Gəlir vergisi ilə bağlı güzəşt tətbiq edilən fiziki şəxslərin əhatə dairəsi genişləndirilib

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əməkhaqqının) 2500 manatadək olan hissəsindən 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə vergi tutulur.

AZƏRTAC Vergilər.az saytına istinadla bildirir ki, əmək qanunvericiliyinə uyğun olaraq, fiziki şəxs bir neçə iş yerində əmək funksiyalarını yerinə yetirdikdə, onun əldə etdiyi gəlirlərdən gəlir vergisi hər bir iş yerində ayrıca hesablanaraq tutulur.

Cari ilin yanvarın 1-dən Azərbaycanda gəlir vergisi ilə bağlı güzəşt tətbiq edilən fiziki şəxslərin əhatə dairəsi genişləndirilib. 2015-ci ilin 20 oktyabr tarixli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanuna əsasən, yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 1 misli, illik gəliri 30 min manatadək olduqda ölkə üzrə yaşayış minimumunun 12 misli məbləğində olan hissəsi gəlir vergisindən azad edilib.

Qeyd edək ki, ölkə üzrə yaşayış minimumu Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli "Yaşayış minimumu haqqında" Qanununun 1-ci maddəsinə əsasən, 2016-cı il üçün 136 manat məbləğində müəyyən edilib.

Əlaqəli xəbərlər