yolu ilə texnikanı vermək mümkün olmayacaq. Hətta, bir daha bildirim ki, "NBC Bank", mənə müqaviləyə görə texnikanın alınmasına dair açılmış qrafikə əsasən, mənə traktor verilməsə də, bir ayın pulunu -- 275 manat həmin pulu da qabaqcadan ödətdirmişdi. 
27 dekabr 2019-cu il tarixində bağlanan 560 nömrəli müqaviləyə əsasən, texnika mənə 20 gün müddətinə verilməli idi. Lakin, əvvəlcədən əlbir olmuş bir qrup vəzifəli şəxsin mənə qarşı etdikləri bu qanunsuzluqlar və korrupsiya cinayətləri ucbatından, bu mümkün olmadı. Hara şikayət etsəm də, bu ciddi məsələ  araşdırılmadı. Pis nəticəsi isə, göz qabağındadır: Həmin cinayətkarlar barəsində, indiyədək qanuna müvafiq tədbirlər görən olmayıb.
     
Cənab Prezident!
 
"Aqrolizinq" ASC tərəfindən mənə bir neçə dəfə bildiriblər ki, "NBC Bank", mən ödədiyim pulları, onların hesabına köçürməyib. Mənə bundan sonra məlum olub ki, bir qrup vəzifəli şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, məni aldadıblar və pulumu ələ keçiriblər. ​ Bunun adı isə, əsl korrupsiya cinayətidir.​ Çünki ödədiyim 10567 manat pulumun taleyi bilinmir. Nə pulum özümə qaytarılmayıb, nə də ki, texnika mənə verilməyib.
Etdiyim şikayətlərdən sonra, nəhayət, 08 iyun 2020-ci il tarixində, məni, “NBC Bank”  ASC-nin Ləğvedicisi Əmanətlərinin Sığortalanması Fondundan çağırıb, lizinq hesabına ödədiyim pulun təchizatçıya ödənilməsi xahişi ilə, mənə Ərizə yazdırdılar. Bundan sonra isə, bir daha "ağ edib", mənə dedilər ki, pulumun təchizatçıya ödənilməsi prosesi uzun çəkəcək.
Mən ikinci qrup əliləm, ailəmizdə heç kəs işləmir. Bütün bunlara baxmayaraq, lizinq yolu ilə almaq istədiyim texnikaya görə, 27 dekabr 2019-cu il tarixdə bağladığım müqavilənin şərtlərinə tam əməl etmişəm, hətta, bir aylıq ödəniş də etmişəm.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, 27 dekabr 2019-cu il tarixli müqavilənin şərtlərinə əsasən, "NBC Bank" pulumu 20 gün müddəti ərzində "Aqroliznq" ASC-nin hesabına köçürməli idi. Ancaq bunu etmədi. Yalnız 4 aydan sonra bu bank bağlandı ki, indi bunun əsas göstərilməsi qanunsuzluqdur və ağrı-acısını da mən çəkirəm.
Bu cinayət əməlidir ki, "NBC Bank"-ın məsul şəxsləri "Aqroliznq" ASC rəhbərliyi ilə əlbir olaraq, istədiklərini ediblər. Nəsimi Rayon Prokurorluğunda mənim şikayət ərizələrim araşdırılsa da, işi aparan prokurorluq əməkdaşı rüşvət hesabına bu korrupsioner rəhbər şəxslər barəsində cinayət işi başlatmadı. Əslində isə, onların əməllərində qatı cinayət əməllərinin tərkibi açıq-aydın görünür. Bunu danmaq və inkar etmək də olmaz. Axı, bir qrup vəzifəli şəxs dəldəuzluq, korrupsiya cinayəti törədib, qorxub-çəkinmədən mənim pulumu ələ keçiriblər.
         
Cənab Prezident!
 
Sizdən çox xahiş edirəm, Şikayət ərizəmi araşdırıb, müqaviləyə əsasən, "NBC Bank"a ödədiyim 10567 manat pulumun tez bir zamanda təchizatçıya qaytarılmasına köməklik göstərin! Mənə qarşı cinayət etmiş "NBC Bank"ın rəhbərliyi barəsində qanuni tədbirlər görülməsinə ciddi göstəriş verməyinizi də Sizdən xahiş edirəm! Əks təqdirdə, mən intihara əl atacağam. Bunu kiməsə qorxu gəlmək  üçün demirəm və istəyimdə tam olaraq israrlıyam. Tam əminəm ki, intiharımın məsuliyyəti isə, elə, "NBC Bank" və “Aqrolizinq” rəhbərliklərinın, eləcə də Nəsimi Rayon Prokurorluğunun üzərinə düşəcək!". 
 
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.

Əlaqəli xəbərlər