Tahir Kərimli: “Deputatlara qarşı fobiya yaranıb”

tahirkerimli2“İnsanlar fikirləşirlər ki, deputat seçicilərin adından olan təmsilçidirsə və xalq onu seçibsə, deməli, onu tənqid və hər şey tələb etmək hüquqları var. Ancaq düşünmürlər ki, bəzi məsələlər deputatın səlahiyyətindədir, ya yox. Bəzən deputat müəyyən məsələləri yerinə yetirə bilmir. Buna ya onun səlahiyyəti imkan vermir, ya da gücü çatmır. Hətta icra orqanları da bəzən deputatın sorğularına cavab vermir, telefonlarını belə götürmürlər və saymazlıq edirlər. Bəzən icra strukturunun rəhbəri minlərlə, onminlərlə insana rəhbərlik etdiyini düşünür. O, milyonlarla pulun dövriyyəsinə nəzarət edir və müəyyən şəkildə saymazlıq göstərir. Təəssüf ki, bu halda vətəndaşlar icra orqanın nümayəndəsini, o işi görməyə məsul olan şəxsləri deyil, deputatları hədəf seçirlər”.

araz.az bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Kərimli deyib.

T.Kərimli bildirib ki, deputatların tənqid hədəfi olmasının digər səbəbi bəzi agentliklərin, saytların icra strukturlarında olan imkanlı şəxslərin əlində olmasındadır: “Onlar özlərindən zərbəni yayındırmaq üçün deputatlardan qalxan kimi istifadə edirlər. Ancaq bu heç kimə icazə vermir ki, istər deputat, istərsə başqa şəxslər haqqında yalan xəbərlər, şər-böhtan yaysın. Bu dəfə mən xoş tendensiyanı hiss etdim. Sevinc Fətəliyevanın məsələsindən sonra sosial şəbəkələrdə bəzi vətəndaşlarımız tanımadığı halda belə, onun müdafiəsinə qalxdılar. Demədiyi sözün tirajlayıb, xanımın şəxsiyyətini alçaltmaq nəyə lazımdır? Sevinc xanımın işindən çoxlarının heç xəbəri yoxdur. O inglis dilini çox gözəl bildiyindən dəfələrlə beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini müdafiə edib. Hətta mən xaricdən qonaq gələndə Sevinc xanımın Azərbaycanın mənafeyi üçün nə qədər çıxışlar etdiyinin şahidi olmuşam. Hamı bilir ki, Sevinc xanım heç vaxt heç kimin qəlbinə dəyməyib, heç kimi alçaltmayıb. Ona bu cür münasibət bəsləmək insaflıdırmı? Hesab edirəm ki, bu doğru deyil. Ümumiyyətlə, nəyəsə görə deputatlara qarşı fobiya yaranıb. Hamı onların üstünə düşür. Təbii ki, haqlı nöqsanlarımız varsa, qəbul etməyə hazırıq, amma şər-böhtan atılanda, fikirlərimiz təhrif olunanda, inciyirik. Axı biz də insanıq və gücümüz çatan qədər xalqımız, vətənimiz üçün işlər görürük”.

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər