
İkinci Dünya və Qarabağ savaşlarında qazilərimizin göstərdikləri qəhrəmanlıq nümunələri unudulmazdır
Araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, dünən Azərbaycan Prezidenti yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbbüsü ilə, “Qəhrəmanlıq tariximizin təbliği” layihəsi çərçivəsində, Nəriman Nərimanov prospekti, 203 ünvanında sanballı tədbir keçirilib. Tədbiri giriş sözüylə, adını yuxarıda çəkdiyimiz İctimai Birliyin prezidenti Tofiq Əlizadə açıb. O, öz çıxışında, əsasən, onu xüsusi vurğulayıb ki, Azərbaycan xalqının möhtəşəm qəhrəmanlıq nümunələri qədim tariximizin səhifələrində öz əksini daha geniş tapıb: "Azərbaycanın qəhrəman övladları həmişə yadelli işğalçılara qarşı cəsarət və qeyrətlə mübarizə aparıblar. Elə, son 300 ildə, çar Rusiyasının Azərbaycana qarşı işğalçılıq siyasəti nətəçəsində baş verən qanlı vuruşlarda 100 minlərlə igidimiz qəhrəmanlıqla şəhid olublar. 1939-cu ilin sentyabr ayının 1-də faşist Almaniyası, ildırımsürətli “Barbarossa” planına uyğun olaraq, Polşanı işğal edib. Bununla da, bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci ilin iyun ayının 22-də isə, Hitler Almaniyası, o vaxt Azərbaycanın da daxil olduğu nəhəng SSRİ-yə qarşı qan-qadalı savaşa start verməkdən çəkinməyib. 1945-ci ilin may ayının 9-da ağlasığmaz dəhşətli itkilərlə yekunlaşan, daha doğrusu, Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ bayrağının sancılması ilə başa çatan bu dağıdıcı müharibədə, 660 min nəfər soydaşımız da qəhrəmancasına iştirak edib. Bir sözlə, Azərbaycan diviziyaları Qafqazdan Berlinədək tarixə həkk olunmuş mübarizə yolu keçib; 130-a yaxın azərbaycanlı o vaxtın ən nüfuzlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər “Şərəf” ordeni, 170 min soydaşımız isə, SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib...".