Təzminat tələb edəcəyik

2022 08 06 105288 eziz

“Qərbi Azərbaycan İcması”nın məqsədi tarixi ədaləti bərpa etməkdir

İcmanın rəhbəri xalqı milli birliyə çağırdı

Avqust ayının 3-də “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Burada “Qərbi Azərbaycan İcması” (QAİ) adlı qeyri-kommersiya təşkilatı təsis edilib. Toplantı zamanı yeni bir ictimai təşkilatın əsası qoyulub. Belə ki, 200 ildən bir qədər çox müddət ərzində Qərbi Azərbaycan torpaqlarından qaçqın, didərgin düşən, deportasiya olunan, soyqırımına məruz qalan həmvətənlərimizin övladları, varisləri toplanaraq dövlətimizin gücünə arxalanmaqdadır. Prezident İlham Əliyevin yürütdüyü siyasəti əsas tutaraq bilavasitə tarixi torpaqlarımıza qayıtmaq, onlara qarşı törədilən cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün “Qərbi Azərbaycan İcması” təsis edilib.

araz.az bildirir ki, "Yeni Azərbaycan" qəzeti İcmanın qarşısında duran vəzifələr və məqsədlərlə bağlı suallarını “Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərliyə ünvanlayıb...

- “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrildi. Bu, hansı zərurətdən irəli gəlib?

- 44 günlük Vətən müharibəsi və əldə olunan Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 33 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu. Azərbaycan Qaçqınlar Cəmiyyəti bu günə qədər, əsasən, 1988-1991-ci illərdə Qərbi Azərbaycandakı ata-baba yurdundan qovulmuş qaçqınların problemləri ilə məşğul olurdusa, bu gün artıq qarşımızda daha böyük hədəflər - son 220 il ərzində Azərbaycanın tarixi torpaqlarında ermənilərin və onların havadarlarının soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə, bu ərazilərdə Azərbaycan tarixi-mədəni irsinin və izinin məhv edilməsi siyasətinin ifşası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsi durur. Cəmiyyətin bu günə qədərki adı isə bu məzmunu ehtiva etmədiyi üçün onun adını “Qərbi Azərbaycan İcması” adı ilə əvəz etməyi məqsədəuyğun hesab etdik.

- Ermənilərlə bir yerdə yaşamaq nəzəri cəhətdən mümkün olsa da, praktiki cəhətdən mümkün deyil. Bəs Azərbaycan o torpaqlara görə təzminat tələb edə bilərmi?

- Biz öz tarixi yurdlarımıza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və insani haqqımızdır. Burada qeyri-qanuni heç nə yoxdur, insanlar öz doğma evlərinə qayıtmaq, öz evlərində yaşamaq istəyirlər. Bunu heç kəsə qadağan etmək olmaz. O ki qaldı İcmanın bu yolda hansı işləri görəcəyinə, təbii ki, İcma bu yolda mümkün olan hər şeyi edəcək.

Kompensasiya məsələsinə gəlincə isə, Azərbaycan öz torpaqlarında baş verən bütün vəhşiliklərə, vətəndaşların deportasiyasına və tarixi abidələrə dəymiş ziyanlara görə kompensasiya tələb etmək hüququna malikdir. Aparacağımız işlərdən sonra bunun hansı istiqamətdə olacağını daha dəqiq deyə bilərik.

- Qərbi Azərbaycanda xalqımıza məxsus qədim yerlərin, abidələrin adı ermənilər tərəfindən dəyişdirilib. Bu toponimlərin bərpa olunması üçün hansısa beynəlxalq təşkilatlara müraciət edəcəksinizmi?

- Qərbi Azərbaycanda xalqımıza məxsus olan əhəmiyyətli abidələrin, yaşayış məskənlərinin adı heç bir qaydaya uyğun olmayan şəkildə dəyişdirilib. Bunlar təbii ki, beynəlxalq Haaqa konvensiyasının pozulması deməkdir. Heç şübhəsiz, ətraflı araşdırmalar aparıldıqdan sonra müvafiq beynəlxalq təşkilatlara müraciət edərək toponimlərin bərpasını tələb edəcəyik.

- İcmanın məqsədinin müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası olduğu qeyd edilib. Bu proses barədə məlumat verərdiniz, hüquqların bərpa prosesi deyəndə tam olaraq nə nəzərdə tutulur və nə etməyi düşünürsünüz?

- Qərbi Azərbaycan məsələsi ümummilli məsələdir, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın dəmir iradəsi və qətiyyəti ilə möhtəşəm Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik. Möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik bir kəlamı var: beynəlxalq hüquq güc deyil, güc beynəlxalq hüquqdur. Bununla belə, Qərbin bütün ikili standartlarına baxmayaraq biz Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaqda davam edəcəyik. Erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etməliyik. Bura 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza dəyən maddi və mənəvi ziyan da daxildir.

- Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması istiqamətində hansı işlərin görülməsi planlaşdırılır?

- Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Qarşımızda duran ən mühüm məsələlərdən biri həmin irsimizə aid materialları toplayıb ortaya qoymaqdır. Bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətinə çatdırılması məsələsində də heç bir problemimiz yoxdur, xarici ölkələrdə bizim xeyli sayda dəyərli soydaşlarımız var və biz onları bu işə səfərbər edəcəyik. Qərbi Azərbaycanla bağlı xalqımıza məxsus bütün dəyərlər öyrəniləcək, biz həmin dəyərlərə sahib çıxmağı bacarmalıyıq və bacaracağıq. İndiyə qədər bu işlər xeyli dərəcədə sistemsiz şəkildə aparılıb, lakin bundan sonra sistemli şəkildə aparılacaq.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər