Rusiya diplomatiyasının “jarqon” sifəti və ya siyasətin yeni formulu

WhatsApp Image 2022 01 18 at 20.41.50Rusiya xarici siyasətinin və diplomatiyasının, Azərbaycan da daxil olmaqla, nəinki MDB dövlətlərinə, bütün dünya dövlətlərinə qarşı mahiyyəti ancaq hədə, güc və işğaldan ibarətdir.

Beynəlxalq arenada nüfuzlu siyasətçilər və diplomatlar, ümumi götürdükdə, Rusiyanın diplomatiyasının və diplomatik mədəniyyətinin olmağını açıq şəkildə səsləndirirlər. Rusiyanın xarici diplomatiyasının ancaq hərbi dillə danışması faktını, bu ölkənin özünün nüfuzlu siyasətçiləri, politoloqları da etiraf edir və bu siyahı olduqca böyükdür.
Maraqlısı isə odur ki, Rusiyanın tarix boyu ənənəvi (hədə, güc, işğalçılıq,..) siyasəti Vladimir Putinin hakimiyyəti dövründə bandit, kriminal jarqon leksikonu ilə müşayiət edilir. Təkcə rus diplomatlarının beynəlxalq platformalarda çıxışlarını izləmək bəs edir ki, belə bir qənaəti təsdiqləyəsən.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov, BMT Təhlükəsizlik Şurasının iclasında İdliblə bağlı qətnamənin müzakirəsi zamanı Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Metyu Raykrofta “mənə bax”, “gözümün içinə bax”, “niyə gözümün içinə baxmaqdan çəkinirsən” kəlmələrdən istifadə edib.

Acınacaqlı vəziyyət isə ondan ibarətdir ki, heç olmasa, Rusiya xarici diplomatiyasının rəhbəri Serqey Lavrov baş diplomat kimi, diplomatik etik davranış qaydalarına riayət etmir. Serqey Lavrovun 26 fevral 2020-ci ildə gürcü jurnalistə ağır sözləri, 19.05.2021-ci il tarixdə BBC jurnalistinə atmacası, keçən ilin 19 noyabrında İcveç, 17.02.2019-cu ildə “Vaşinqton Post” və sair jurnalistləri aşağılamaları əlavə izaha ehtiyac saxlamır. Baş diplomat Lavrov, hətta öz həmkarlarını da, bütöv bir xalqı da təhqir etməkdən çəkinmir. Təkcə bir faktı xatırlamaq Lavrovun kimliyini, Rusiya siyasətinin mahiyyətini açıq göstərir: Bu tip davranışlar isə, Lavrov tərəfindən dəfələrlə təkrarlanıb. 2015-ci ildə Sergey Lavrov həmkarı, Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyrlə keçirdiyi mətbuat konfransında söyüş söyüb. Sinxron tərcüməçi sözlərini ərəb dilinə çevirən zaman, Lavrov mikrofona səssizcə, lakin aydın şəkildə “axmaqlar...” deyib və ədəbsiz sözləri də əlavə edib.

Bu ilin yanvar ayında Cenevrədə Rusiya ilə ABŞ arasında Moskvaya lazım olan “təhlükəsizlik zəmanəti” ilə bağlı danışıqlar zamanı, Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya xarici işlər naziri Serqey Lavrovun müavini Sergey Ryabkov kriminal jarqondan istifadə edərək, (собирать манатки и отправляться на рубежи 1997 года) azərbaycanca təxminən tərcüməsi belə səslənən: “Əşyalarımızı toplayıb, 1997-ci il sərhədlərinə getməyi...”, -- deyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın xüsusi danışıq tərzinin, leksikonunun, ritorikasının da nə etik, nədə diplomatik ünsiyyət qaydaları ilə heç bir əlaqəsi yoxdur. Ümumən götürdükdə, Mariya Zaxarova öz aqressivliyi, təhdid və təzyiq formalı danışıq tərzi ilə diplomatiya aləmində özünəməxsus bir fiqurdur, çox təəssüf ki, mənfi mənada. 2017-ci ilin aprel ayının 27-də Rusiya Xarici İşlər Nazirliyinin keçirdiyi brifinqdə Mariya Zaxarova azərbaycanlı jurnalistin Dilqəm Əsgərovla bağlı sualını yarımçıq qoyaraq, bütünlüklə Azərbaycan jurnalistlərini də təhqir edib. Mariya Zaxarova, demək olar ki, əksər çıxışlarında diplomatik və etik qaydaları, bu günə kimi də, kobud şəkildə pozmaqda davam edir.

"Görünən dağa nə bələdçi" baxışından Rusiya diplomatiyasının sifəti aydın görünür. Rus diplomatiyasının hədə, güc və işğalçı mahiyyətinə “jarqon”, “bandit” leksikonun gəlişi heç də təsadüfi deyil. Niyəsi və səbəbi isə, ABŞ-ın 44-cü Prezidenti Barak Obamanın "Vəd edilmiş torpaq" adlı xatirələr kitabında Rusiya Prezidenti Vladimir Putin haqqında yazısından bəlli olur. Odur ki, Rusiya diplomatiyasının bu günkü sifəti, Barak Obamanın 2000-ci ilin yanvarın 1-dən hakimiyyətdə olan Vladimir Putinin şəxsiyyəti haqqında qənaətinin doğru rəsmi fikridir. Bu isə o deməkdir ki, Rusiya güc və işğalçı siyasətinin heç olmasa diplomatik görünüşünü, maskasını saxlaya bilməyib. Vəziyyətdən çıxış isə, ən kritik ssenarilərlə mümkündür.

SSRİ sevdası ilə yaşayan Vladimir Putinin davranışları, siyasəti və diplomatiyası Rusiyanın özünün parçalanmasına katalizator təsir edir. Rusiya kommunistləri ilə yanaşı, Rusiya cəmiyyətinin mühüm hissəsi məhz belə qənaətdədir.

Vüqar DADAŞOV, hüquqşünas,
MCP SŞ-nın üzvü, Qarabağ qazisi.

Əlaqəli xəbərlər