Universitetlər onlayn oldu, kirayə evlər boş qaldı - Mənzil bazarı

bandicam 2020 09 26 10 20 36 751Azərbaycanda hər il tələbələr təxminən 10 minə yaxın ev kirayə götürürdü, hazırda paytaxtda bu cür evlərin əksəriyyəti boşdur.

Daşınmaz əmlak sektoru üzrə ekspert Elnur Fərzəliyev Teleqraf.com-a bildirib ki, Azərbaycanda hər il nə qədər tələbənin kirayə mənzildə yaşaması barədə dəqiq rəqəm yoxdur: “Qanunla kirayə verilən mənzillər üçün notarial qaydada müqavilə bağlanmalıdır. Bu zaman mənzil sahibi həmin evdən aldığı kirayə haqqına görə 14 faiz vergi ödəməlidir. Vergi çox olduğundan və bu istiqamətdə maarifləndirmə aparılmadığına görə insanlar rəsmi müqavilədən yayınırlar.

Müqavilə olanda bilinir ki, tutalım, bu il 10 min kirayə mənzil verilib. Bu dönəmdə 10 min kirayə müqaviləsinin 2 mini dondurulursa, nə qədər evdə tələbənin qaldığını təxmini bilmək olur.

Əgər rəsmi müqavilə bağalansa, kirayə mənzillərdə nə qədər problemli məsələlərin ortaya çıxdığı məlum olar. Bəzən kirayəçi evi bərbad günə salır, yaxud kirayəçi evə yığışdıqdan bir müddət sonra mənzil sahibi əmlakı satdığını deyib kirayəçini küçəyə atır və sair. Notarial müqavilə olmadığına görə bu cür problemlər yaşanır. Notarial müqavilədə hər kəs üzərindəki öhdəlik qeyd olunur”.

Ekspertin sözlərinə görə, ümumi kirayəyə verilən mənzillərin təxminən 30-40 faizi 200-400 manat arası ucuz mənzillərdir: “Bu mənzillərdə yaşayanların 50 faizi həmişə tələbələr olub. Tələbələr də maddi durumuna görə kateqoriyalara bölünür. İmkanlı ailələrin övladları daha yaxşı şəraitli binalarda, ali təhsil müəssisəsinə yaxın yerlərdə qalırlar. İmkanı zəif ailələrin övladları kənar yerlərdə 80, 100, 150 manatlıq ümumi həyət evlərinə sığınmalı olurlar”.

Elnur Fərzəliyev qeyd edib ki, tələbələrin onlayn təhsil alması kirayə mənzil bazarına ciddi təsir edib: “Kirayə bazarının böyük bir hissəsi tələbələrdən asılı vəziyyətdə idi. Söhbət aşağı məbləğli evlərin kirayəsindən gedir. Burada başqa bir məsələ də var, artıq şəhərin müxtəlif yerlərində pilot layihələr çərçivəsində söküntülər başlayıb. Həmin ərazilərdə yaşayan sakinlər məskunlaşdıqları yerdə yeni binalar inşa olunub təhvil verilənə qədər minimum 2 il müddətinə kirayəyə çıxacaqlar. Sökülən binaların özündə belə kirayəlik mənzillər olurdu, söküntü zamanı artıq həmin mənzillər bazardan çıxır.Orada yaşayan sakinlərin hər biri kirakeş olur və tutduqları mənzillərdə ən azı 2 il yaşayacaqlar”.

Analitikin qənaətincə, tələbələrin paytaxta gəlməməsi kirayə mənzil bazarında çeşid bolluğu yaradacaq: “Tutaq ki, 400 manata kirayə mənzil axtaran şəxs ən yaxşı halda 3 dənə mənzil tapa biləcək. Kirayə götürənlər üçün çeşid çox olacaq, istədikləri yerdə mənzil tapacaqlar və ən əsası qiymətlərə də mütləq enmə olacaq. Qiymət enməsini indi hiss etməsək də, təxminən 20 günə, 1 aya kirayə mənzil bazarında ortalama 50 manat enmə müşahidə olunacaq. Bu, həmçinin daşınmaz əmlakın satış bazarına da birbaşa təsir edəcək.

Üç cür əmlak alqışı var: özləri üçün alıb yaşayanlar, alıb təmir edib satanlar və daha çox aldığı mənzildən kapital kimi istifadə edənlər. Yəni mənzili alır, onu kirayə verib oradan gəlir götürənlər. Mənzil alanlar kirayə qiymətlərindəki enməni və kirayəçi tapmağın çətin olduğunu görsə gözləmə mövqeyini tutacaqlar”.


Müəllif: Yeganə Oqtayqızı

Əlaqəli xəbərlər