Dünyanın aciz qaldığı BÖYÜK TƏHLÜKƏ AZƏRBAYCANDA: HƏR KƏS...

intiharr

“Böyümək istəmirəm. Çünki həyatda böyümək tələdir” dedi və böyüməməyi seçdi...

Söhbət bir neçə gün əvvəl 15-ci mərtəbədən özünü ataraq gənc canına qıyan tanınmış şair və iş adamı Rüstəm Behrudinin qardaşı oğlu 17 yaşlı İsa Alməmmədovdan gedir. Bu mövzuya qayıtmaqda məqsədimiz əsla az qalsın hər saat qarşılaşdığımız, eşitdiyimiz müasir əsrin intihar bəlasını təbliğ etmək deyil. Buna niyyətli də deyilik. Məqsədimiz bu bəlanın nədən qaynaqlandığına aydınlıq gətirmək, çıxış yollarını axtarıb tapmaqdır. Həm də ortada fərqli situasiya varkən.

Bəs nədir o fərqli olan situasiya?

İndiyədək qadınların intiharından daha çox danışmışıq. Onları intihara sürükləyən ətrafını, yaxınlarını, köhnə fikirli, hələ də qopa bilmədikləri ənənələrinə sadiq valideynlərini qınamışıq, cəmiyyət olaraq iki hissəyə bölünüb həyatına qəsd edəni də qınaq süzgəcimizdən keçirmişik. Belə hallarda daha çox sosial və ailədaxili problemləri və buna bənzər bir sıra faktları sadalamışıq. Bir sözlə, baş sındırmışıq ki, bu lənətə gəlmiş bəladan gənclərimizi qoruyaq, “İntihara dur!” deyək...

Nəticəsi nə oldu?

Hazırda ölkəmizdə yaşından, cinsindən, bəzən isə sosial durumundan asılı olmayaraq, intihar edənlərin sayı artıb.

“Behrud inşaat” şirkətinin rəhbəri İlham Behrud Alməmmədovun oğlu, “Hədəf” liseyinin 11-ci sinif şagirdi İsanın canına qəsd etməsi göstərdi ki, intihar sosial statusa, yığılıb üst-üstə qalan problemlərə, valideyn diqqətsizliyinə və sairə səbəblərə baxmırmış. Bu, bütün dünyada belədir. İsanın 17 yaşında intihar etməsi sosial durumundan asılı olmayaraq, artıq bütün gənclərimizin təhlükə altında olduğundan xəbər verdi. İsa, Sevil canına qəsd edəndə intiharı pisləmişdi, cəsarətsizlik adlandırmışdı. Gəncləri ölümdən qurtarmaq üçün təkliflərini deyirdi, çıxış yolu göstərirdi ki, heç kəs bu addımı atmasın. Amma... Həyat eşqi çox olan bu gəncin canına qıymasına səbəb tapmaq olmur...

Gələcəyimizə qarşı bir terror mövcuddur

İlham Alməmmədov oğlunun intiharının səbəblərini bildiyini deyir. O, təkcə onun oğluna qarşı deyil, bütün balalara qarşı bir terrorun olduğunu qeyd edir. "Əziz dostlar! Məni tanıyan və tanımayan hər kəs, dinləyin və eşidin. Bizim balalara qarşı bir terror var. Bizim balalara, bizim gələcəyimizə qarşı bir terror mövcuddur. Mütləq və mütləq bunun səbəbini və iştirakçılarını tapmalıyıq. Birlikdə bunu dayandırmalıyıq. Dövlət, hökumət, insanlar, bütün qeyri-hökumət təşkilatları hamısı birləşməlidir. Bu intiharı dayandırmağın səbəblərini də, iştirakçılarını da bilirəm. Hər kəsin əlində bir silah və bir casusu var. Mobil telefonlar gənclərimizin düşməni və silahıdır. Yedikləri ərzaqlar, “fast food”lar, mağazalardan alınmış qaynağı bəlli olmayan yeməklərin hamısı uşaqlarımızın intihar etməsinə səbəbdir. Ona görə də sizdən xahiş edirəm, mütləq və mütləq birləşin. Övladlarınıza sahib çıxın. Ən kritik dönəmdəyik. Uşaqların imtahan verdiyi qəbul imtahanlarının zamanıdır. Həmin uşaqlara sahib çıxın, onları sahibsiz buraxmayın. Açıqlamalarım mütləq davam edəcək. Bağrıma basıram. Mənə səbr diləyənlərə deyirəm ki, mən möhkəməm. Möhkəməm və mənim kimi ataları kimsə endirə bilməyəcək”.

Atası İsanın tabutunun başında oğlu ilə bu cür vidalaşdı: “İsa təkcə mənim yox, bu xalqın övladı idi. O, mənə əmanət olunmuşdu. Məni bağışlayın, ona görə ki, sizin əmanətinizi qoruya bilmədim...”

İlham Behrud dəfndə əlini sıxıb, bağrına basan hər kəsin “başın sağ olsun” kəlamına qarşılıq eyni ifadəni işlədirdi. O, təsəlli verənlərin, səbir diləyənlərin hamısına az qala yalvarırdı ki, övladlarınızı qoruyun. Behrudun “Oğlumu öldürdünüz” dediyi “namərd adamlar” bəlkə də “həyatda böyüməyin bir tələ olduğunu” İsanın beyninə yeridənlərdir.

Bəs övladlarımızı kimdən qoruyaq? Nədən və necə müdafiə edək?

Əminəm ki, sanki zəncirvari artan intihar hallarının fonunda bu suallar hər birimizin beynini yorur. Onu bilirəm ki, bu məsələ təkcə bir ailənin acısı deyil, həm də cəmiyyət üçün həyəcan təbilidir.

İsanın intiharı birinci deyil, amma sonuncu ola bilər...

Sonuncu olması üçün nə edək?

İntihar kiminə cəsarət, kiminə görə isə həm də intiqamdır. Bəs İsa və digər İsalar kimdən və nədən intiqam alırlar? Necə alaq bu gənc ölümlərin qarşısını? Kimdən qoruyaq övladlarımızı?

Bütün bu suallara cavab tapacaqsınız...

İntihar sadəcə insanın öz həyatına son qoyması demək deyil, intihar bəzən insanın yüklərdən, gündəlik yaşam tərzindən, bezdiyi həyatdan, eşitdiyi sözlərdən, yaşadığı gərginlikdən qurtulması deməkdir. İntihar edən əksər insan bunu qurtuluş yolu hesab edir. Bəzən isə bu, “məni görün, məni eşidin, mən də var idim”, - deyə bir üsyandır.

Biz sadəcə intihar edən insanları görürük, amma intihara təşəbbüs edən o qədər insanlar var ki, onların sayını bilmirik...

Psixoloq Vəfa Əkbər ona ünvanladığımız suala maraqlı bir sualla cavab verir: “Niyə düşünürsünüz ki, intihar ancaq kasıbların işidir? Kasıbların problemləri çox olur, ona görə? Amma onların hədəfləri daha böyük olur axı... Deyirlər ki, mən xilas olacam, lider olacam, özümü də, valideynlərimi də, qardaş-bacımı da, ətrafımı da, müəllimimi də qurtaracam. Mən bu işdə ona görə işləyirəm ki, bu maaş müvəqqətidir, mənim işimdə yüksəliş var. O insanın həmişə yüksəlməyə, böyüməyə ümidi var. O, daim çətinliyi müvəqqəti görür. Vay o günə ki, bu, şəxslərarası münasibətlərdə olsun. Əgər sizin evinizdə bir valideyn deyirsə ki, “mən beləyəm, belə də gedəcəm”, onda insanın ümidi qırılır. Dəyişməyən bir ölülərdir, bir də dəlilər. İnsan istənilən yaşda, cinsdə, ruhda dəyişə bilir”.

Psixoloq qeyd edir ki, bu gün ona müraciət edənlərin əksəriyyəti məhz imkanlı ailələrin nümayəndələridir. V.Əkbərin fikrincə, insan ən kiçik şeylərlə də xoşbəxt olur: “Verilən ən xırda xoş rəy belə onun aurasını müsbətə doğru dəyişir. İnsan pulla, var-dövlətlə, yaşadağı evin kvadratının böyüklüyü ilə, sürdüyü maşının markası ilə xoşbəxt olsaydı, bu gün bizə müraciət edənlərin əksəriyyəti varlılar olmazdı. Varlılar da insandır. İntihar varlıya və kasıba baxmır. Bu, içində boşluq yaşayanların problemidir”.

Onlar sonda “İmdad!” deyə bir nida qoyurlar

İntihar edənlərin son səsinə qulaq assaq, şahidləri dinləsək, biz onların “imdad, yardım et, ay Allah, kömək ol, Ana!” deyə imdad diləməsini eşidə bilərik.

Psixoloq qeyd edir ki, o zaman insanlar sanki bir yuxuya girir və o yuxu onların bütün beyin pəncərələrini bağlayır. İntihar edən anda isə o pəncərələr açılır və “mən neyləyirəm, hardayam, nə baş verir? mənə kömək edin”, deyib sanki havalanırlar. Beyinə oksigen girdiyi üçün yardım qışqırığı, yardım küyü yaranır ki, həmin an şəxs haray çəkir, kimi haray bilirsə, onu səsləyir: “İntihara təşəbbüs planlı şəkildə olur. Əvvəllər biz intihar edənlərə daha çox gəncləri və orta yaşlıları aid edirdiksə, indi məktəbli uşaqların, hətta yaşlı insanların canlarına qəsd etdiklərini görürük. Bu, artıq xaosdur. İnsanlar bunu nümunə kimi götürürlər”.

Bu insalar intihar edəcək - SOS!

İntihar xəbərlərini oxuyanlara diqqət edin. Kiminsə intiharını eşidən və ya bu barədə oxuyan şəxslər əgər deyirlərsə ki, “O, intihar etdi, canını qutardı”, bu, hər kəsə bir həyəcan təbili olmalıdır.

V.Əkbərin fikrincə, həmin şəxs demək istəyir ki, “bu, mənim də planımda var, buna mənfi baxmıram, mənim də rəyim var”. Rəyin özündə belə imdad var”.

Bəs canını nədən qurtardı?

O insan intihar edəni heç tanımadan belə, nədən canını qutarmaq istəyirsə, o yöndə də cavab verəcək. Bəlkə intihar edənin başqa problemi var idi? Bunu bilmirlər. Onlara görə versiya və rəyləri özləri haqqındadır, özlərindən danışırlar.

Diqqətli olun!

Psixoloq bu məsələdə hər kəsi diqqətli olmağa səsləyir: “İstər valideynin övlada sevgisi olsun, istərsə də əks cinsin sevgisi, hansı olur-olsun, sevgidə günəş kimi olmaq lazımdır. Yoluna işıq salmaq yetərli deyil, onun içini isitməyi bacarmalısan. Bunu bacarmırsansa, gün kimi heç bir faydan yoxdur. İntihar edənin yaxınları deyəcək ki, biz onu oxutduq, onun yanında olduq, cib xərcliyini verdik, ona gözün üstündə qaşın var deyən yox idi, öz otağı, telefonu var idi, istədiyini edirdi. Amma sevgini tam vermirlər, valideyn də öz işləri ilə başını qatır. Övladlarınıza, bir-birinizə sevgi verin”.

Nə qədər qəribə səslənsə də, intihar heç də acizlik və ya məntiqsizliyin nəticəsi deyil. İnsanı intihara təhrik edən səbəblər fonunda vəziyyətdən çıxış yolu olaraq ölümün seçilməsi həmin anda onun üçün ən məntiqli davranış kimi görünə bilər.

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə hesab edir ki, intihar nə yaşa, nə sosial statusa, nə də maddi duruma baxır: “Suisidal davranış, insanın bilərəkdən və ya qəsdən dözülməz həyat şəraiti ilə toqquşması səbəbindən özünü öldürməyə yönəlmiş auto-aqressiv hərəkətlər zənciridir. Bütün intiharların ümumi məqsədi çıxış və ya həll yolunun axtarılmasıdır. Suisid təsadüfi hərəkət deyil. Onu mənasız və ya məqsədsiz davranış kimi qiymətləndirmək olmaz. İntihar edən üçün bu qərar çətinlikdən, krizisdən və ya dözülməz situasiyadan çıxış yoludur. Bütün intiharların ümumi məqsədi şüuru dayandırmaqdır. İntiharların ən maraqlı və paradoksal tərəfi odur ki, o, eyni zamanda nəyəsə doğru hərəkət və nədənsə qaçışdır.

Stimul verən dözülməz psixoloji ağrıdır

Bu gəncin həyatı da kənardan təminatlı, uğurlu görülsə də, onun hansı psixoloji ağrılardan əziyyət çəkdiyini biz bilmərik. Nəticə etibarilə, heç kim sevincdən intihar etmir.

L.Nəzirzadənin sözlərinə görə, məyusluq doğuran, ödənilməmiş psixoloji tələbatlar suisidin ümumi stressorudur. Köməksizlik, ümidsizlik - bütün intiharlar üçün xarakterik olan ümumi emosiyadır: “Nüfuzlu, tanınmış ailələrdə övladlardan gözləntilər də yüksək olur. Bəzən yeniyetmələr, gənclər bu psixoloji yükü daşımaq iqtidarında olmur. İntiharların profilaktikası üçün məktəblərdə, təhsil müəssisələrində ciddi psixoloji iş aparılmalıdır. Mövcud pandemiya şəraitində intiharların sayının artması təəssüf ki, qaçılmazdır. Real təhsildən məhrumiyyət real ünsiyyət qıtlığı yaradır. Təəssüf ki, onlayn təhsil yeniyetmə və gənclər arasında pessimist əhval-ruhiyyənin artmasına səbəb olur. Həyatın mənası anlayışı öz məzmununu dəyişir, yeni çalarlar alır”.

İntihar - bəşəriyyətlə yaşıd, həlli və profilaktikası tam mümkün olmayan problem

Uşaq və yeniyetmələrin intihar motivləri arasında inciklik, tənhalıq, özünü anlada bilməmək, valideyn sevgisindən və diqqətindən tam və qismən məhrum olmaq, günah və utanc hissi, vicdan əzabı, özündən narazılıq, gülüş hədəfi və rüsvay olmaq, cəza qorxusu, üzr istəməkdən imtina, ilk məhəbbət uğursuzluqları, erkən yaşda hamiləlik, üsyankarlıq, şantaj, özünə diqqət çəkmək, hamıda təəssüf hissi doğurmaq, sevdiklərini cəzalandırmaq, intiqam hissi kimi motivlər üstünlük təşkil edir.

Məktəb psixoloqları həm məktəblilərlə, həm də onların müəllimləri və valideynləri ilə mütəmadi maarifləndirici, psixoloji iş aparmalıdır.

Düşmənlərin, ədavətli şəxslərin mövcudluğu istisna deyil

L.Nəzirzadə hesab edir ki, əksər hallarda əsl səbəb yalnız intihar edənə bəlli olur və gizli qalır: “Valideynlər bəzən öz davranışlarını adekvat və obyektiv qiymətləndirə bilmirlər. Onlara görə normal, sıradan olan bir tələb yeniyetmə üçün intihara səbəb olacaq qədər ağır ola bilər. Bundan əlavə, İsanın özünə qəsdi ilə bağlı hüquq-mühafizə orqanları hadisənin həqiqətən intihar olub-olmadığını dəqiq müəyyənləşdirməlidir. Bəzən olur ki, sui-qəsdlər çox rahatlıqla intihar kimi qələmə verilir. Ailə tanınmış və maddi cəhətdən kifayət qədər təminatlı olduqda düşmənlərin, ədavətli şəxslərin mövcudluğu da istisna deyil. Bəlkə İsa hansısa ədavətin qurbanıdır. Bunu araşdırmaq isə hüququn işidir”.

Dünyada, o cümlədən də ölkəmizdə cəmiyyət günü-gündən mürəkkəbləşir, mürəkkəbləşdikcə həssaslaşır, həssaslaşdıqca gərginlik artır.

Belə olan halda burada bir səbəbdən danışmaq düzgün sayılmır. Məsələyə kompleks yanaşmaq lazımdır.

Sosioloq Əhməd Qəşəmoğlunun qənaətinə görə, intihar da bir davranış növüdür və hansısa davranış dörd amilin qarşılıqlı təsiri nəticəsində formalaşır:

“Birincisi, İnsanın öz genindən gələn xüsusiyyətidir. Psixoloqlar insanın üzünə, gözlərinə baxanda onun intihara meyilli olub-olmamasını bilirlər.

İkincisi, mühitdir. Cəmiyyətdə gedən proseslər, müxtəlif hadisələr psixoloji xüsusiyyətləri ya normaya salır, ya da fəallaşdırır.

Üçüncüsü, insanın aldığı informasiyalardır. Əgər 50 il əvvəl gənclərin həyatında bədii ədəbiyyat xüsusi rol oynayırdısa, indi elə deyil. Sosial şəbəkələr gərginlik yaradır, televiziyalar hər gün əsəbləri qıcıqlandıran məlumatlar verir. Gərək uğurlu insanlar, ailələr haqqında verilişlər təşkil olunsun.

Dördüncüsü, üstünlük verilən dəyərlərdir. Dördü qarşılıqlı olanda insanda davranış formalaşır”.

Sosioloqun fikrincə, sosial statusundan asılı olmayaraq, intiharın səbəbini bir yerdə deyil, qeyd olunan dörd komponentdə axtarmalıyıq: “Orta məktəblərdə tibb məntəqələri olmalı, şagirdlər psixoloqla yanaşı, həkim nəzarətində də olmalıdır. 5-6-cı sinifdə artıq şagirdin nəyə meyilli olması müəyyən olunmalıdır və psixoloq onlarla işləməyə başlamalıdır. O cəmiyyət yaxşı cəmiyyətdir ki, insanlar küçədə mədəniyyət sərgiləsin. O cəmiyyətdə ki mənəvi dəyərlər öndə oldu, o, özü-özünü tənzimləyir. Lakin mənəvi dəyərlər sıxışdırılsa, orada hər şey gözlənilər bilər. İnsanlar öz gücü, qüvvəsi ilə yarışmamalı, mənəvi və mədəni dəyərlər öndə olmalıdır. Gənclərdə mənəvi sıxıntı yaradan məsələlər aydınlaşdırılmalıdır.

Bu, ən çox özünü həyatda tapa bilməyəndə, ondan da qorxulusu, sabah haqqında təsəvvürləri aydın olmayanda olur. Sabaha inamı çox olanda intihar etmirlər, sabah eşqi ilə yaşayırlar. Problem ondadır ki, biz cəmiyyətdə vacib olan profilaktik işləri aparmırıq. Müasir elmin vacib tövsiyəsi var, təəssüf ki, bu məsələlər barədə ölkəmizdə təsəvvürlər lazımi səviyyədə deyil. Cəmiyyət dəyişirsə, insanların psixologiyasında sarsıntı baş verir, belə olan halda isə biz həssas olmalıyıq”.

Yazının əvvəlində haqqında bəhs etdiyim mərhum İsa Alməmmədov cəmiyyətdə özünə yer tapmamışdımı? İsa uğurlu gənc deyildimi? O, təhsil aldığı məktəbin nümunəvi və ən savadlı şagirdlərindən olub. 2019-cu ildə “Hədəf” liseyinin “liseyin bilgəsi” seçilən İsa təhsil müəssisəsinin direktoru vəzifəsini 1 günlük simvolik olaraq icra edib.

Bəs bu cür savadlı gənci intihara kimlər və niyə vadar edib? Bəlkə cəmiyyət edib?

İsa Sevilin intiharından danışanda bu sözləri qeyd edib: “Bir tanışımın problemi var, həmişə bizə deyir ki, intihar edəcəm. Amma düşünürəm ki, intihar edəcək şəxs heç vaxt bunu əvvəlcədən deməməlidir ki, ona mane olmasınlar”. Bəlkə İsa da gizlədib, saxlayıb ki, ona mane olmasınlar. Hər halda, gələcəyin əsgərini, liderini itirdik... Ruhu şad olsun!

Sosial statusundan asılı olmayaraq, hər kəsin “çıxış yolu” və ya “intiqamı”ı intihar olmasın! Özünüzü, doğmalarınızı, sevdiklərinizi qoruyun! Tez böyümək üçün tələsməyin, kamilləşmək üçün yaşayın! Keçmişdə yaşananların arxasında gizlənməyək, onu anlayaq, çıxış yolu tapaq. İnsan böyük qüvvədir. Getmək xilas yolu deyil, qurtularaq ölümün 10-15 mərtəbəsindən addım atmağa çalışanlara nümunə olaq.

Bu yazı bütün gənclərə həyəcan təbili olsun!

Bir anın qurbanı olmağa yaşam deməyin, yaşayaraq yaşam budur, deyin!

İntihar çıxış yolu deyil, özündən sonra ağrı-acı, gözü yaşlı, bir gecədə qara saçları ağappaq olan, arxanda kimsəsiz insanlar buraxmaqdır!

Dünyanın qarşısında aciz qaldığı bu bəladan birgə, bir-birimizin günəşi olaraq, bir-birimizi isidərək, yükümüzü paylaşaraq xilas olaq!

Allah İsanı rəhmət eləsin və bu intihar SON OLSUN!

Akqabay Mıradov

Əlaqəli xəbərlər