“Laçın şəhəri və qonşu kəndlər ermənilərin nəzarətində qalacaq” – Laçının “meri” Narek Aleksanyan

1606844068 25328661
 
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları bəyanata əsasən, Laçın rayonu bu gündən bizim nəzarətimizə keçməlidir. Ötən gecə Azərbaycan Müdafiə Nazirliyi rayonun artıq əsgərlərimizə təhvil verildiyini bildirmişdi. Bölgədən isə fərqli səslər gəlir.

Ovqat.com xəbər verir ki, Laçın şəhərinin “meri” Narek Aleksanyan rayonu boşaltmadıqlarını və buna heç hazırlaşmadıqlarını da bildirib.

“Sputnik – Ermənistan” portalına açıqlamasında Laçın rayonunun yalnız şimal hissəsinə Azərbaycan ordusunun yerləşdirildiyini bildirən “mer” rayon mərkəzinin və ətrafının ermənilərdə qalacağını deyib.

"Sakinlər Laçında qalır. İndi şəhərdə olduqca çox əhali var. Ümumilikdə, Laçında hər hansı təhlükəli və ya panikalı vəziyyət müşahidə edilmir", - deyə o bildirib.

Aleksanyan ermənilərin nəzarətində qalacaq yerlərin konkret adlarını da çəkib: Laçın şəhəri, onun yaxınlığında yerləşən Axalov və SOS kəndləri.

Bununla belə, “mer” əhalinin sona qədər həmin yerlərdə qala biləcəyinə də əmin deyil. "Hər halda, hazırda malik olduğumuz bu məlumat belədir və ümid edirəm ki, heç bir dəyişiklik olmayacaq", - deyən Aleksanyan onu da vurğulayıb ki, ermənilər bu gün Laçını tərk etmək niyyətində deyillər.

Mer qeyd edib ki, onun informasiyası yalnız özünün və rayon administrasiyasının malik olduğu məlumatlara əsaslanır: “Ermənistan və Qarabağın yüksək rütbəli rəhbərliyindən məlumat almırıq”.

Qeyd edək ki, bu gün Azərbaycan prezidenti İlham Əliyev Laçın şəhərinin ətrafından yol çəkiləcəyini və Laçın dəhlizinin həmin yoldan keçəcəyini, bundan sonra isə ərazilərin əsl sakinlərinə - azərbaycanlılara qaytarılması prosesinə başlayacağını bildirmişdi. Narek Aleksanyan bu fikri şərh edərək bildirib ki, onun bu barədə heç bir məlumatı yoxdur.
 
 

Əlaqəli xəbərlər