“İrəvan Müəllimlər Seminariyası” kitabının təqdimatı keçirilmişdir

2ffabf89 e0c7 40cd 906a 1cac1dd12766

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il dekabrın 29-da imzaladığı “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı tariximizin Qərbi Azərbaycanla, İrəvanla bağlı daha bir qaranlıq səhifəsinə işıq salmaqda davam edir. Yubileylə bağlı keçirilən tədbirlər, aparılan araşdırmalar tarixi torpaqlarımızla bağlı yeni faktlar üzə çıxarır, o torpaqlardakı mənəvi irsimizə sahib çıxmağa imkan yaradır.

Bu barədə araz.az-a daxil olan məlumatda bildirilir ki, iyun ayının 29-da Atatürk Mərkəzində yubiley çərçivəsində keçirilən növbəti tədbir filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyevin “İrəvan Müəllimlər Seminariyası” kitabının təqdimatına həsr edilmişdir.

Tədbirdə millət vəkilləri, alimlər, ziyalılar, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının tarixi-siyasi əhəmiyyəti üzərində geniş dayanaraq bu Sərəncamın və Qərbi Azərbaycanla bağlı atılan hər addımın, görülən hər işin bizi tarixi torpaqlarımızla bağlı strateji hədəflərimizə bir az daha artıq yaxınlaşdırdığını, insanlarımızda ata-baba yurdlarına qayıdacaqları inamını bir az daha artırdığını bildirmişdir.

Tədbirdə millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, kitabın elmi redaktoru, millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov, filologiya elmləri doktoru, professor Fərrux Rüstəmov, millət vəkilləri Sadiq Hüseynov, Anar İsgəndərov, Məlahət İbrahimqızı, Aydın Mirzəzadə, professor Cəbi Bəhramov, professor Aslan Bayramov, professor Əyyub Əzizov, yazıçı Səyyad Aran, vətəndaş cəmiyyəti nümayəndəsi İradə Rzazadə, tədqiqatçı Mirzə Ənsərli və b. iştirak və çıxış etmişlər.

Tədbirdə Həmçinin İrəvan Müəllimlər Seminariyasının yarandığı gündən Azərbaycan bölməsinin müdiri və uzun illər İrəvan Ruhani Məclisinin sədri, görkəmli maarifçi Axund Molla Məhəmmədbağır Qazızadənin nəticələri - tibb elmləri doktoru, professor Sevinc xanım Əkbərova və professor Paşa Qəlbinur çıxış etmiş, Qazızadələr nəsli barədə ətraflı məlumat vermişlər.

Yekunda “İrəvan Müəllimlər Seminariyası” kitabının müəllifi Cəlal Allahverdiyev çıxış edərək tədbir iştirakçılarına təşəkkür etmişdir.

Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdirmişlər.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər