Azərbaycanlı professor dünyanın ən məhsuldar alimi seçildi - ŞƏKİL

1627148155 prof
 
Danimarkada Azərbaycan diasporunun fəal üzvü, azərbaycanlı tibb professoru Məsud Aşina başağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əsas məqsədi dünyanın ən savadlı həkimlərini və sağlamlıq mütəxəssislərini tapmağa kömək etmək olan “Expertscape”in son on il ərzində dünyada başağrıları sahəsində ən yüksək məhsuldarlıq göstərmiş və elmi töhfə vermiş alimlərin siyahısında professor Məsud Aşina birinci yerdədir.

Başağrıları nevrologiyanın çox vacib bir sahəsi kimi dünyada bir milyard insanın əziyyət çəkdiyi miqren xəstəliyinin tədqiqi və müalicəsini nəzərdə tutur. Tibb sahəsində reytinqlərin hazırlanması ilə məşğul olan və Milli Tibb Kitabxanasının (MEDLINE) verilənlər bazasında indekslənmiş bütün tibbi nəşrləri araşdıran dünyanın bir nömrəli və nüfuzlu “Expertscape” nəşri 2011-ci ildən 2021-ci ilə qədər başağrıları sahəsində dərc olunmuş 12.525 məqalə əsasında son 10 ilin reytinqini hazırlayıb.

Xatırladaq ki, Məsud Aşina 1965-ci il dekabrın 29-da Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunudur. Hazırda Kopenhagen Universitetinin nevrologiya üzrə professor və baş məsləhətçisi, Beynəlxalq Başağrıları Cəmiyyətinin rəhbəri və İnsan Miqreni Araşdırma Birliyinin direktoru vəzifələrini icra edir.

Soydaşımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ildə “YAŞAT” Fondunun Himayəçilik Şurasına üzv təyin edilib.

Diasporla İş üzrə Dövlət Komitəsi həmvətənimizi bu münasibətlə təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayır.

Manevr.az
Azərbaycanlı professor dünyanın ən məhsuldar alimi seçildi - ŞƏKİL
 
 
araz.az xəbər portalı.

RAMİZ MEHDİYEVİN MƏKTUBU ETİRAZ DOĞURDU, PROFESSORDAN SƏRT REAKSİYA: "Məni çörəklə imtahana çəksəniz də..."

ramiz mehdiyev23jpg 1627155299

İdris ABBASOV,

AMEA Dilçilik İnstitutunun professoru

                                                                 ***

Dünən qocalıb əldən düşmüş noutbukumu ustaya təmirə vermişəm. Deyəsən, düzələn zibil deyil. Müvəqqəti olaraq qonşunun noutbukundan istifadə edirdim. Qonşuya lazım olduğundan noutbukunu geri aldı. Ona görə də, telefonda ətraflı yaza və R.Mehdiyevin mənə “qayğısı”nı izah edə bilmədim. Haqqımda hüsnü-zəndə olduğunuz üçün hamınıza minnətdaram. Uca Allah yar və yardımçınız olsun!!

R.Mehdiyev mənə ünvanlandığı cavabda yazır: "Azərbaycan elminin inkişafındakı xidmətləriniz, xüsusilə türk-tatar dilinin, Azərbaycan dilinin qrammatikası üzrə elmi-tədqiqat sahəsindəki uğurlu fəaliyyətiniz AMEA tərəfindən təqdir edilməkdədir”.

Professor İdris ABBASOV

O, mənzil-məişət şəraitimin yaxşılaşdırılması məqsədilə MTK-ya müraciət etməyimi, Saray qəsəbəsində yerləşən, kvadratı 450-500 AZN olan çoxmənzilli yaşayış binalarından mənzil almağımı tövsiyə edir. Bərəkallah! Əslində, herantologiya maraqlı elmdir. Heyf ki, vaxtım və imkanım yoxdur...

Problemə “Toxun acdan xəbəri yoxdur” prinsipi ilə yanaşan cənab R. Mehdiyev ağlına sığışdıra bilmir ki, haqqı yeyilən, institutdakı büdcədağıtma əməliyyatını ifşa etdiyinə görə 5 ildir təqiblərə, psixoloji təsirlərə və təzyiqlərə məruz qoyulan, elmi fəaliyyəti bu gün R.Mehdiyevin etdiyi kimi “təqdir edilən”, üzdə ictimaiyyətə təriflənib arxada burunlanan, 584 AZN maaş alan, rüşvətdən, büdcə talançılığından, alverdən uzaq olan İdris Abbasov o mənzili necə alar və şəraitini necə yaxşılaşdıra bilər?

Maddi ehtiyacın nə olduğunu bilməyən akademiya prezidentinə çatmır ki, İ.Abbasov özünə bir noutbuk belə ala bilmir. Abbasovun, maddi meydanı işğal etmiş akademiklərin övladlarından qat-qat istedadlı, orta məktəbi təzəcə bitirmiş övladı ehtiyac üzündən təhsilini davam etdirməyi düşünə bilmir, kiçik fəhləlik işi ilə ailəyə cüzi kömək göstərməyə səy edir, akademikinki isə anadangəlmə ali məktəb tələbəsi, univeristet məzunu, nazir, məmur, oliqarx, səfirdir.

Cənab Ramiz Mehdiyev, siz ehtiyacın nə olduğunu bilirsinizmi? Pulunuz o qədər çoxdur ki, yerli auditoriya ilə manipulyasiya etmək üçün bir kitabınızı az qala yüz dilə tərcümə elətdirib çap etdirirsiniz. Mən isə nəinki “təqdir” etdiyiniz milli-mənəvi abidəmizi çap etdirə bilmirəm, həmçinin uşaqlarım bəzən ac da, paltarsız da, tibbi köməksiz də qalır. Təki siz və sizin övladlarınız, ətrafınız yaşasın, deyilmi?!

Biz quldarlıq ictimai-iqtisadi formasiyasının qaydaları ilə razılaşan, sizə xidmət edən qara qullarıq! Çünki siz dövlətə “xidmət” edib qəsrlər, imarətlər fəth edirsiniz, biz isə Vətən, dövlət uğrunda canımızdan keçməyə hazır olan, oğurlamayan, dağıtmayan, bu xalqa, millətə, dövlətə nifrət etməyi bacarmayan “bacarıqsız və ağılsız kölələr”ik. Əlbəttə, biz ac qalmalıyıq, özümüz də, uşaqlarımız da ehtiyac içində qıvrılmalı, ümidsiz halda ölümümzü gözləməliyik. Sizin övladlarınız isə məmur, alim, akademik, nazir, səfir doğulduqları üçün əbədi müqəddəslik suyu ilə vəftiz olunublar. Bircə ona sevinməliyik ki, bizi öz qızıl unitazlarınıza diri-diri qurban kəsmirsiniz, sadəcə, iqtisadi blokadaya salıb sakit yolla öldürürsünüz, yəni bu dünyadan öz xoşuna köçməyə razılaşdırırsınız.

Sizin və sizinlə yaxın olan akademik həmkarlarınızın itlərinin də, pişiklərinin də şəraiti var. Kitablarını “təqdir” etdiyiniz İdris Abbasov və övladları doğma Vətənində sizin ucbatınızdan zülm çəkirlər. “Azərbaycan elminin inkişafındakı xidmətlərini təqdir” etdiyiniz İ.Abbasov və ailəsi sayənizdə minimum həyat keyfiyyətlərindən, tibbi xidmətlərdən yararlana, dərmanlarını ala bilmir, Siz isə eyş-işrət, yağ-bal içində üzür, hətta böyük israfçılıqlar edirsiniz. Üstəlik, qayğı və məsuliyyətdən uzaq, vecinizə almadan Saray qəsəbəsində pul ödəyib ev almağımı da məsləhət görürsünüz. Bu dərəcədə impatiya hissindən məhrum olduğunuzu ağlıma belə gətirə bilməzdim. Nə böyük lütf edirsiniz, möhtərəm akademik! Məgər siz deməsəydiniz, biz şəhərdə ev satıldığını bilmirdik? Bu, nə qayğıdır?! Ələ salırsınız?

Ələ salamaq ömrünüzə ömür qatırsa, eybi yoxdur, edin! 4 nəfərlə yaşadığımız 29 kvadratlıq mənzil bizə yetər. Mən sizin kimi möhtəşəm qəsrlərdə yaşamağa vərdiş etməmişəm. Sözün əsl mənasında Azərbaycana xidmət edən vətəndaşın düşdüyü vəziyyətə sevinməyinizə, ironiya etməyinizə heyranam! İroniya etmək, sevinmək ömrü uzadırsa, onu da edin! Möhkəm-möhkəm sevinin!

Qeyd edim ki, cənab R. Mehdiyev mənzil şəraiti ilə bağlı məsləhətindən başqa, ərizədə qeyd etdiyim dövlət əhəmiyyətli faktlara heç bir reaksiya vermir, Dilçilik İnstitutunda mənimsənilən milyonlar və təkcə son 5 ildə ayrılan yüz minlərlə qrantın, saxta kitablara xərclənən dövlət vəsaitinin taleyinə aydınlıq gətirmir. Çünki onların altından baş akademikin yaxın dostları və məsləkdaşları, ünlü akademik və professorların adları çıxır.

Deməli, möhtərəm akademik ərizədə göstərdiyim son dərəcə dövlət əhəmiyyətli məsələlərə münasibət bildirmək əvəzinə, elmi-tədqiqat sahəsindəki uğurlu fəaliyyətimi “təqdir” edir, MTK-dan ev almağı təklifləyir. Bu da AMEA və onun funksional prezidenti!

P.S. Əziz dostlar! Praktik müşahidələrim əsasında akademik mühitdə çox əzazilliklərin, oyunların şahidi oldum. Neçə illərdir ki, Dilçilik İnstitutunda qılıncının dalı, qabağı kəsən, arxalı akdemiklərlə – akademik Ramiz Mehdiyevin yaxın silahdaşları İsa Həbibbəyli, Möhsün Nağısoylu və onların çoxsaylı dəstəsi ilə üz-üzə gəlməyim bir çox həqiqətləri mənə əyan etdi.

Rastlaşdıqlarımdan, gördüklərimdən, mənə qarşı edilən təqib və təzyiqlərdən, həm də eşitdiklərimdən aydın oldu ki, bu vəzifəli və titullu alimlər, onların Prezident Administrasiyasındakı və dövlət orqanlarındakı havadarları hasil etdikləri bilik və siyasi təcrübələrini, maliyyə güclərini özlərini zati-müqəddəs kimi qələmə verməyə və bütün problemləri ustalıqla ölkənin birinci şəxsinin üzərinə yönəltməyə həsr ediblər. Bu siyasət onların ortalığı qarışdırıb siyasi-iqtisadi gücə çevrilmələrinə, öz çevrələrini genişləndirməyə imkan verib. Vaxtilə Əli Həsənov (PA-nın sabiq şöbə müdiri), Abel Məhərrəmov, Misir Mərdanov, Akif Əlizadə, Arif Mehdiyev, Fatma Abdullazadə, hazırda Möhsün Nağısoylu, İsa Həbibbəyli və Ramiz Mehdiyevə etdiyim yazılı və şifahi müraciətlərdə onların ölkə başçısından “narazı kəsim” yaratmaq “ustalıq”larını kəşf etdim. Çox zərərli və dövlətin mövcudluğu üçün qorxulu tendensiyadır. Allah kəssin belə nankor peşəkarlığı! Məqsəd Azərbaycan Prezidenti ilə namuslu xalq arasında uçurum yaratmaq və öz xeyirlərinə yararlanmaqdır. Ölkə daxilində və xaricində bəzi qüvvələrin ölkə başçısını hədəf almaları təsadüfi deyildir və onun kökünün daxildəki akademik ustadlara gedib çıxdığını inkar etmək olmur. Bu, mənim gəldiyim son qənaətdir. Nə olur-olsun, qıcıqlandırmaq, narazı salmaq və problemlərin səbəbkarı kimi özlərini yox, ölkə başçısını nişan vermək. Mənim düşüncəmə görə, hökmdarı təhqir olunan xalq ikiqat təhqir olunur. Xalqın akademik təhqirolunma prosesinin şirnikləşdirilməsi milli mənəviyyatın məhvinə yönəlib.

Cənab akdemiklər – İsa Həbibbəyli, Ramiz Mehdiyev, Möhsün Nağısoylu və onların məsləkdaşları! Bilin və agah olun! Nə qədər ictimaiyyət arasında tərifləyib (İdris Abbasov “dünya şöhrətli alim”, “təqdir edirəm”, “iki institutun işini görüb”), arxada faktik olaraq haqqımı yesəniz, məni çörəklə imtahana çəksəniz, mənəvi-psixoloji təzyiqlərə və təqiblərə məruz qoysanız da, əməllərinizə görə ölkə başçısını ittiham etməyəcək, arzunuzu gözünüzdə qoyacağam, qanunsuzluqlarınızı, qeyri-səmimiliyinizi üzünüzə deyəcəyəm, ictimaiyyətə bəyan edəcəyəm. Hər kəsin pis niyyəti öz başında çatlayacaq!

Görün, hökmdarın və xalqın təhqir olunmasına qarşı bir akademik səsini çıxarırmı? Çıxarmayacaq da. Xalqa və onun rəhbərinə edilən təhqirlər onların çörəyinə bal-qaymaq yaxır. Keflərindən qalmayan və neçə-neçə hökmdarları yola salan bu “möhtərəm” akademiklər özlərini hamıdan çoxbilmiş və ağıllı sayırlar. Sanki bu ölkənin yeməyindən, varidatından savayı, başqa problemlərin laübalı həyata adət etmiş akademik haramgirlərə aidiyyəti yoxdur!

Qeyd. Ərizəmə cavabı AMEA İşlər idarəsinin müdiri vəzifəsini icra edən Fikrət Əliyev imzalayıb.

 

 

araz.az xəbər portalı.

Fazil Mustafa: "Nə Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu müraciət edən jurnalistlərin təşəbbüsünü dəstəkləyirəm, amma..."

fazilıjpg 1595665128

Fazil MUSTAFA,

Milət vəkili

                                                                      ***

Bu gün bir qrup tanınmış jurnalist və QHT rəhbəri ölkə prezidentinə məktub ünvanladı ki, bəs jurnalistlər üçün inşası tamamlanan bina şəhid və qazi ailələrinə verilsin.

Özlüyündə bir jurnalist fədakarlığını ifadə edən bir addımdır. Ancaq bu təklifi bir neçə gün öncə bir millət vəkili də irəli sürmüşdü. Nədənsə bu imza sahiblərinin bir qismi dəstək vermə bir yana dursun, sosial şəbəkədə, əllərində olan internet televiziyaları vasitəsilə geniş bir təhqir kampaniyasına başladılar. Hətta adından saxta profil düzəldərək ictimai rəyi çaşdıracaq statuslar da paylaşdılar.

Milli sosial qaragüruhun ayrılmaz qanadı kimi özünü büruzə verən jurnalist qaragüruhunun yönləndirilməsi ilə bir fikrin, bir təklifin necə linç edilməsinin şahidi olduq. Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq nə millət vəkili Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu sənəd imzalayıb göndərən jurnalistlərin bu təşəbbüsünü dəstəkləyirəm. Şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir.

Üçüncü bina isə xüsusi etimada malik komissiya tərəfindən müəyynələşdirilən cəmiyyətimiz üçün dəyərli olan istedadlı alim, jurnalist, yazar, həkim, müəllim, tərcüməçi, mühəndis və başqa peşə sahiblərinə verilməlidir. Əlbəttə, bu bir fikirdir, bir təklifdir, bəyənilib, bəyənilməməsi də normaldır.

Bütün hallarda son qərar prezidentə aiddir və əminəm ki, ədalətli şəkildə bu mübahisələrə son qoyacaq. Bir qrup tanınmış jurnalistin mənzillərin şəhid ailələrinə verilməsi təşəbbüsü də, bu təşəbbüsə olan etirazlar da normaldır və kimsənin başqasını düşüncəsinə görə "jurnalist düşməni" çıxarması da absurddur. Bəlkə də jurnalistlərlə ən yaxın dost olan, onların telefon zənglərinə həssas yanaşan, istənilən suallarını cavablandıran bir siyasətçi kimi bunları söyləməyə ərkim çatır.

Üzüntü ilə qeyd edim ki, son bir həftədə sosial şəbəkədə gedən qızğın mübahisələrdə bir gerçəklik aydın oldu: Azərbaycan jurnalistləri içində səviyyəli polimika aparmağa qadir, ədəbli üslubda etiraz bildirməyə hazır personaların sayı elə də çox deyil. Fikrə əsaslandırılmış fikirlə etiraz edərlər, söyüşlə, təhqirlə deyil. Demiş şəhid ailələrinə verilsin, yazın ki, bu doğru təklif deyil. Eyni təklifi indi xeyli jurnalist həmkarınız irəli sürdü, o halda yenədəmi söyüş ritorikasına keçəcəksiniz?

Ən dəhşətlisi də beş kitab oxumamış birilərinin onu savadsız adlandırması, diskusiyaya çağırması oldu. Etibar Əliyev ixtisasca fizikdir, fəlsəfədən müdafiə edib və bu sahələrdə heyrətamiz düşüncə sisteminə malikdir. Ədəbiyyatı ədəbiyyatçıdan, kitabı kitabçıdan, ensiklopediyanı ensiklopedistdən yaxşı bilir. Sadəcə düşüncə həyatımıza yenilik gətirən kitabları ilə tanış olmayanlar üçün hansı dəyər ölçüsü ola bilər ki?

Burasını da qeyd edim ki, bütün istedadlı insanlar kimi, onun da xarakterində təzadlı məqamlar var və bəzən insanlarla yerli, yersiz konfliktlərdə olur. Buna görə də davranışlarını xoşlamayan insanlar da var. Ancaq fikirlərini bölüşən, bilgisini qiymətləndirən, bundan faydalanan çox sayda insanlarımız da var.

Deputat kimi də ən fəallardan biridir və seçicilərin də problemlərinə ən həssas yanaşanlardandır. Sosial şəbəkədə də düşüncə həyatımız üçün ən maraqlı paylaşımları da vaxtaşırı izləyicilərə çatdırır. Yəni sözümün canı odur ki, yazıya görə, təklifə görə qaragüruh həmrəyliyi ilə istənilən şəxsə qarşı hörmətsizlik göstərənlər, ilk növbədə düşünməlidirlər ki, məhz düşüncə azadlığına qarşı hörmətsizlik edirlər.

Baxın, üç gün keçmiş bumeranq geri qayıtdı, eyni fikri artıq tanınmış jurnalistlər ictimailəşdirdilər. Ədəbsizlik ictimai sferada həmişə olacaq, ancaq bunun subyektləri qələmlə, kitabla bağlılığı olanlar deyil, kitaba, yazıya, qələmə sayğısızlar ola bilərlər.

 

 

araz.az xəbər portalı.

“Qarabağda Rusiyanın qalması, oraya Fransa və ABŞ qoşunlarının gəlməsindən daha sərfəlidir...”

etibar

"Zəngəzur, Göyçə, İrəvan, Basarkeçərin və s. bizim dədə-baba torpağı olmasının heç bir şübhə yoxdur.  Və bu tarixi faktdır ki, vaxtilə həmin torpaqlarda yaşayan soydaşlarımız ermənilər tərəfindən deportasiya edilib. Bunu heç kəs inkar edə bilməz". 

Bunu bəzi xarici qüvvələrin son vaxtlar Azərbaycan Prezidentinin öz çıxışlarında Zəngəzur, Göyçə, İrəvanın və s. tarixi dədə-baba torpaqlarımız olması və soydaşlarımızın oralara qayıtmasının vacibliyini vurğulamasının Ermənistana ərazi iddiası kimi dəyərləndirilməsinə münasibət bildirən AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov  ifadə edib.

"Tarixi ədaləti bərpa etmək üçün isə Azərbaycanın güclü olması gərəkdir. Və təbii ki, Azərbaycan öz müttəfiqləri vasitəsilə də bu məsələnin həllinə çalışacaq. Yəni bizim əhalinin indi "Ermənistan" adlanan torpaqlara qayıtması hələ heç də həmin ərazilərin toxunulmazlıq prinsipinə zidd deyil. Çünki söhbət həmin ərazilərin ilhaqından yox, o torpaqların köklü əhalisinin geri dönməsindən gedir.  BMT-nin qəbul etdiyi sərhədlər daxilində Ermənistan da öz dövlətini  yaşada bilər. Ancaq Azərbaycan insanlarının bəhs edilən torpaqlara qayıtması onların təbii haqqıdır"- deyə açıqlamasının davamında istiqlalçı deputat söyləyib.

"Zəngəzur dəhlizi məsələsi həll olunsa, Xankəndi, Xocalı və digər ərazilərdə suverenliymizin bərpası öz həllini asanlıqla tapacaqmı? Ortalıqda Qarabağda faktiki hərbi kontingenti olan Rusiya faktoru da var..." sualına cavabında isə  Etibar Məmmədov bunları söyləyib.

"Qarabağda Rusiya faktoru olmasına, var. Ancaq hələlik qüvvələr nisbəti belədir ki, bu gün Rusiyanın  mövqeyi  Azərbaycan dövlətinin mövqeyinə zidd deyl. Çünki Rusiya dövlət başçısı da dəfələrlə bəyan edib ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir, Azərbaycan öz ərazilərində müharibə aparır və öz torpaqlarını azad etmək onun təbii haqqıdır. Halbuki Minsk Qrupunun digər həmsədrlərindən Fransa Azərbaycanı "işğalçı" adlandırıb  və ordumuzun azad etdiyi ərazilərdən çıxması haqda Fransa senatının  bəyanatı da var. O biri həmsədr ABŞ-ın Dövlət katibi Entoni Blinken isə elə hakimiyyətə gələn kimi Azərbaycan qarşısında azad etdiyi ərazilərdən çıxması tələbini  qoymuşdu...

Yəni Minsk Qrupunun 3 həmsədrindən ikisi Azərbaycanın təbii haqqını  dolayısıyla da olsa, tanımamaq mövqeyindədir. Rusiya isə Azərbaycanın bu haqqını tanıyır. Ona görə də hələlik Rusiya ordusunun  keçmiş Dağlıq Qarabağ ərazisində guya ki, sülhməramlı qüvvə kimi qalması məsələsi bizim üçün daha sərfəlidir, nəinki oraya ermənilərin də təşəbbüs göstərdiyi kimi, Fransa və ABŞ-ın birgə qoşun birləşmələrinin yerləşdirilməsi. Və hətta nənki Qarabağa, Ermənistanla sərhədə də bu iki ədalətsiz həmsədrin qoşunlarının yerləşdirilməsi planı mövcuddur. Təbii ki, Azərbaycanın razılığı olmadan bu, mümkün deyil.  Ancaq nəzərə almaq lazımdır ki, bu iki dövlət faktiki Ermənistanın müttəfiqi kimi çıxış edir. Və yada salaq ki, 100 il bundan öncə Sevr müqaviləsindən sonra məşhur Vilson planı var idi. Həmin plana əsasən  Azərbaycanın yarıdan çoxu, Türkiyənin də böyük bir hissəsi Ermənistana verilməli idi. Yəni ABŞ-ın mövqeyi o vaxtdan belə olub. Fransa da Ermənistanın təbii müttəfiqidir və açıq-aşkar öz mövqeyini bildirir. Onların yenə də BMT Təhlükəsizlik Şurasında Azərbaycanın təcavüzkar kimi tanınması məqsədilə yeni bir qətnamə qəbul olunması üçün təşəbbüs göstərmək ehtimalı var. Bunun qarşısını real olaraq ala biləcək yeganə qüvvə isə  veto hüququna malik Rusiyadır.

Yada salaq ki, bir dəfə də bunun qarşısını Böyük Britaniya alıb. Ancaq bu dəfə onun  hansı mövqedə olacağını da bilmirik. Yəni Avropa Birliyi və ABŞ-la Rusiyanın mövqeyinin toqquşması  hələki Azərbaycanın əleyhinə qərar qəbul olunmasına imkan vermir. Odur ki, bizim indiki siyasi taktikamız eyni zamanda rəqiblərin hamısına qarşı vuruşmaq deyil, onları bir-birilə vuruşdurub öz mövqelərimizi möhkəmləndirməkdən ibarət olmalıdır" -deyə AMİP lideri vurğulayıb.

araz.az xəbər portalı.

PREZİDENTİN İRADƏSİNƏ ZİDD OLAN TƏXRİBATA “YOX!” DEYƏK!!!

WhatsApp Image 2021 07 24 at 19.28.20

Bir qrup media təmsilçisi və QHT rəhbəri Prezidentə müraciət edib ki, jurnalistlər üçün tikilən və hazırda tam hazır olan 3-cü binadakı evlər şəhid ailələrinə verilsin. Biz şəhid ailələrini heç də müraciətə imza atan şəxslərdən az sevmirik.

Ancaq burada incə məqamlar var ki, onlara mütləq aydınlıq gətirilməlidir. Şəhid ailələri nəinki mənzillə təmin olunmalı, ümumiyyətlə dövlətin bütün qayğıları və digər güzəştlərilə əhatə olunmalıdır.

Dövlət bu istiqamətdə lazımi addımları atır və gələcəkdə də lazımı tədbirləri həyata keçirəcəyinə qəti şübhə yoxdur. Onda sual olunur: niyə bu həssas təbəqə üçün məhz jurnalistlərə nəzərdə tutulan 3-cü binanın verilməsi təklif edilir?

Bu, birbaşa Prezidentə yönəlik təxribatdır. Çünki məhz üçüncü binanın təməlini Prezident atıb və həmin vaxt çıxışında binanın məhz jurnalistlərə veriləcəyini bəyan edib.

Onda isə siyahıda imzası olan və dövlətdən nə mümkündürsə qoparmağı bacaran bir qrup media təmsilçisi niyə Prezidentin iradəsinə qarşı çıxmaq istəyir? Niyə dostları oliqarxların, rüşvətxor məmurların villalarının əllərindən alınıb, şəhid ailələrinə verilməsini təklif etmirlər?

Çox maraqlıdır ki, iki gün əvvəl millət vəkili Etibar Əliyevin məhz bu təklifinə qarşı çıxanlar, indi həmin təklifə dəstək ifadəsi kimi müraciətə imza atırlar. Deməli, bu idarə edilən prosesdir. Mən əvvəl də yazmışam ki, bu təklifi hakimiyyətin daxilindəki hansısa qrup stimullaşdırır.

Bilirlər ki, bu təklif birmənalı qarşılanmayacaq. Çünki illərlə həmin mənzilləri gözləyən, doğrudan da evə ciddi ehtiyacı olan jurnalistlər var. Bu təklif əvvəlki binalarda edilən saxtakarlığa görə gündəmə gətirilirsə, onda indiyə kimi ev ala bilməyənlərin nə günahı var?

Qoy tutub həmin saxtakarlığı edənləri cəzalandırsınlar, layiq olmayanların evlərini əlindən alıb şəhid ailələrinə versinlər. Dövlətin bu qədər maddi resursları olduğu halda, şəhid ailələrinə niyə kimlərinsə gözlərinin olduğu və ətrafında daima müzakirə aparılacaq mübahisəli mənzillər verilməlidir?

Allah heç kimi həmin müraciətə imza atan jurnalistlərin vəziyyətinə salmasın. Çünki onların əksəriyyəti 1-ci və 2-ci binada ev alıblar. Bu nə məntiqdi: özün ev alırsan, ancaq başqasına məsləhət görürsən ki, evini şəhid ailəsinə ver.

Həmin media adamlarının çoxunun bir neçə mənzili var. Yaxşı olar ki, nümunə olaraq birinci özləri dövlətdən aldıqları evlərini şəhid ailəsinə versinlər. Onda təşəbbüsləri səmimi görünər. İnanıram ki, Cənab Prezident bu təxribata YOX deyəcək!

Məmmədəli QƏRİBLİ,

azinforum.az xəbər portalının Baş redaktoru.

2 -dən səhifə 1652

Əlaqəli xəbərlər