Ağcabədidə yun emalı fabriki fəaliyyətə başlayıb

"Fərhad-91" müəssisəsinin ilkin yun emalı fabrikinin istehsal etdiyi məhsul xarici bazarlara da çıxarılacaq və artıq bununla bağlı ilk müqavilə imzalanıb

Ağcabədi, 13 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Ağabəyli kəndində "Fərhad-91" müəssisəsinin ilkin yun emalı fabriki fəaliyyətə başlayıb. İstehsal gücü sutkada 14 ton, ildə isə 5 min tona yaxın olan fabrikdə 30 nəfər işlə təmin edilib. Fabrik tam gücü ilə fəaliyyət göstərəndə işçilərin sayı 75-ə çatdırılacaq.

Rayon rəhbərliyi və bir qrup media nümayəndəsi fabrikdə istehsal prosesi və burada yaradılan şəraitlə tanış olublar.

Müəssisənin təsisçisi Mülhazi Balakişiyev AZƏRTAC-a bildirib ki, 2000-ci ildə yaradılan yun fabriki 2006-cı ildə fəaliyyətini dayandırmışdı. "Prezident Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının, xalçaçılığın inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq problemlərinin həlli ilə bağlı tapşırıqlarına uyğun olaraq, yun fabrikinin fəaliyyətini bərpa etdik. Artıq Çin Xalq Respublikasının şirkətlərindən biri ilə yuyulmuş yunun satışı üzrə müqavilə imzalanıb. İstehsal edilən yunun xarici bazara çıxarılması ölkəmizə valyuta gəlməsinə imkan yaradacaq. Fabrikin fəaliyyətə başlaması, eyni zamanda, respublikada xalçaçılığın inkişafına da töhfə verəcək", - deyə M.Balakişiyev bildirib.

M.Balakişiyev qeyd edib ki, bu il iplik və yun örtük istehsalı ilə bağlı layihənin reallaşdırılması da planlaşdırılır. Hazırda xarici şirkətlərlə və yerli iş adamları ilə bu istiqamətdə danışıqlar aparılır.

Əlaqəli xəbərlər