“10 noyabr razılaşmasının 3 bəndi yerinə yetirilməyib…”

putin ilham razilasma sened e1614583854486

Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında bəyan etdi ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanat tam icra olunmalıdır.

“Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur”, deyə ölkə başçısı vurğulayıb. Maraqlıdır, müzakirə edilən hansı məsələlərdir? Bu barədə ekspertlər nə düşünür?

Politoloq Qabil Hüseyn hesab edir ki, ilk növbədə Laçın dəhlizində Azərbaycanın suverenliyinin bərpa olunmalıdır: “Laçın dəhlizində Azərbaycanın həm sərhəd, həm də gömrük buraxılış mənqəqələrinin qurulması müzakirə mövzusudur.

İkinci, bütün sərhədllərin demarkasiyası (döyüşən dövlətlərin qoşunlarını müvəqqəti barışıq zamanında sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt) və demilitasiyası (müəyyənləşdirilməsi), o cümlədən, Qazax rayonundakı kəndləri. Çünki bu rayonda 7 işğal edilmiş kəndlə yanaşı ötən əsrin 80-ci illərinin əvvəllərində 14 min kvadratmetr ərazi Moskvanın göstərişiylə Ermınistana verilib, sərhədlər müəyyənləşəndə bu da nəzərə alınacaq”.

Q.Hüseynlinin vurğulamasına görə, status məsələsinə Rusiya tərəfindən ilk vaxtlar yanaşması çox ehtiyatlıydı, indi Moskva yenidən ATƏT-nin Minsk Qrupunu işə salıb: “Əvvəlki vaxtlarda fərqliydi, Moskva 2+2 formuluna üstünlük verirdi, Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan, indi beynəlxalq mandatın lazım olduğunu deyərək Ankaranı proseslərdən kənarda qoymağa çalışır. Amma Rusiya-Türkiyə monitorinq qrupu fəaliyyət göstərirsə, deməli, Türkiyə Cənubi Qafqaza yerləşib. Gələcək hadisələrin inkişafında Türkiyənin mövqeyi mütləq nəzərə alınacaq”.

Politoloqun fikrincə, əslində, Azərbaycan dövlət başçısı demək istəyir ki, 10 noyabr sazişi yerinə yetiriləcəksə, bölgədə layihələrin reallaşması mümkündür: “Əgər Ermənistan özünü normal aparıb proseslərin gələcəyini görəcəksə, çox böyük uduş əldə edə bilər. Yox, Rusiya tərəfi Ermənistan ordusunu yenidən qurub, silahlar verib gərginlik yaradan mərkəzə çevirmək istəyirsə, bu, baş tutmayacaq. Prezident onu da əlavə etdi ki, nə qədər yalançı kreditlərlə Ermənistana silah vermək olar, bunları dəyəri 5-6 milyard dolları ötüb. Bütün hallarda bölgədə gərginliyin baiskarı bir superdövlətdir, o da əməlləriylə bunu sübuta yetirir”.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə “Azadlıq” radiosuna deyib ki, 10 noyabr bəyanatının 9 bəndindən 3-ü yerinə yetirilməyib. Onun fikrincə, yerinə yetirilməyən bəndlər deyəndə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, qaçqınların geri qayıtması, 51-dən çox yaşayış məntəqəsinin boşaldılmamasından söhbət gedir.

Ekspertin deməsinə görə, həmçinin Dağlıq Qarabağ daxili kommunikasiyaların açılması müzakirə mövzusudur: “Sənəddə daxili kommunikasiyaların açılması göstərilsə də, konkret olaraq Mehri dəhlizindən danışılır. Bu 3 bənd yerinə yetirilmədiyi üçün müzakirə mövzusu olduğunu düşünürəm. Bunların əsası adına “Qarabağ müdafiə ordusu” qoyduqları Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması və qaçqınların yurdlarına qaytarılmasıdır. Bura Şuşanın 33 kəndi, Ağdərənin 14 kəndi, Xocalı, Kərkicahan, Kosalar, Xocavəndin iki kəndi daxildir. 1992-ci ilə qədər bu kəndlərdə azərbaycanlılar yaşayıb, onlar qayıtmalıdır. İndiyə qədər həmin bəndlər yerinə yetirilməyib. (yenisabah.az)

Əlaqəli xəbərlər