“Azadlıqda həbsxanadan daha çətin olacaq” - Ən nüfuzlu qanuni oğru sərbəst buraxıldı...

1634918139 azadliqda hebsxanadan daha cetin olacaq

Cinayət aləmi onu necə qarşılayacaq?

Cinayət dairələrində Taro kimi tanınan və bütün postsovet məkanında ən nüfuzlu qanuni oğrularından biri olan Tariel Oniani İspaniya həbsxanasından azad edildi. O, həm Avropanın özündə, həm Rusiyada, həm də keçmiş SSRİ ölkələrində cinayət yolu ilə əldə edilmiş kapitalın yuyulması ilə məşğul olan cinayətkar qrup yaratdığına görə həbs olunmuşdu. Taronu “köhnə məktəb”in son qanun oğrusu adlandırırlar: o, həmişə oğru kodeksinə sadiq qalaraq Rusiya cinayət aləminin digər liderləri ilə düşmənçilik edirdi. Onun əsas düşmənləri - Aslan Usoyan (Ded Xasan) və Vyaçeslav İvankov (Yaponçik) sonradan killer  gülləsinin qurbanı olmuşdular. Lenta.ru əfsanəvi Taronun sərbəst buraxılmasından sonra şimal qonşumuz Rusiyanın cinayət dünyasında hansı dəyişikliklərin baş verə biləcəyini öyrənməyə çalışıb.

 

araz.az  Moderator.az-a istinadən həmin yazını oxucularına təqdim edir.

Gürcüstanın Lentexi şəhərindən olan Tariel Oniani oğru titulunu hələ 1979-cu ildə qazanıb. 80-ci illərin sonunda Gürcüstanda ən nüfuzlu sayılan Kutaisi qrupu Taronun rəhbərliyi altına keçdi: qrup  50 qanuni oğrudan və 500-ə yaxın sıravi adamlardan ibarət idi. 1989-cu ildə isə Oniani Moskvanı fəth etməyə getdi.

Paytaxtda tez bir zamanda özünə nüfuzlu düşmən qazandı - əfsanəvi qanuni oğru Vyaçeslav İvankov (Yaponçik). Buna səbəb  Yaponçiklə digər qanuni oğru İlya Simonia (Maxo) arasındakı münaqişədə Taronun həmyerlisini dəstəkləməsi oldu. 

Taro bilirdi ki, Yaponçik onu düşməninə dəstəyə görə bağışlamayacaq və həbsxanadan çıxanda mütləq onunla haqq-hesab çürüdəcək. Buna görə də gürcü avtoritet hüquq-mühafizə orqanlarına belə hiss etdirmədən Rusiyanı tərk etməyə tələsdi. Taro əvvəlcə Fransada, sonra isə Belçikada məskunlaşaraq hər yerdə cinayət əlaqələrindən fəal şəkildə istifadə edirdi.

Məhz Taronun səyləri ilə keçmiş SSRİ-nin hər yerindən qaçaqmalçılıq yolu ilə Avropaya gətirilən araq və şərab axını artdı. Rusiyaya isəTaronun adamları xarici siqaretl və paltarlar dolu konteynerlər göndərirdi. Beləliklə, qanuni oğru tez bir zamanda böyük ölçüdə qeyri-qanuni kapital toplamağı bacardı.

Bu pullar onun Rusiyadakı əlaltılarının ticarət- satış məntəqələrinə nəzarət etməyinə, həmçinin hüquq-mühafizə orqanlarına və məhkəmələrə rüşvət verməyinə imkan verirdi.

Lakin 22 fevral 1995-ci ildə Belçika jandarmeriyasının  əməkdaşları Taronu onun ən yaxın köməkçisi Merab Canqveladze (Suxumski) ilə birlikdə Antverpendə saxladılar.

Tezliklə kriminal avtoritetin vəkillərinə məlum oldu ki, Taro Merab Suxumski ilə açıq əlaqə vasitəsilə Moskvaya narkotik partiyasının tədarükü məsələsini müzakirə etməklə ehtiyatsız davranıb. Hər iki qanuni oğru Belçika xüsusi xidmət orqanları tərəfindən artıq gizlin dinlənildiklərini bilmirdilər. Həmin vaxt Taro girov müqabilində həm özünü, həm də Merab Suxumskini azad etdirərək və sonradan ümumiyyətlə, onlara qarşı təqiblərin dayandırılmasına nail olmaq üçün kifayət qədər pul xərcləmişdi.

“O, başqa cür yaşaya bilmir”

Taro daha ehtiyatlı olmağa başladı - o, məxfi qalmağa daha çox diqqət yetirir və bir çox qərarlarını köməkçilərinə həvalə edirdi. Fransa və Belçika polislərinin “qapağı altından” çıxmaq üçün qanuni oğru İspaniyaya köçdü və burada Barselonanın elit rayonlarından birində gözəl villa aldı.

Məhz oradan o, öz cinayətkar imperiyasını idarə edir, Rusiyadakı işləri izləyir və Yaponçikin tərəfdarlarının əleyhinə gedərək yeni qanuni oğruların tacqoyma mərasimlərini təşkil edirdi. Bundan əlavə, o, İspaniyada Rusiya cinayət dünyasının hazırkı lideri Zaxari Kalaşov (Şakro Molodoy) ilə birlikdə çirkli pulların  yuyulması biznesi üçün “İspan camaşırxanasını”  işə saldı.

Qanuni oğru Zaxari Kalaşov (Şakro Molodoy)

Onun fəal “müştərisi” o dövrün əsas qanuni oğrusu Aslan Usoyan (Ded Xasan) idi, o, Yaponçiklə ittifaqına baxmayaraq, öz mənfəətini birinci yerə qoyur.

2005-ci ilə qədər Taro tipik bir Hollivud mafiya başçısı kimi yaşayır və uğurlu biznes aparırdı. Lakin sonra İspaniya polisi vertolyotların və hətta zirehli transportyorların dəstəyi ilə “Arı” adı altında keçirilən xüsusi əməliyyat çərçivəsində onun villasına soxuldu. Əməliyyatçılar Barselonada, Alikantedə və İspaniyanın bir sıra kurortlarında 50-dən çox axtarış apardılar, Taronun onlarla adamını saxladılar, lakin gözlənilmədən qanuni gürcü oğrunu gözdən qaçırdılar.

İspan polisinin əməkdaşları

Tanışları onu hazırlanan xüsusi əməliyyat barədə xəbərdar etmişdilər və Taro İspaniyanı tərk edə bilmişdi. Tezliklə Madrid onu cinayətkar qrup yaratmaq və çirkli pulların yuyulmasında ittiham edərək axtarışa verdi. Tezliklə məlum oldu ki, Taro Rusiya vətəndaşlığı alıb və Gürcüstana müraciət edərək onu bu ölkənin vətəndaşlıq statusundan çıxarmağı xahiş edib.

“Həyat tərzini dəyişə bilməyən, fərqli yaşamağı bacarmayan bu şəxs hər kəs kimi Gürcüstana qayıda bilməyəcəyini anlayaraq düzgün seçim etdi”, - deyə “Vahid Milli Hərəkat Partiyası”nın deputatı Georgi Bokeria bildirib.

Ağır çəkililərin döyüşü

Avropadan qaçmazdan bir müddət əvvəl Taro Şakro Molodoya məxsus “ispan çamaşırxanası”nın bir hissəsinə görə Ded Xasanla münaqişə yaşadı. Şakro “Arı” xüsusi əməliyyatı çərçivəsində həbs edildikdə Ded Xasan çirkli pulların yuyulması işini özünə götürmək qərarına gəldi. Amma Taro bildirdi ki, o, Şakroya “camaşırxana” yaratmağa kömək edib, bu isə o deməkdir ki, biznes indi onundur.

Faktiki olaraq bu, cinayət dünyası “generalları” arasında müharibənin başlanğıcı oldu: bir tərəfdə Taro, o biri təfdə isə Yaponçikin dəstəklədiyi Ded Xasan. Tərəflər bir-birini oğru anlayışlarından kənara çıxmaqda günahlandırırdilar və 2008-ci il aprelin 14-də isə Ded Xasan və Yaponçik paytaxtın “Kristal” kazinosunda yığıncaq keçirərək Taronu oğru titulundan məhrum etdilər.

Qanuni oğru Aslan Usoyan (Ded Xasan)

O isə bir neçə ay sonra Piroqov su anbarı ilə hərəkət edən motorlu gəminin göyərtəsində cavab toplantısı keçirərək rəqiblərini söhbət üçün ora dəvət etdi. Amma Ded Xasan və Yaponçik bunun onlar üçün yaxşı heç nə ilə bitməyəcəyini başa düşərək görüşə gəlmədilər.

Lakin onların əvəzinə gəmiyə Daxili İşlər Nazirliyinin Mərkəzi Federal Dairə üzrə baş idarəsinin əməkdaşları qalxdı. Bütün federal telekanallar xüsusi təyinatlıların göyərtəyə möhtəşəm enişini və sonradan gəmidən tullanan avtoritetlərin tutulmasını həvəslə nümayiş etdirdilər. Polis Taro da daxil olmaqla, toplantının 50-dən çox iştirakçısını saxladı, lakin tezliklə onların demək olar ki, hamısını sərbəst buraxdı.

Bununla belə, 2009-cu ildə gürcü qanuni oğru ədalət orqanlarının əlinə keçdi: o, iş adamı Conni Manaqadzeni oğurlamaqda və ondan pul tələb etməkdə ittiham olunurdu. Manaqadze kafedə işgəncələrə məruz qaldığını, ondan pul tələb olunduğunu və guya bunun Taronun göstərişi ilə edildiyini bildirdi. Nəticədə məhkəmə qanuni oğrunu “Matrosskaya tişina” istintaq təcridxanasına göndərdi.

Konsepsiyaya görə hökm

Taro tərəfdarları əmin idilər: qanuni oğrunun həbsi Ded Xasan və Yaponçikin işidi və əslində gürcünün günahına dair nəhkəmənin heç bir sübutu yox idi. Bununla bərabər Taro həbsxanaya düşdükdən qısa müddət sonra rəqiblərini dəstəkləyən dörd qanuni oğru öldürüldü.

2009-cu il iyulun 28-də isə killer tərəfindən Xoroşevskoye şossesindəki kafedə dincələn Yaponçikin özü güllələndi. Həm jurnalistlər, həm də hüquq-mühafizə orqanları bu sui-qəsd cəhdini Taro işi ilə əlaqələndirdilər. Bu arada qanuni oğrunun öldürülməsi kriminal aləmin standartlarına görə dəhşətli cinayət hesab olunur.

Qanuni oğru Vyaçeslav İvankov (Yaponçik)

Ona görə də son vaxtlar Taronu dəstəkləyən bəzi kriminal avtoritetlər ondan imtina etməyə tələsdilər və “Matrosskaya tişina” təcridxanasına gürcüdən qurtulmağı tələb edən 38 qanuni oğrunun imzası ilə “aradan götürülsün” (oğru mesajı) məktubu gəldi.

Əslində bu mesaj Taro üçün ölüm hökmü demək idi. Ancaq təhlükəsizlik qüvvələri məktubu vaxtında ələ keçirdi və Taronu təkadamlıq kamerada gizlətdilər. 2010-cu ilin iyulunda isə Moskvanın Xamovniçeski Məhkəməsi Taronu adam oğurluğu və hədə-qorxu yolu ilə pul tələb etdiyinə görə on il müddətinə azadlıqdan məhrum etdi. Taro son dərəcə sərt saxlanma şəraiti ilə tanınan “Qara delfin” xüsusi rejimli koloniyasına göndərildi.

Bundan sonra Rusiyanın cinayət dünyasının azadlıqda olan yalnız bir lideri qaldı - Ded Xasan. Ancaq 2013-cü il yanvarın 16-da onun da növbəsi çatdı: Xasan paytaxtın uzun illər özünün qərargahı sayılan Povarskaya küçəsindəki  "Köhnə fayton" restoranından çıxarkən killer tərəfindən öldürüldü.

Kriminial aləmin “kral”ının qətlinə kimin göstəriş verə biləcəyinə gəlincə, dərhal bir çox versiyalar ortaya çıxdı. Cinayətin mümkün sifaişçiləri arasında Taronun da adı çəkilirdi. Amma qanuni oğru özü Ded Xasanın qətlində əli olduğunu qəti şəkildə təkzib edir və hətta vəkil vasitəsilə bu barədə xüsusi açıqlama da göndərir.

“Rusiya vətəndaşlığından çıxarıldı”

Ded Xasanın ölümündən sonra Taro kriminal “generallar” üçlüyünün sağ qalan sonuncu nümayəndəsidir. “Qara delfin”də cəza çəkərkən, qanuni oğrulara yaraşan kimi, həbsxana qaydalarına əməl etməmiş, 253 qayda pozuntusu törətmiş, buna görə 8 dəfə cərimə kamerasına, 2 dəfə də cəza kamerasına göndərilmişdir.

Sərbəst buraxıldıqdan sonra bir çoxları Rusiya cinayət dünyasının yeni lideri rolunda Taronun yerini proqnozlaşdırdılar. Nəzərə alsaq ki, hazırkı lider Şakro Molodoy 2018-ci ilin martında rüşvətxorluğa görə on ilə yaxın həbs cəzası alıb, Taronun  həqiqətən də cinayətkar aləmin “taxt”ına cıxmaq şansı çöxdur. Onun özü isə vəkili Aleksandr Kobaidze vasitəsilə azadlığa çıxandan sonra Türkiyəyə uçmaq planlarını açıqlayırdı.

“Tariel Rusiyada cəzasını çəkib və onun Türkiyəyə, İstanbula gedəcəyini təsdiq edirəm. Rusiya təkcə ona deyil, ümumilikdə bütün qanuni oğrulara məhdudiyyətlər qoyub. Məndə olan məlumata görə, o, hələlik Türkiyədə yaşamağa hazırlaşır. O, Gürcüstan vətəndaşı deyil”, - deyə hüquqşünas Aleksandr Kobaidze bildirib.

Taronun azad edilməsini “Matrosskaya tişina”da yatarkən ona çıxartdıqları ölüm hökmünə görə qanuni oğrunun haqq-hesab çürüdə biləcəyi düşmənləri dəhşətlə gözləyirdi. Görünür, güc strukturları da başa düşürdülər ki, ciddi çəkişmələrin qarşısını almaq mümkün deyil və buna görə də tez tərpənməyə qərar verdilər.

2018-ci ildə daxili işlər naziri Vladimir Kolokoltsev şəxsən kriminal başçının Rusiyadan çıxarılması barədə əmr imzaladı. Altı ay sonra, 2019-cu ilin oktyabrında Taro vaxtından iki ay əvvəl sərbəst buraxıldı. Oktyabrın 23-də isə qanuni oğru ölkəni tərk etdi.

“Məhkumun İspaniyaya ekstradisiyasına onun Rusiya vətəndaşlığı mane olurdu. Rusiya Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsinin əməkdaşları səlahiyyətli xidmət orqanları ilə əməkdaşlıq edərək vətəndaşlığın qanun pozuntusu ilə alındığını öyrəndilər. Bundan sonra müttəhim müəyyən edilmiş qaydada Rusiya vətəndaşlığından məhrum edildi”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirir.

İspaniyada Taronu keçmişdə törətdiyi cinayətlərə görə 8,5 il həbs cəzası və 50 milyon avro cərimə gözləyirdi. Lakin 2020-ci il aprelin 1-də İspaniya Milli Ədalət Məhkəməsinin hakimi Mariya Riyera kriminal avtoriteti cinayətkar qruplaşmada iştirak etdiyinə görə 4 il həbs və 36 min avro pul cəzasına məhkum etdi. Taro cəzasını dağların arasında mənzərəli bir ərazidə yerləşən “Soto- del-Real” həbsxanasında çəkməyə göndərildi.

İspaniya həbsxanası “Soto-del-Real”

“Hələ Taronun təzyiqini saxlayan yoxdur”

İspaniya həbsxanasında olarkən Taro bizneslə məşğul olmağa və təkcə Rusiyada deyil, həm də keçmiş SSRİ-nin bütün ölkələrində cinayət aləmində təsirini genişləndirməyə davam etdi. Xüsusilə onun iştirakı ilə Belarus kriminal aləminin keçmiş lideri, Ded Xasanın himayəsi altında olan Aleksandr Kuşnerovu (Saşa Kuşner) devirən qanuni oğru Pavel Alekseyeviçin (Paştet Minskiy) Belarusda yüksəlişi onunla əlaqələndirildi.

Oktyabrın 8-də isə İspaniyadan gözlənilməz xəbər gəldi: 63 yaşlı Taro vaxtından iki il əvvəl yerli həbsxanadan buraxılıb və naməlum istiqamətə yola düşüb. “Lenta.ru”-nun hüquq-mühafizə orqanlarındakı mənbəsinə görə, Taronun peyda olmasını Balkan ölkələrindən birində - çox güman ki, Serbiyada və ya Monteneqroda gözləmək lazımdır.

“Taronun ilk növbədə Yaponçikə sui-qəsd cəhdində əli olduğu iddiası ilə 2009-cu ildə ona qiyabi hökm çıxaran Ded Xasan klanının üzvlərinə qarşı aktiv addımlar atacağı gözlənilir”, - deyə “Praym Kraym” xəbərlər agentliyinin redaktoru Viktoriya Gefter bildirib.

Viktoriya Gefterin sözlərinə görə, vaxtilə Taronun ən yaxın əlaltısı Merab Suxumskidən belə qətiyyətli hərəkətlər gözlənilirdi. Amma o, heç vaxt liderinin müdafiəsinə qalxmadı, bu da Şakro Molodoy tərəfindən ona ünvanlanan hücumlara səbəb oldu. Şakro Tarodan fərqli olaraq, heç vaxt Merabı sevmirdi.

“Taro ilə müqayisə oluna biləcək üç oğru var: Merab Suxumski, Şakro Molodoy və Laşa Şuşanaşvili (Rustavski). Son ikisinin azadlıqda olmadığını nəzərə alsaq, Taro və Merabın təzyiqini saxlayacaq heç kim yoxdur. Hər ikisinə qalib gəlməyin yeganə yolu onları bir-biri ilə küsdürməkdir”, - deyə Viktoriya Gefter əlavə edib.

Bu gün Taro ən nüfuzlu Suxumi oğruları klanına rəhbərlik edir: əvvəllər onun üzvlərini Ded Xasan klanı ilə artıq keçmişdə qalan düşmənçilik birləşdirirdi. Bu, daxili qarşıdurma ehtimalını artırır. Üstəlik, Suxumi klanı xarici düşmənlərlə müharibəni gözləməməlidirlər.

Qanuni oğru Tariel Oniani (Taro)

Hüquq -mühafizə orqanlarındakı mənbə Lenta.ru-ya bildirib ki,  Yaponçikin öldürülməsindən sonra Taronun  onun ölümünə imza atanlarla köhnə haqq-hesabları həll etməsi ehtimalı azdır. Onun keçmiş düşmənlərinin çoxu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma) “anti-oğru” maddəsi ilə ittiham olunaraq, ya dəmir barmaqlıqlar arxasına düşüb, ya da qaçıblar.

“Gənc və iddialı adamlara 63 yaşında hələ də lider olduğunu sübut etmək asan deyil. Həbsxana divarlarının mühafizəsi və nəzarərçilərin diqqət mərkəzində olan Taro üçün azadlıqda həbsxanadan çətin olacaq”, - deyə hüquq -mühafizə orqanlarındakı mənbə Lenta.ru-ya bildirib.

Həmin mənbənin məlumatına görə, Taronun keçmiş düşmənlərindən bəziləri onunla barışmağa cəhd edə bilərlər. Gürcüstanlı avtoritetin özü isə azadlığa çıxandan sonra ilk növbədə vendettanı yox, mövqelərini möhkəmləndirməyi düşünməlidir. Və yalnız bundan sonra Taro qisas almağa davam edə bilər - əlbəttə ki, o, yenidən dəmir barmaqlıqlar arxasına düşməsə. Həqiqətən də qanundan o tərəfdə belə tərcümeyi-halı olan bir insana dünyanın hansısa ölkəsinin hökuməti çətin ki, sevinsin.

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər