Bakının azadlığının 102 ili; 15 Sentyabr -- daşnak-bolşevik işğalına son qoyulan TARİXİ GÜN

WhatsApp Image 2020 09 15 at 05.52.38

Sentyabr ayının 15-i düz 102 il bundan öncə, Azərbaycan -- Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik bir gün kimi keşməkeşli tariximizə  yazılıb; Ona görə ki, 1918-ci ilin məhz bu uğurlu günündə, tərkibində 7000 nəfərə qədər yerli qüvvəsi olan Azərbaycan Korpusu ilə birlikdə, təxminən 8000 Osmanlı Əsgərini də Bakıya gətirən Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi altında Bakıya daxil olaraq, paytaxtımızı  bolşevik-daşnak işğalından azad edə bilib. Onda, Bakının azad edilməsinə rəhbərliyi öz üzərinə götürən Nuru Paşanın 10 sentyabr tarixli əmri ilə, Şərq cəbhəsi komandanlığı və ona məxsus Şimal qrupu ləğv edilərək, cəbhədəki bütün birliklərin hərəkatı bilavasitə Qafqaz İslam Ordusu komandanlığına həvalə olunub. Komandanlıq isə, göndərdiyi 13.09.1918-ci il tarixli əmri ilə, sentyabrın 14-ü gecə saat 2-də Bakıya hücumun başlayacağını döyüşən diviziyalara çatdırıb. Və bu qəti hücum əvvəlcədən tərtib olunmuş plan üzrə uğurlu bir başlanğıc alıb. 
Həmin gün gecə saat 2-də 5-ci Qafqaz tüməni Heybət -- Biləcəri dəmiryolu istiqamətində irəliləməyə başlayıb və 1-ci Bakı müdafiə xəttini saat 3-də, 2-ci Bakı xəttini isə, saat 6-da uğurlu bir döyüş əməliyyatı ilə ələ keçirib. Bu zaman hücuma keçməyə hazırlaşan düşmən qüvvələri top atəşləri ilə dağıdılıb. Bu döyüşdə hücumun əsas qəhrəmanına çevrilən 56-cı alay strateji təpələri ələ keçirərək, qarşısındakı düşməni təqib edə-edə irəliləyib. Bu vaxt 15-ci alay isə, sərt Biləcəri yamaclarını tutub. Bundan başqa, həmin alaya mənsub Maştağa dəstəsi Sabunçunu ələ keçirib. Bu vaxt Azərbaycan könüllüləri Keşlə stansiyasını ələ keçirib. Məcburiyyətdən, açıq savaşdan qaçan erməni daşnakları şəhər daxilində məhəllə və ev davasına keçiblər. Onlar bununla sanki məlum mart soyqırımını təzələmək istəyiblər, lakin istəklərinə çatmayıblar. Məcburiyyətdən, sentyabrın 14-də general Denstervill və Sentrokaspi Diktaturası hökuməti, Bakı kоmissarları ilə birlikdə Bakıdan qaçıblar. 
Sentyabrın 15-də Gəncədə dərc edilən "Azərbaycan" qəzetinin ilk sayında Bakının azad edilməsi haqqında xoş xəbərlər öz əksini tapıb. Azərbaycan Xalq Cümhuriyyəti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Təbrik Teleqramı da, həmin xoş xəbərlərin sırasında yer alıb. Bu teleqramda bildirilib ki, sentyabrın 15-i səhər saat 9-a işləyəndə, igid ordu hissələrimiz tərəfindən Bakı işğaldan tam azad olunub. 
Ən əsası odur ki, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən sonra, sentyabr ayının 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gəncədən Bakıya köçürülüb. Bir sözlə, bu tarixi hadisə ilə həm  ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub, həm də bu hadisə ilə müstəqilliyi təmin olunan Azərbaycanda olduqca çətin dövlət quruculuğu prosesinin əsas mərhələsi başlanıb. Məhz buna görədir ki, Bakının azadlığı uğrunda həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 nəfər şəhid verən Qafqaz İslam Ordusunun şəhər ətrafında dayanan müzəffər qoşun hissələrinin sentyabrın 18-də Bakıya daxil olmasını, şəhərin əsl sahibləri -- Azərbaycan türkləri əsl xilaskarları kimi, böyük hərarət, ruh yüksəkliyi və təmtəraqla qarşılayıblar. Bir sözlə, müzəffər Türk Ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Hətta məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Türk Ordusunun şərəfinə indiki Dövlət Filarmoniyasının binasında təntənəli ziyafət də təşkil edib.  Bu tədbirdə Hacının şəxsən özü tərəfindən ordu komandanına və onun qəhrəman sərkərdələrinə hədiyyələr də təqdim olunub.
Bəli, Bakının azad olunduğu gün Azərbaycan -- Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisəyə çevrilib. Hətta 70 illik ömür yaşayan qorxu dolu sovetlər dönəmində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, xalqımız qardaş Türk Əsgərinin qəhrəmanlığını heç vaxt unutmayıb və onu qəlbində yaşadıb.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra isə, hər ilin sentyabr ayının 15-də təkcə Bakıda deyil, Gəncədə, Sumqayıtda, Lənkəranda, Şamaxıda, Göyçayda, eləcə də digər şəhər və rayonlarda da ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Osmanlı əsgərlərinin məzarları ziyarət olunub və paytaxtın Şəhidlər Xiyabanındakı şəhid Türk Əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi önündə yaddaqalan anma mərasimləri keçirilib. Elə, bu gün olduğu kimi!
Bu gün, artıq, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birində özünə layiqli yer tutan həmin hadisədən 102 il ötür. Göründüyü kimi, aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən bu qardaşlıq köməyi xalqımız tərəfindən heç vaxt unudulmayıb. Bu tarixi hadisə ötən illərdə daim minnətdarlıq hissi ilə xatırlanıb və illər, qərinələr, əsrlər keçdikcə xatırlanacaq da!..
Bu tarixi gündə, "Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivləri çoxdankı bir diləkləri ilə, bir daha, Ulu Tanrıya əl açır: Qoy, Böyük Allah, belə bir tarixi zəfər gününü, illərdi rus-erməni işğalında əziyyət çəkən Qarabağ torpağında tezliklə qeyd etməyi də, iki qardaş ölkənin  ordusuna birgə qismət etsin!
 
"Araz" Media Qrupunun və araz.az xəbər portalının kollektivləri.

Əlaqəli xəbərlər