"Taliban"ın açdığı İkinci cəbhə -- Türkiyə və Azərbaycan üçün BÖYÜK TARİXİ ŞANS!

31t5qt24

İndi tarixin elə bir dönəmində yaşayırıq ki, həm Azərbaycan, həm də Türk Dünyası üçün, çox əlverişli yeni bir siyasi dövr başlayıb

"Taliban"ın bütün Əfqanıstanı nəzarətə götürməsi və hakimiyyətə yiyələnməsi, əslində, bu dövlətdə ikitirəli hakimiyyət dövrünün sonu, bütöv Əfqanıstanın vahid hakimiyyət tərəfindən idarə olunmasının bərpası deməkdir. Zatən, "Taliban" bu ölkədə hakimiyyətə təzəcə gəlməyib, ABŞ və NATO işğalından sonra, faktiki olaraq, iki hissəyə bölünən Əfqanıstanın müəyyən əraziləri üzərində bu günə kimi nəzarətini və hakimiyyətini qoruyaraq, saxlaya bilib.
Bəli, "Taliban" Əfqanıstanda hakimiyyətdən getməmiş, ABŞ və onun müttəfiqləri tərəfindən işğal olunmuş ölkənin yarısına nəzarəti itirmişdi. Odur ki, "Taliban" bütün Əfqanıstan üzərində vahid olacaq hakimiyyətini bərpa edə bilib. Təbii ki, "Taliban" kimi radikal dini təşkilatın Əfqanıstanda hakimiyyətə bu asanlıqla yiyələnməsi, böyük siyasi oyunun tərkib hissəsi kimi, əldə etdiyi hakimiyyəti müqabilində götürdüyü öhdəliyi, onun üçün müəyyən edilmiş hədəf və məqsədləri həyata keçirməli və reallaşdırmalıdır. "Taliban"ın hakimiyyətə gətirilməsi, ABŞ, Böyük Britaniya və Türkiyə arasında razılaşdırılmış plan üzrə həyata keçirilib. Proseslərin analizi və "Taliban"ın ilkin açıqlamaları, onun bu üç ölkəyə müəyyən dövr üçün müttəfiq kimi davranacağını göstərir. Ümumiyyətlə, Əfqanıstanda gedən və dünya nizamını dəyişə biləcək bütün proseslər, Rusiya və İran üçün ən xoşagəlməz və təhlükəli nəticələr vəd edir. Rusiyanın "Taliban"la bağlı qarışıq açıqlamaları, bu dövlətin Təhlükəsizlik Şurasının təcili iclasları və "Taliban" rəsmisinin Rusiya Federasiyası haqqında söylədikləri də göstərir ki, regionda əldə etdiyi tam hakimiyyəti müqabilində, bu qurumun əsas öhdəliyi, Rusiya üçün cəhənnəm yaratmaqdan ibarətdir.
İndi tarixin elə bir dönəmində yaşayırıq ki, həm Azərbaycan, həm də Türk Dünyası üçün, çox əlverişli yeni bir siyasi dövr başlayıb. Elə, bu tarixi şansımızdan tam istifadə etməklə də, publik səsləndirilməsi məqbul sayılmayan hədəflərimizi tam reallaşdıra bilərik. Onsuz da, dünyanın bölünməsi baş tutub və bu bölünmədə Türk Dünyası, ingilislər, yəhudilər bir tərəfin ön sırasında olanlardır. Türk qanına susamış İranın aqibəti isə, Rusiyadan da daha acınacaqlı olacaq. İstər-istəməz, "Taliban"la üzə-üzə gələcək İran ətrafında halqa daha da daralacaq və bu dövlətin indiki sərhədləri daxilində mövcudluğuna böyük təhlükələr daimi hərəkətdə olacaq.
"Taliban"la diplomatik və siyasi əlaqələrimiz qurulmalıdır. Düzdür, qeyri-rəsmi olsa da, Türkiyə artıq bu prosesləri idarə edir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyanatı, bu qənaətimizə bir daha əsas verir. Çünki, həmin Bəyanata əsasən, Türkiyə və Azərbaycanın Təhlükəsizlik şuraları əlaqəli fəaliyyət göstərir. Bu baxımdan, Türkiyə və Azərbaycan arasında "Taliban" barəsində ümumi bir qərarın olduğu şübhəsizdir. Təbii ki, "Taliban"ın yaratdığı vəziyyət, Rusiya və İran üçün real üzücü, süründürücü hərbi qarşıdurma şəraiti yaradır. Faktiki olaraq, "Taliban" Rusiya və İrana qarşı ikinci cəbhə açmaqla, bu dövlətlərin hərbi və iqtisadi gücünü parçalamış olur. Belə bir durumda, Yaxın Şərqdə, eləcə də Asiyada konfliktlərə və hərbi qarşıdurmaya cəlb edilən Rusiya və İranın siyasi manevr imkanları da məhdudlaşır.
Əfqanıstanda "Taliban"ın tam hakimiyyətə yiyələnməsindən sonra, Rusiyanın patronajında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan müsəlman ölkələrindəki vəziyyət, Rusiyanı daim “foksda” olmağa məcbur edəcək. Əks təqdirdə, Rusiya Orta Asiya dövlətlərində hərbi mövcudluğunu itirə və onsuz da, formal KTMK-nı daha əhəmiyyətsiz hala sala bilər. Nəticədə, Rusiya özü üçün, keçmiş SSRİ respublikalarından yaratdığı “bufer” zonasından məhrum olar və birbaşa, öz sərhədlərində təhlükə ilə üz-üzə qalar. Odur ki, Rusiyaya qarşı açılmış ikinci cənub cəbhəsi ən real və qorxulu ssenaridir. Buna görə də, Rusiya bütün hərbi və iqtisadi gücünü bu istiqamətə sərf etmək məcburiyyətindədir. Elə, bu səbəbdəndir ki, hazırki durum, Türkiyə və Azərbaycan üçün olduqca əlverişli şərait və imkanlar yaradır. Bu isə, qəti şəkildə onu deyir ki, daha böyük hədəflərimizi reallaşdıra bilərik.

Vüqar DADAŞOV,
hüquqşünas, Qarabağ qazisi, MCP Siyasi Şurasının üzvü.

Əlaqəli xəbərlər