Dağ-mədən sənayesini Azərbaycan iqtisadİyyatının flaqmanına çevirməyin vaxtı çatıb

1596881471

Azər Şükürov, “Azinterpartlayış-x” MMC-nin ditrektoru, dağ-mədən mühəndisi

Məqalə iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədən əvvəl yazılıb.

Müasir dünyanın iqtisadi inkişaf təmayülləri bir daha təsdiq edir ki, hələ uzun müddət hər bir ölkənin ağır sənayesi onun “ağır artilleriyası” olaraq qalacaq. Ağır sənayenin bütün yükünü ləyaqətlə öz çiyinlərində daşıyan dağ-mədən sənayesinin Azərbaycanda inkişafı zərurəti bir sıra mütəxəsislər tərəfindən dəfələrlə gündəmə gətirilib və bu istiqamətdə müxtəlif təkliflər irəli sürülüb. Bu gün isə artıq uzun-uzadı müzakirələri, tərəddüd və şübhələri bir kənara qoyub qərar qəbul etməyin zamanı yetişib.

 


İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Texniki Elmlər üzrə Fəlsəfə Doktoru Fikrət Qurbanov bildirir: “Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin əsas prioritet istiqamətlərindəndir. İqtisadiyyatın əsas sektorlarından biri olan sənaye sahəsində o cümlədən ağır sənayedə sahəvi yanaşmaların tətbiqi və müvafiq alt sahələr üzrə spesifik təkliflərin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji yol xəritəsi” təsdiq edilmişdir. Strateji Yol Xəritəsinin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq etməklə qeyri-neft sənayesinin dinamik inkişafına, sektorda əlavə dəyərin artırılmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Bununla əlaqədar, milli kontentin inkişafı, yerli müəssisələrə və məhsullara üstünlük verilməsi nəzərdə tutulur”.
Xüsusilə son vaxtlar neftin qiyməti ətrafında baş verən speklyulasiyalar alimin fikrini bir daha təsdiqləyir, dağ-mədən sənayesinin inkişafı zərurətini qaçılmaz və iqtisadi yüksəlişin vacib tramplini olduğunu tam aydınlığı ilə ortaya qoyur.
Neft gəlirlərinin azalması fonunda ölkəmizdə cid­di sosial layihələr təxirə salınmasa da, bunun ümumi iqtisadi göstəricilərə mənfi təsiri qaçılmazdır. Koronavirus pandemiyası sanki bütün dünyaya bir siqnal oldu. Daxili tələbatın ölkə iqtisadiyyatının potensialı hesabına ödənilməsi və ixracyönümlü məhsulların istehsalını zərurətə çevirdi. Bir sözlə, iqtisadi təhlükəsizlik amilini bütün ciddiyyəti ilə bizlərə diktə etdi.
Hələ 2017-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilərkən prezident birmənalı şəkildə bəyan etdi: “Əminəm ki, müşavirədən sonra bizim qeyri-neft ixracımız artacaq və Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır…, ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir”. Cənab prezidentin bu çıxışı böyük çağırış idi və 2017-ci ildə edilən bu çağırış tarix üçün çox qısa zaman kəsiyindən sonra (cəmi 3 il) öz təsdiqini tapdı. Məhz prezidentin bu çıxışından sonra ölkəmizdə tənəzzülə uğramış pambıqçılıq, taxılşılıq, üzümçülük, baramaçılıq və s. kimi böyük potensiala malik ixracyönümlü sahələr daha böyük sürətlə inkişaf etməyə başladı və artıq bu gün istər ölkə iqtisadiyyatı, istərsə də fərdi sahibkarlar bu inkişafın səmərəsini görməkdədirlər.
Sovet İttifaqı dağıldıqdan sonra tənəzzülə uğrayan sahələrdən biri də dağ-mədən sənayesidir. Halbuki, əvvəlki müsahibə və məqalələrimdə qeyd etdiyim kimi Azərbaycan bu sahədə çox böyük potensiala malikdir. Kiçik və Böyük Qafqazın Azərbaycan ərazilərindəki kəşf olunaraq istismara verilmiş və kəşfini gözləyən mineral-xammal ehtiyatları ilə zəngin yataqları təsəvvür etsək, gözümüzün önündə nəhəng bir mənzərə açılar. Bəli, bir daha təkrar edirəm mineral-xammal ehtiyatları ilə zəngin yataqlardan ibarət nəhəng mənzərə. Bu günə qədər müxtəlif mətbu orqanlarda nəşr olunan məqalələrimdə, müsahibələrimdə qeyd etdiyim fikirlərin üzərində dayanaraq və bir az da irəli gedərək bildirirəm ki, potensialı neft-qaz sənayesindən heç də az olmayan dağ-mədən sənayesinin inkişafı ölkə iqtisadiyyatında möcüzələr yaratmaq gücündədir.
“Azeri Mining Group” MMC-nin direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru İsrafil Cəlilov qeyd edir ki, neft və qaz istisna olmaqla, respublika ərazisində faydalı qazıntıların intensiv öyrənilməsinə keçən əsrin ikinci yarısından başlanılmışdır. Ötən müddət ərzində 960-dan artıq sayda müxtəlif filiz, qeyri-filiz, tikinti materialları, mineral, termal, yodlu-bromlu və şirin yeraltı su yataqları aşkar edilmişdir. Respublikada bazar iqtisadiyyatı münasibətlərinin və sahibkarlığın inkişaf etdirilməsində qeyri-fıliz və tikinti materiallarının xammal bazası bu gün də önəmli rol oynamaqdadır.
Vətənimizin malik olduğu zəngin mineral–xammal potensialı ölkədə dağ–mədən sənayesinin inkişafı üçün böyük perspektivlər açır. Əbəs yerə zəngin mədən- filiz sənayesi mərkəzi olan Daşkəsən rayonunu “Azərbaycanın Uralı” adlandırmayıblar. Burada zəngin dəmir filizi, alunit və mərmər, kobalt yataqları mövcuddur ki, bu yataqlar müasir dünya standartlarına uyğun texnika və texnologiyalarla öz istismarını gözləyir. Cənab prezident qeyd etdiyimiz çıxışında bu məsələ üzərində xüsusi dayanaraq bildirdi: “bizim böyük bir sərvətimiz də var, ancaq ondan səmərəli şəkildə istifadə edə bilmirik. Bu da dəmir filizidir… Ancaq əfsuslar olsun ki, müstəqillik dövründə bu sahəyə kifayət qədər diqqət göstərilməmişdir. Əfsuslar olsun ki, biz bu günə qədər vahid bir istehsalat sahəsini yarada bilməmişik. Daşkəsən dəmir filizi yatağı dünya miqyasında böyük yataqlardan biridir və onun indiki vəziyyəti əlbəttə ki, bizi qane edə bilməz. Müxtəlif dövrlərdə müxtəlif təkliflər irəli sürülmüşdür. Hətta dövlət qurumu da yaradılmışdır, ancaq sonra işləyə bilmədi. Özəl sektor da buna vaxtaşırı maraq göstərirdi. Vaxt gəlib çatıb ki, bu məsələ ilə bağlı ciddi addımlar atılsın. Bütün istehsalat zənciri yaradılmalıdır, filizdən başlamış son ixrac məhsuluna qədər. Həm bizim ixracımız artacaq və idxaldan asılılıq kəskin aşağı düşəcək. Çünki hazır məhsulun idxalı üçün xaricə böyük vəsait gedir və getdikcə daha çox gedəcək. Çünki bizim inkişaf dinamikamız bundan sonra da elə sürətli olacaq ki, daxili tələbat artacaq. Ona görə, Daşkəsən dəmir filizi yatağının işlənməsi və istehsalat zəncirinin yaradılması gündəlikdə duran vacib məsələlərdən biridir”.
Cənab Prezident bu çıxışı ilə, əslində, dağ-mədən sənayesinin inkişaf istiqamətlərini proqram şəklində biz mütəxəssislərin diqqətinə çatdırdı. Ancaq üzərindən üç ildən artıq vaxt keçməsinə baxmayaraq, əlaqədar təşkilatlar dağ-mədən sənayesinin potensialına uyğun addımlar atmaqda tərəddüd edirlər. Halbuki hər itirilən gün ancaq və ancaq iqtisadiyyatımızın ziyanına işləyir.
Texniki elmlər üzrə fəlsəfə doktoru Rasim İsmayılov qeyd edir: “müasir dünyada hər bir dövlətin iqtisadi qüdrəti ondakı dağ-mədən sənayesinin inkişafı ilə sıx bağlıdır. Bu səbəbdən XXI əsrdə də mineral-xammal ehtiyatlarının əhəmiyyəti durmadan artmaqdadır”. Məncə Rasim İsmayılovun bu fikrinin əlavə şərhə ehtiyacı yoxdur.
Müstəqillik əldə etdikdən sonra dağ-mədən sənayesinin inkişafı istiqamətində atılan ən cidd addım 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması oldu.
“AzerGold” QSC ölkə ərazisində qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, qiymətli və nəcib metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Milli şirkət kimi “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin həyata keçirdiyi layihələrə diqqət yetirsək görərik ki, məhz bu şirkət mədənçilik prinsiplərinə uyğun fəaliyyət göstərir. Düşünürəm ki, dağ-mədən sənayesi sahəsində qanunvericilikdə olan boşluqlar aradan qaldırılana, normativ hüquqi sənədlər hazırlanana, daha böyük anlamda bu sahəni Azərbaycan iqtisadiyyatının flaqmanına çevirəcək dövlət qurumu yaradılana qədər “AzerGold” QSC-nin fəaliyyəti model kimi digər bu sahədə çalışan müəssisələrdən tələb oluna bilər. Təkcə “Çovdar” qızıl mədənində apardığı işlərlə – üstaçma, qazma, partlayış, əzmə, daşınma, emal və s. işlərlə “AzerGold” QSC sübut etdi ki, dağ-mədən fəaliyyəti zamanı təbiətə ziyan vurmamaq və yaxud vurulan ziyanı qısa zamanda bərpa etməklə səmərəli fəaliyyət mümkündür. “AzerGold” QSC – nin qeyd olunan işləri bu sahələrdə ixtisaslaşmış şirkətlərə verməsi isə daha bir ciddi məsələnin, kiçik və orta sahibkarlığın inkişafına, əhəmiyyətli dəstək verir ki, bu da iqtisadiyyatın güclənməsi üçün vacib amillərdən biridir. Yetər ki, bu işlə profesionallar məşğul olsun.
“AzerGold” QSC-nin əldə etdiyi nailiyyətlər ölkə ictimaiyyətinə məlum olduğu üçün digər ciddi bir problemə toxunmaq istəyirəm.
Etiraf olunmalıdır ki, bir sıra dövlət qurumlarının nəzarət etmək imkanın olmasına baxmayaraq, respublikamızda bəzi mədənlər texnoloji qaydalara əməl edilmədən, dağ-mədən mühəndisi etikasına uyğun gəlməyən bir şəkildə, sözün əsl mənasında talan olunur. Buna dair kifayət qədər faktlar mövcuddur. Problemin ən acınacaqlı tərəfi ondadır ki, bu talançılara dur deyən yoxdur. Apardığım araşdırmalar nəticəsində gəldiyim qənaət budur ki, respublikamızın dağ-mədən sənayesi elə bu talançı ünsürlərin ucbatından buxovlanaraq dünya dağ-mədən sənayesi ilə müqayisədə inkişafdan çox geri qalır. Bəzi mədənlərdə üstaçma işlərinə nəzər yetirərkən insanı mənfi mənada heyrət bürüyür. Şəxsi mənfəəti naminə təbiətə bu qədər düşməncəsinə, hətta deyərdim ki, vəhşicəsinə münasibət bəsləmək olarmı ?! Mədənçilik sahəsində tətbiq edilə biləcək heç bir müasir texnika və texnologiyası olmayan, həm mədənçilik işini bilən, həm də Vətən torpağının köksündə açılan hər bir yaranı öz köksündə açılmış yara bilən dağ-mədən mühəndisləri və ya müasir dillə desək sertifikasiyadan keçmiş kadrları olmayan bu müəssisələrin fəaliyyəti təcili araşdırılmalı, çatışmazlıqlar aradan qaldırılmalı, təyinatı üzrə yönəldilməlidir. Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda belə bu insanlar başa düşmək istəmirlər təbiət ona edilən heç bir pisliyi unutmur. Aral dənizinin və Urmiya gölünün tədricən quruması,

 

kürqırağı möhtəşəm Tuqay meşələrinin qırılması, atmosferin çirklənməsi, qiymətli ağac növlərinin kütləvi şəkildə qırılaraq, nəsli kəsilməkdə olan heyvanların ovlanaraq harınlamış insanların zövqünün və tamahının qurbanına çevirilməsi bizi addım-addım təbiətlə üz-üzə qoyur. Təbiətlə bu mübarizədə uduzacağımız isə şübhəsizdir!


Diqqəti digər bir problemə yönəltmək istəyirəm. Məlum olduğu kimi dünyanın bir sıra ölkələri quraqlıq problem ilə üz-üzə qalıb və bu proses sürətlənməkdə davam edir. Kür və Araz çaylarında suyun səviyyəsinin azalması, hətta bu çaylarda kiçik adacıqların yaranması, Xəzər dənizinin Kürə doğru axması təbii fəlakət kimi qiymələndirilə bilər.
Bəlli olduğu kimi uzun illər boyu Kür və Araz çaylarından böyük həcmdə qum-çınqıl materialı istehsal olunur. Əksər hallarda istismar zamanı müvafiq norma və qaydalara əməl olunmur. İstismar ekskavator-buldozer əvəzinə torpaq soruyucu qurğular vasitəsilə aparılır ki, bu da çox böyük fəsadlar yaradır. Çayların məcrası genişlənir, dərin çökəklər əmələ gəlir. Çox güman ki, Kür və Araz çaylarının hidro­rejiminin pozulmasının əsas səbəblərindən biri də budur.
Ölkədə bir sıra kiçik göllərin quruması faktını da əlavə etsək, quraqlıq probleminin bizdən də yan keçməyəcəyi aydın olur. Azərbaycanın ən böyük su anbarlarından olan Sərsəng su anbarının erməni işğalçılarının nəzarəti altında olması isə vəziyyəti daha da gərginləşdirir.

Sərsəng su anbarı

Problemin ciddiliyinə toxunan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, indi digər önəmli məsələ bu il və keçən il bizə böyük problem yaradan quraqlıqdır. Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu il də baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik. Mən bir müddət bundan öncə bütün bu işləri nəzərə alaraq və bu sahədə vahid idarəetmə mexanizmi qurmaq üçün xüsusi komissiya yaratdım. Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Komissiyada aidiyyəti qurumların rəhbərləri təmsil olunur və artıq mənə verilən ilkin məlumata görə, konkret tədbirlər planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilib. Yaxın zamanlarda biz çox geniş tədbirlər planını təsdiqləyib, icra etməyə başlayacağıq.
Quraqlıq probleminin uzunmüddətli və təhlükəli tendensiya ala biləcəyini vurğulayan Prezident İlham Əliyev deyib: “İstisna edilmir ki, gələcək illərdə də buna oxşar iqlim mənzərəsi davam etsin. Çünki dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb”.
Cənab Prezidentin çıxışından göründüyü kimi problem çox ciddidir və artıq konkret tədbirlər planının hazırlanması istiqamətində işlər gedir. Qeyd edim ki, dağ-mədən mütəxəsislərinin birbaşa fəaliyyət sahəsinə aid olan bu problem ciddi geoloji-kəşfiyyat işləri tələb edir. Yeraltı su mənbələrinin müəyyən edilməsi, səmərəlilik prinsipi nəzərə alınmaqla onların istismar edilməsi günümüzün ən vacib məsələlərindəndir. Cənab Prezidentin də qeyd etdiyi kimi, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. İlk növbədə bu məsələ öz həllini tapmalıdır. Əks halda həyata keçirilən tədbirlər gözlənilən effekti verməyəcək. Artıq qeyd olunduğu kimi, Kür çayında suyun səviyyəsinin enməsi bu il təsərrüfat əhəmiyyətli torpaqların suvarılmasında problemlər yaratdı. Tezliklə alternativ su mənbələri tapılıb istifadəyə verilməzsə, hektarlarla münbüt torpaqların istifadədən kənarda qalacağı və tədricən səhralaşma prosesinin sürətlənməsi qaçılmazdır. Bu isə təkcə iqtisadi ziyan deyil, həmçinin ölkəmizin zəngin flora və faunasına böyük təhlükə deməkdir.

Kür çayı quruyur

Tarix münbüt torpaqlar və sərvətlər uğrunda xalqların böyük köçü, Səlib yürüşləri və digər neçə-neçə istilaçı müharibələrə şahidlik edib. Bu gün bu mübarizə elmi texniki tərəqqinin, yeni innovasiyalırın, sosial-iqtisadi və siyasi “təşəbbüslərin” fonunda təcəssüm edir. Bu təzyiqlərin qarşısında davam gətirməyin yeganə yolu isə MİLLİ BİRLİK və iqtisadi yüksəlişdir!!! Gəlin, cənab prezidentimizin ətrafında sıx birləşək, yerüstü və yeraltı sərvətlərimizə sahib çıxaq, xalqımızın BÖYÜK GƏLƏCƏYİ naminə ondan sevə-sevə vicdanla istifadə edək !!!

İstifadə olunmuş mənbələr:
1. https://president.az/articles/23369
2. http://www.nkpi.az/?page=addread&id=682
3. https://president.az/articles/23369
4. Respublika.- 2013.- 18 yanvar.- S. 6.
5. https://yerveinsan.az/news.php?id=5389
6. https://azergold.az/azergold-qsc/
7. Geostrategiya jurnalı, mart - aprel 2012 № 02 (8)
8. Geostrategiya jurnalı, noyabr - dekabr 2012 № 06 (12)
9. Geostrategiya jurnalı, yanvar - fevral 2013 № 01 (13)
10.Yer və İnsan jurnalı 01 (09) 2019
11. Yer və İnsan jurnalı 03 (11) 2019

Əlaqəli xəbərlər