Fransa Qafqazda sülhyaratma prosesinin qarşısını almağa çalışır

167015818419136851_1000x669.jpg

Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qətnaməsi xalqımız tərəfindən haqlı narazılıqla qarşılanıb, ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin etirazına səbəb olub.

araz.az  AZƏRTAC-a istinadən  bununla bağlı professor, fizika-riyaziyyat elmləri doktoru, Müstəqil Ekspert Qrupunun rəhbəri Qüdrət İsaqovun agentliyə daxil olmuş məqaləsini təqdim edir:

Fransa Milli Assambleyasının 30 noyabr tarixli qətnaməsinin adı həyasız yalanla başlayır. Qətnamənin adı “Azərbaycanın Ermənistana qarşı təcavüzünün qarşısının alınması və Cənubi Qafqazda möhkəm sülhün yaradılmasıdır”.

Ey riyakarlar, kimi aldadırsınız?

Nə zamandan bəri hər hansı ölkənin, o cümlədən də Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarması təcavüz adlanır?

Yalanlarınızı əsaslandırmaq üçün siz öz Konstitusiyanızın 3.1 maddəsinə, Milli Assambleyanızın 136-cı maddəsinə, Birləşmiş Millətlər Təşkilatının 26 iyun 1945-ci ildə qəbul edilmiş Nizamnaməsinə, 12 avqust 1949-cu ildə qəbul edilmiş 3-cü Cenevrə konvensiyasının hərbi əsirlərlə davranmağa dair maddəsinə, 4 noyabr 1950-ci ildə insan haqlarına dair konvensiyaya, 4 yanvar 1969-cu ildə qəbul edilmiş irqi ayrıseçkiliyə görə beynəlxalq konvensiyaya, UNESCO-nun Baş Konfransında 16 noyabr 1972-ci ildə mədəniyyət və təbiət abidələrin qorunmasına, 21 dekabr 1991-ci ildə qəbul edilmiş Alma-Ata deklarasiyasına və s. beynəlxalq konvensiya, nizamnamə və deklarasiyalarına istinad etmisiniz.

1. Sizin istinad etdiyiniz sənədlərin hamısını sizdən fərqli olan yüksək təfəkkür sahibləri və əsl insanlar yaradıb.

2. Sizin istinad etdiyiniz bu sənədlərin heç birində Ermənistan kimi heç bir işğalçıya və təcavüzkara haqq qazandırılmayıb.

3. Sizin istinad etdiyiniz bu sənədlərin heç birində torpaqları işğal olunmuş, insanları öz yurd və yuvalarından didərgin salınmış ölkə təcavüzkar və işğalçı adlandırılmayıb.

4. Sizin istinad etdiyiniz bu sənədlərin heç birində Azərbaycan kimi sülhpərvər bir dövlətin torpaqlarını işğal etməklə kifayətlənməyən və işğal etdiyi bütün şəhər və kəndlərdəki bütün yaşayış məskənlərini, evlərı, məscidləri, mədəniyyət abidələrini darmadağın edən Ermənistan kimi bir marionet dövlətə haqq qazandırılmayıb.

5. Sizin istinad etdiyiniz bu sənədlərin heç birində əsirlərə illər boyu işgəncələr verən, onları öldürən Ermənistan kimi bir qaniçən dövlətə haqq qazandırılmayıb.

6. Sizin istinad etdiyiniz sənədlərdə əsirlərə heç bir işgəncə verməyən, əsirlərə diqqət və qayğı ilə yanaşan, əsirləri sağ və salamat şəkildə Ermənistana qaytaran Azərbaycan kimi heç bir dövlətə bircə irad da edilməyib.

Siz qətnamənizdə göstərirsiniz ki, 9 noyabr 2020-ci il atəşkəs tarixindən başlayaraq Azərbaycan Ermənistanın cənub və cənub-şərq rayonları tərəfindən Ermənistan respublikasının suverenliyinə qəsd edən hücumlar edib.

Azərbaycan heç bir zaman heç bir dövlətin suverenliyinə qəsd etməyib. Atəşkəsi hər zaman Ermənistan pozub. Azərbaycan yalnız Ermənistanın silahlı hücumlarına haqlı cavab verib.

Siz deyirsiniz ki, Azərbaycan bu gün Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə zəmanət verməyib. Azərbaycan hökuməti özünün hərbi çıxışları ilə erməni əhalisinə nifrət yaradır.

Ey riyakarlar, yalan danışmayın!

Azərbaycan hər zaman Qarabağda yaşayan erməni əhalisinin təhlükəsizliyinə zəmanət verib. Azərbaycan hökuməti heç zaman erməni əhalisinə nifrət yaratmayıb. Azərbaycan hökuməti hər zaman erməni əhalisinə müraciət edərək, onların Azərbaycan vətəndaşı olduqlarını bəyan edərək deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan Respublikasının bütün vətəndaşları bərabərhüquqludurlar. Haqqında danışdığınız və sizin də üzvü olduğunuz Minsk qrupu (artıq o da “dəfn” olunub) isə 30 il müddətində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında qalması naminə fəaliyyət göstərdi. Biz yaxşı bilirik ki, 2-ci Minsk qrupunun yaranması yalnız sizə, Fransaya lazımdır ki, Ermənistanla Azərbaycan arasında yeni münaqişələr yaratmaqla Qafqazda sülhyaratma prosesinin qarşısını alasınız, Ermənistanı himayə etməklə Azərbaycan torpaqlarının yenidən işğal olunmasına şərait yaradasınız.

Həqiqəti danışmaq istəsəniz BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan münaqişəsi haqqındakı 4 Qətnaməsi haqqında danışın. Bu qətnamələr Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının tamamilə işğaldan azad olunması haqqındadır. Azərbaycanda Fransa senatına, Fransa Milli Assambleyasına nifrət yaratmayın.

Siz Minsk qrupunun üzvü olanda həmin qətnamələrin həyata keçməsinə imkan vermədiniz! Prezidentimiz İlham Əliyev, Azərbaycan Ordusu, Azərbaycan xalqı BMT-nin qətnamələrini icra etdilər.

Ey riyakarlar, sizin dediyiniz sülh prosesinə mane olan Ermənistandır!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmişə Ermənistanın baş naziri Paşinyanı sülhə səsləyib, Azərbaycan ilə Ermənistan arasındakı sərhədlərin delimitasiya və demarkasiyasına çağırıb. Dəfələrlə Rusiyada və Fransada Paşinyanla görüşüb. Paşinyan bütün görüşlərdə Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edib, sərhədlərin delimitasiya və demarkasiyasının zəruri olduğunu bildirib. Bu görüşlərdən sonra Ermənistanda Paşinyana qarşı böyük mitinqlər keçirilib. Bu mitinqlərin təşkilatçıları vaxtilə Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımına başçılıq edən koçəryanlar və sarkisyanlar olub. Bu mitinqlərdən sonra Paşinyan hakimiyyətdə qalmaq naminə Ermənistan ordusuna Azərbaycana qarşı təxribatlar törətmək haqqında göstərişlər verib.

Ey riyakarlar, siz kimin yanındasınız?

araz.az xəbər portalı.