Ölkəmiz də, Selvedge Dünya Satış Sərgisində təmsil olunacaq

16303054894013565027 1000x669

Sərgidə sənətkarlarımız milli mədəni irsimizi, tekstil ənənələrimizi öz kolleksiyaları vasitəsilə nümayiş etdirəcəklər.

Avqustun 31-də geyim mədəniyyətinin və yaradıcılığının bayramı sayılan Selvedge Dünya Satış Sərgisi təşkil ediləcək.

araz.az xəbər verir ki, sentyabrın 5-dək davam edəcək sərgidə 75 ölkədən 150-dən çox sənətkar öz milli mədəni irsini, tekstil ənənələrini öz kolleksiyaları vasitəsilə nümayiş etdirəcəklər.

Selvedge 2021 Dünya Satış Sərgisi çərçivəsində sentyabrın 4-də “Yaradıcılıq günü” təşkil olunacaq və 24 saat ərzində onlayn görüşlər, söhbətlər, sual-cavablar, film təqdimatları, sənətkarlarla müsahibələr və emalatxanalarda görüşlər baş tutacaq. “Yaradıcılıq günü” proqramında Yeni Zelandiya, Honkonq, Yaponiya, Hindistan, Misir, Avstriya, Böyük Britaniya, Kolumbiya, Çili, Meksika, Kanada ilə yanaşı Azərbaycan da təmsil olunacaq.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova Selvedge Dünya Sərgisinin seçim komissiyasında iştirakla yanaşı, sentyabrın 4-də saat 11:00-da baş tutacaq onlayn görüşdə təqdimatla çıxış edəcək. Şirin xanım Azərbaycan mədəniyyətinin simvolu, xalqımızın həyat tərzində əsas rol oynayan xalça sənəti haqqında məlumat verəcək. Ş.Məlikova iştirakçılara muzeyin yeni layihələri, inklüziv proqramları, boyama sənətinin inkişafı və qədim xalçatoxuma texnikalarının dirçəldilməsi istiqamətində fəaliyyətindən ətraflı bəhs edəcək.

Sonra izləyicilər muzeyin Beynəlxalq Əlaqələr və İnnovasiyalar Departamentinin müdiri Firahnaz Musayevanın bələdçiliyi ilə dünyanın ilk Xalça Muzeyinə virtual tura dəvət olunacaqlar.

Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş bir saatlıq proqramın sonunda Xalq rəssamı Eldar Mikayılzadə ilə onun emalatxanasında onlayn görüş təşkil olunacaq. Xalçaçı-rəssam ölkəmizdə xalçaçılıq ənənənələrinin yaşadılması, inkişaf etdirilməsi haqqında danışacaq, yeni yun və ipək xalçaların toxunma prosesini nümayiş etdirəcək.

 

araz.az xəbər portalı.