Qarabağ qazisinin nazirə müraciəti: “Məni işdən qanunsuz kənarlaşdırıb, mənzilimi başqa şəxsə satıblar”

1601121888 mux 1Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Metrologiya və Standartlaşdırma Mərkəzinin (MSM) keçmiş baş mütəxəssisi, Qarabağ müharibəsinin veteranı İsrail Ələkbər oğlu İsmayılov iddia edir ki, onu vəzifəsindən qanunsuz kənarlaşdırıblar. İsrail İsmayılov bununla bağlı Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciətində yazır ki, nazirlik əməkdaşları onun yaşadığı mənzili də digər şəxsə satıblar. Şikayətçi həm də iddia edir ki, məmurlar onu həyat yoldaşını işdən çıxarmaqla hədələyirlər.

Reyting.az
 hazırda Biləcəri qəsəbəsi, Xaqani küç, 41 V ünvanında yaşayan İ. İsmayılovun M. Babayevə müraciətini təqdim edir:


“Cənab nazir! Mən, Odessa Hidrometrologiya İnstitutunu bitirmişəm. 1981-ci ildən Milli Hidrometrologiya Xidmətində (MHX) işləyirdim. Qarabağ müharibəsi veteranıyam.

1991-ci ildə könüllü olaraq vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərə qoşulmuşam və 1999-cu ildə ehtiyata buraxılmışam. Döyüş fəaliyyətim KİV-lərdə dəfələrlə işıqlandırılıb və bundan MHX rəhbərliyinin də məlumatı var.

Ehtiyata buraxıldıqdan bir müddət sonra yenə də MHX-də işləmişəm. 2020-ci ilin avqust ayının 12-dək Metrologiya və Standartlaşdırma Mərkəzində (MSM) baş mütəxəssis vəzifəsində çalışdırdım. MSM 2020-ci ilin avqust ayında ləğv edildi və adı Texniki Xidmət, Metrologiya və Kalibirləşmə Mərkəzi oldu. Əməkdaşlarımızın demək olar ki, hamısını yeni xidmətdə işlə təmin etdilər, amma mənə bu imkanı yaratmadılar.

Mən, ixtisasım üzrə işləyirdim. Dəfələrlə MHX-nın rəisi Umayra Tağıyevanın qəbuluna getsəm də, məni qəbul etmədi.

Mən, MHX-nın rəis müavinləri - Natiq və Vasif müəllimin qəbulunda olmuşam. Onlar mənə “Kişi kimi söz veririk, səni 2020-ci ilin sentyabr ayının 15-nə qədər işlə təmin edəcəyik”, - dedilər. Söz versələr də, sözlərinin üstündə durmadılar”.


İ. İsmayılov

Şikayətçi müraciətində rəis müavinlərinin vədlərinə əməl etməməsinin səbəbinə də aydınlıq gətirib:

“MSM-də Nail Nəsibov adlı bir mütəxəssis işləyirdi. İşə 7-10 gündən bir gələrdi. Gələndə də davamiyyət jurnalında gəlmədiyi günləri birdən imzalayıb, sonra avtomobilində yatırdı. İş günlərinin çox hissəsini bülletendə keçirərdi. Özünə II qrup əlillik dərəcəsi düzəltdirib. Birdən necə oldusa, Nəsibov baş mühəndis təyin edildi. Baş mühəndis olandan sonra MSM-də attestasiya keçirildi və Nəsibov attestasiyadan keçə bilmədi. Attestasiyadan keçə bilməməsinə baxmayaraq, Umayra Tağıyeva onu MSM-ə direktor əvəzi təyin etdi. Bir müddət keçdikdən sonra isə xanım Tağıyeva onu Radiometrologiya və Aerologiya Mərkəzinə müdir təyin etdi.

Nəsibov ixtisası üzrə işləmir, onun hidrometoroligiyadan anlayışı zəifdir, yaxın vaxtlara qədər bilmirdi ki, havanın hərarəti faizlə ölçülür, yoxsa dərəcə ilə. Amma buna baxmayaraq, onu irəli çəkirlər. O isə “Mənim ETSN-də çox böyük dayım var. Həm də Umayra Tağıyevanın kəsdiyi başa sorğu-sual yoxdur”, - deyir. Eyni zamanda Texniki Xidmət, Metrologiya və Kalibirləşmə Mərkəzinin ştat cədvəlinin də xanım Tağıyevanın siyahısı əsasında komplekləşdirildiyi bildirilir”.

İ. İsmayılov nazirin diqqətinə çatdırır ki, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdiyi vaxt MHX-nın rəhbərliyi ona aid olan mənzili satıb: “Mən bu gün də həmin ünvanda qeydiyyatdayam və həmin ünvanın orderi məndədi. Bununla bağlı mənim xeyrimə üç məhkəmə qərarı olsa da, xanım Tağıyeva Nəsibovla birlikdə həmin məhkəmə qərarlarının icrasına mane olur. İki komissiya təşkil edilib, hər ikisində Nəsibov iştirak edir. Mənə dəfələrlə eşitdiriblər ki, bax ha, həyat yoldaşın da bizdə işləyir, ona da problemlər yarada bilərik.

Cənab Prezidentin Qarabağ qazilərinin, Qarabağ müharibəsi veteranlarının əmək və yaşayış şəraitinin yaxşılaşdırılması barədə tapşırıq və tövsiyələrinə baxmayaraq, onların mənə qarşı münasibəti yuxarıda göstərdiyim kimidir.

Canab nazir!

Nəzərinizə çatdırıram ki, mən:

1. Odessa Hidrometorologiya İnstitutunu bitirmişəm və ixtisasım üzrə işləyirdim

2. 1981-ci ildən MHX-da işləmişəm

3. Qarabağ qazisiyəm

4. Müharibə veteranıyam

5. Pandemiya dövrüdür

6. Pensiya yaşıma 6 ay qalıb

7. Himayəmdə iki azyaşlı uşaq var (3-cü və 6-cı sinif şagirdləri).

Bu yaşımdan sonra məni heç bir təşkilat və müəssisə işə götürməz. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, işimə bərpa olunmağımla bağlı və mətbuat vasitəsi ilə deyilməsi mümkün olmayan Sizə deyəsi sözlərim olduğu üçün məni qəbul etməyinizi xahiş edirəm”.

Reyting.az-ın redaksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də yuxarıda adı hallanan məmurların da məsələyə münasibətinə hörmətlə yanaşır, onların da fikirlərinə yer ayırmağa hazırdır.

 

Əlaqəli xəbərlər