“Rus NATO-su” bitdi, artıq “türk NATO-su” var - Özbəkistandan kritik qərar

photo 482871Özbəkistan “Rusiya NATO-su” kimi tanınan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaqdan imtina edib. Bunu Özbəkistan prezidentinin mətbuat katibi Şirzad Əsədov deyib.

O, bildirib ki, ölkəsi KTMT-yə qoşulmaq niyyətində deyil. “Biz KTMT-dən hər hansı bir dəvət və təklif almamışıq. Üstəlik, bizim qanunlara görə, ölkə ərazisində hər hansi bir hərbi baza və bu qəbildən olan qurumların fəaliyyət göstərməsi və qurulması qadağandır. Həmçinin Özbəkistan öz təhlükəsizliyini özü təmin edə biləcək gücdədir”.

Qeyd edək ki, Özbəkistan 1992-ci ildə KTMT-nin qurucu ölkələrindən biri olub. Sonradan bu təşkilatdan çıxıb, 2006-cı ildə rəsmi Daşkənd yenidən KTMT üzvü olub. 2012-ci ildə isə yenidən KTMT-dən çıxdığını elan edib.

Son 9 ildə Özbəkistanın KTMT-yə qayıtması ilə bağlı bir sıra cəhdlər olsa da, ölkə rəhbərliyi müxtəlif diplomatik manevrlərlə bundan yayına bilib. Son olaraq bu günlərdə Əfqanıstanda Talibanın hakimiyyəti ələ alması post-sovet məkanında Özbəkistanın KTMT-yə qayıda biləcəyi iddialarının irəli sürülməsinə səbəb olub. Lakin Əsədovun da qeyd etdiyi kimi, Özbəkistan KTMT-yə qayıtmaq niyyətində deyil. Maraqlısı isə bundadır ki, Özbəkistan son dövrlər Türkiyə ilə hərbi-siyasi əməkdaşlığını genirləşdirib. Ötən aylarda iki dövlət arasında birgə hərbi təlimlərə start verilib. Belə bir şəraitdə Özbəkistanın KTMT-yə arxa çevirməsi onun Türkiyə liderliyində formalaşacaq yeni hərbi alyansa qatıla biləcəyi ehtimalının səsləndirilməsinə səbəb olub.

Mövzuyla bağlı EDNews.net-ə danışan professor Cengiz Tomarın sözlərinə görə, Özbəkistan daha müstəqil siyasət yürütmək istəyir: “Bilirsiniz ki, Rusiya SSRİ-nin süqutundan sonra bütün post-sovet məkanını öz nüfuz dairəsi hesab edir və bu dövlətlərin daxili və xarici siyasətlərinə ardıcıl müdaxilələr etməyə çalışırdı. Hazırda Moskvanın bu imkanları getdikcə məhdudlaşır.

Türkiye'ye karşı 'Güney cephesi' kuruluyor'

Özbəkistan böyük əraziyə, 35 milyona yaxın əhaliyə, əlverişli iqtisadi imkanlara sahib ölkədir. Həmçinin onun Rusiya ilə quru sərhədləri yoxdur. Bu baxımdan Özbəkistan əlində olan bütün imkanlarından müstəqilliyini qoruyub genişləndirmək üçün istifadə edir. Rəsmi Daşkənd illərdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qatılmamaqla bağlı bir diplomatik mövqe sərgiləyir. Özbəkistanla birlikdə Qazaxıstan da KTMT-dən uzaqlaşmaq üçün cəhdlər edir. Hər iki ölkənin bu cəhdlərinə Rusiya siyasi dairələrindən sərt reaksiyalar olub və bu gün də müxtəlif rus siyasətçilər bu dövlətləri hədəf alan açıqlamalar verir. Lakin Özbəkistanın Rusiya ilə sərhəddə malik olmaması və Şövkət Mirzəyev dövründə Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsi rəsmi Daşkəndin Rusiyadan müstəqil bir xarici siyasət yürütməsinə imkan yaradır”.

C.Tomar həmçinin Özbəkistanın KTMT-yə daxil olmayacağını açıqca elan etməsini Türk Şurası təşkilatının və Türk Birliyinin gələcəyi üçün əhəmiyyətli hadisə hesab edir.

“Özbəkistanın KTMT-yə qatılmaqla bağlı mənfi cavabı Türk Şurasının gələcəyi üçün strateji əhəmiyyətə malik, çox önəmli hadisədir. Bundan əvvəl Özbəkistan rəsmi şəkildə latın əlifbasına keçidlə bağlı qərar qəbul etmişdi. 2019-cu ildən Türk Şurasının daimi üzvü olan Özbəkistan son dövrlər açıq-aşkar türkdilli dövlətlərlə əməkdaşlığını genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir” – deyə, o, qeyd edib.

C.Tomar həmçinin Özbəkistanın və Qazaxıstanın Türkiyə ilə birgə keçirdiyi hərbi təlimlərə diqqət çəkərək gələcəkdə “Rusiya NATO-nun” yerində “Türkiyə NATO-nun” qurula biləcəyini də istisna etməyib:

“Hazırda Türkiyənin həm Özbəkistan, həm də Qazaxıstanla hərbi-siyasi əlaqələri olduqca yaxşı vəziyyətdədir və inkişaf etməkdədir. Özbəkistanın Türkiyə ilə ticarət, təhsil, təhlükəsizlik və müdafiə sənayesi istiqamətində əməkdaşlığı getdikcə genişənir. Eyni zamanda Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlığın səviyyəsi də göz qabağındadır. Türkiyə, Azərbaycan, Özbəkistan və Qazaxıstan türk dünyasının 4 böyük gücüdür və bu dövlətlər arasındakı hərbi-siyasi əməkdaşlığın inkişafı türk inteqrasiyasına xüsusi bir intensivlik qazandıra bilər. “Türk NATO-nun”, daha doğrusu türkdilli dövlətlərin hərbi əməkdaşlıq alyansının qurulması hazırda olduqca zəruridir, lakin bunun qarşısında bir sıra əngəllər var. Bununla belə türkdilli dövlətlərin qarşılıqlı əlaqələrində müşahidə edilən bu tendensiya davam edərsə sözügedən əngəllər də aradan qalxa və türk respublikalarının hərbi alyansı regiondakı güc mərkəzlərinə böyük bir alternativ ola bilər”.

Nicat İSMAYILOV.

Əlaqəli xəbərlər