Professor: "COVID-19 insanları öldürmür, onları öldürən..." - "Öpüşüb-görüşməkdən imtina etməklə yoluxmanı kəskin azalda bilərik"

covidjpg 1608626706

"İstənilən infeksiya kimi COVID-19-a qarşı təbii immunitetin yaranması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, infeksiyaya yoluxub sağalmış insanlarda əmələ gələn immunitet həmin virusa qarşı ən müasir peyvəndlərin belə əmələ gətirdiyi immunitetdən dəfələrlə güclü olur".

Bunu Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri, professor Musa Qəniyev deyib.

Onun sözlərinə görə, təbii xəstələnmə fonunda orqanizm virusun hansısa bir fraqmentinə qarşı deyil, canlı virusun bütün subvahidinə (örtük təbəqə, matriks və nukleoprotein sırası) qarşı, hüceyrə yaddaşına total şəkildə həkk olunan, aktiv immunitet formalaşdırır: "Odur ki, mutant ştamından asılı olmayaraq, bütün təkrar yoluxma halında insan bu infeksiyaları çox yüngül, yəni mövsümi infeksiya kimi keçirir”.

M.Qəniyev qeyd edib ki, COVID-19-un əsas yoluxma mənbəyi hava-damcı yolu, yəni nəfəs-nəfəsə dayanmaq, xüsusən öpüşüb-görüşmək kimi ünsiyyət formasıdır: "Odur ki, öpüşüb-görüşməkdən imtina etməklə də, yoluxma sayının kəskin azalmasına nail olmaq mümkündür"/Report.

Professor əlavə edib ki, hər gün sosial şəbəkələrdə kiminsə virusdan ölümü xəbəri verilir: "Bu da digər insanlara güclü psixoloji təsir göstərir".

Onun sözlərinə görə, əslində ölümün səbəbi rəsmi mənbələrə istinadən yalnız patoloq-anatomun təsdiqindən sonra verilməlidir: "Naməlum ölüm səbəbləri COVID-19-un statistikasına salınmamalıdır. Bunu etmək cinayətdir. Hər bir şüurlu insan bilməlidir ki, ölüm canlı aləm üçün haqdır və qaçılmazdır. Canlı toxuma, postnatal inkişafın yaş dövrlərinə uyğun olaraq, məruz qaldığı mərhələli dəyişikliyin hər birində subhüceyrəvi genom vahidi itirərək, irsiyyətini yaşatmaq üçün sonda canlı həyata əlvida deyir. Yəni, ölüm həyatın sonu yox, yeni həyatın başlanğıcıdır. Bu ölümlər əbədi yaşam qanunudur. İnsanları qorxudub onların psixoloji sarsıntı keçirməsinə səbəb olmaqdansa, hər kəsə daha düzgün və elmə əsaslanan məlumatların verilməsi daha doğrudur".

Professor bildirib ki, COVID-19 insanları öldürmür: "İnsanları öldürən profilaktik və şəxsi gigiyenik tədbirlərə əməl olunmaması, ruhi sarsıntı, stress, gərginlik, koronavirusa görə yaranan endogen ölüm qorxusudur. COVID-19-dan qorunmanın ən sadə və etibarlı yolu - yalnız adi gigiyenik tələb və normal ünsiyyət formalarına əməl etmək və koronavirus "xofunu" birdəfəlik unutmaqdır".

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər