Vətən müharibəsi qazisi Prezidentə müraciət etdi

bandicam 2021 05 14 00 29 53 681Bugünlərdə redaksiyamıza Yardımlı rayonu, Gavran kənd sakini, 2-ci Qarabağ müharibəsində iştirak etməsi səbəbindən baş nahiyəsindən  xəsarətlər alan Əli İrzəbəy oğlu Ağaməmmədovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və digər dövlət qurumlarının rəhbər şəxslərinə ünvanladığı müraciətin bir surəti daxil olub. Adı çəkilən bu şəxs ünvanladığı müraciətində qeyd edir: “27 sentyabr 2020-ci il tarixdə erməni işğalçı ordu birləşmələrinə qarşı Vətən müharibəsi başlayarkən xalqını, dövlətini sevən çoxsaylı gənclərdən biri olaraq mən də SHXÇDX Yardımlı rayon idarəsinə müraciət etdim və az sonra könüllü hərbi xidmətə yola düşdüm. İlk günlərdən bir çox döyüş əməliyyatlarında iştirak etsəm də, Füzuli rayonunun azad olunması uğurunda həyata keçirilən döyüş əməliyyatları zamanı yaralandım. Buna baxmayaraq, bir qədər müayinə olunub təkrar döyüş əməliyyatlarında iştirak etdim. Az sonra isə, baş nahiyəmdən xəsarətlər aldım. Qeyd edim ki, Vətən müharibəsində həyata keçirilən döyüş əməliyyatları zamanı aldığım xəsarətlər xeyli vaxtdır ki, məni olmazın problemlərlə üz-üzə qoyub. Belə bir səbəbdən də, hazırda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında (Papanin Hospitalı) müalicə işlərimi davam etdirirəm.

    Onu da bildirim ki, bir müddət bundan əvvəl Abşeron rayonu, Güzdək qəsəbə bələdiyyəsində sədr müavini vəzifəsini daşıyan, qara ciyər xəstəsi olan doğma qardaşım Tural Ağaməmmədov heç bir əsas olmadan, şər-böhtan əsasında həbs olundu. Belə bir həbs işləri həyata keçirilən anlarda qardaşım günahkar bilinsə də, sonrakı günlərdə onun hansısa qanunsuzluq əməllərində iştirak etməsini sübuta yetirmək mümkün olmadı. Buna baxmayaraq, qardaşım 26 aprel 2021-ci il tarixdən Bakı İstintaq Təcridxanasında cəza çəkməkdədir. Qeyd edim ki, Tural Ağaməmmədov bələdiyyə sədrinin müavini olduğu vaxtlarda Güzdək qəsəbəsi ərazisindəki şəhid ailələrinə, 2-ci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində döyüşən ordumuza mütəmadi yardımlar göstərmiş və o, belə bir addımlarını atmağı, məhz özü üçün şərəf bilmişdir. Bundan əlavə o, himayəsində olan iki övladının, xəstə anamızın və mənim üç azyaşlı övladımın dolanışığını da təmin edirdi. Onun heç bir əsas olmadan, şər-böhtan əsasında həbs olunması, bu gün ailə üzvlərimizi də çıxılmaz duruma salıb. Ona görə də, bu gün ən böyük arzum qardaşım Tural Ağaməmmədovun azadlığa qovuşmasına nail olmaqdır. Bundan əlavə, qardaşım Tural Ağaməmmədov hazırda “Xroniki qastrit”, “Hepatomeqaliya”, “Hər iki böyrəkdə mikrolotlər”, “Prostat vəzdə durğunluq əlamətləri” xəstəliklərindən əziyyət çəkir və bununla bağlı Bakı İstintaq Təcridxanasının Tibbi-sanitar hissəsinin rəisi, tibb xidməti  polkovnik-leytenantı cənab Rəşad Hüseynovun verdiyi cavab məktubunda da qeyd olunub.

 

    Əlavə olaraq onu da qeyd edim ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan böyük qardaşım Yaşar Ağaməmmədov da, 44 gün davam edən Vətən müharibəsində iştirak edən hərbçilərimizə lazımi köməkliklər göstərdi və o, bunu özü üçün bir borc bildi. Hazırda Yaşar Ağaməmmədov ağ ciyər xəstəsidir və onun oğlu Azərbaycan Hərbi Hava Qüvvələrinin baş leytenantı olmaqla bərabər, Vətən müharibəsi zamanı keçirilən döyüş əməliyyatlarında göstərdiyi xidmətlərinə görə hərbi hissə komandanlığı tərəfindən bir çox mükafatlara da layiq görülür”.

     Bütün bunları əsas tutaraq bu gün belə bir qənaətə gəlirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında, o cümlədən Cəbrayılın, Şuşanın erməni işğalçılarından azad olunması uğurunda həyata keçirilən döyüş əməliyyatlarında yaxından iştirak edən, Füzuli rayonunun azad olunması zamanı yaralanan, az sonra isə baş nahiyəsindən xəsarətlər alan və belə bir səbəbdən də, hazıda Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə işləri həyata keçirilən Əli Ağaməmmədovun, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və digər dövlət qurumlarının rəhbər şəxslərinə ünvanladığı müraciəti diqqətdə saxlanılacaq və bu şəxsin qardaşı Tural Ağaməmmədovla bağlı ədalətli araşdırmalar həyata keçiriləcək. Yəqin ki, o halda heç bir əsas olmadan, şər-böhtan əsasında həbs olunan Tural Ağaməmmədovun günahsızlığı sübuta yetiriləcək və o, öz azadlığına qovuşacaq.  

  Mövzunu diqqətdə saxlayacağıq.

   araz.az xəbər portalı

Əlaqəli xəbərlər