Böyük qayıdışda böyük çətinliklər - Hər şey göründüyü qədər asan deyil

Agdam2Deputat: “O insanlar onlara verilmiş torpaqları, evləri həftəsonu istirahət məkanına çevirməməlidirlər”

Politoloq: “Tezliklə məcburi köçkünlərin kütləvi şəkildə işğaldan azad edilmiş ərazilərə qayıdışı real görünmür”

44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın qazandığı tarixi zəfər, işğal altında olan torpaqlarımızın geri qaytarılması məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı müzakirələri də gündəmə gətirib. Prezident İlham Əliyev məcburi köçkünlərə müraciəti zamanı onları bununla bağlı keçiriləcək sosioloji sorğularda fəal iştirak etməyə səslədi.

Bəs, görəsən məcburi köçkünlərin qayıdışı hansı formada həyata keçiriləcək? Buna nə qədər zaman lazımdır? Onların hazırda yaşadıqları mənzillərin aqibəti necə olacaq?

YAP-çı deputat DTX-ya müraciət etdi:     “Onlar buqələmundurlar”

Milli Məclisin üzvü Elman Nəsirov AYNA-ya açıqlamasında deyib ki, yeni dövrün əsas şərtlərindən biri qürurlu qayıdışı təmin etməkdir: “44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğal olunan torpaqlarımızı düşmən tapdağından azad etməsi yeni tarixi reallıqlar yaradıb. Məlumdur ki, ermənilər tarixi Azərbaycan torpaqlarında misli görünməmiş terrora imza atıblar. İşğaldan azad edilmiş şəhərlər, qəsəbələr, kəndlər tam yararsız hala gətirilib. Bu əraziləri sanki yer üzündən silməyə çalışıblar. Prezident İlham Əliyev bəyan etdi ki, işğaldan azad olunan torpaqlar cənnətə çevriləcək və bu ərazilərdə yaşayış bərpa olunacaq. Təbii ki, ərazilərin minalardan təmizlənməsi və abadlaşdırılmasından sonra məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması məsələsi aktual olacaq”.

“Proses ədalətli şəkildə həyata keçirilməlidir. Bu da ondan ibarətdir ki, ölkəmizdə 300 mindən artıq məcburi köçkün mənzillərlə təmin edilib, amma 700 mindən artıq məcburi köçkün yataqxanalarda və buna bənzər yerlərdə yaşayır. Ona görə də onların yaşayış şəraiti daha aşağı səviyyədədir. Bu halda sözügedən məcburi köçkünlərin öz yurduna qaytarılması prioritet olmalıdır. İlk növbədə, Qarabağda yaşayıb fəaliyyət göstərəcək, yurdunu daimi yaşayış yeri seçəcək insanların qayıdışına nail olmaq lazımdır. O insanlar ki, onlara verilmiş yerləri həftəsonu istirahət məqsədilə getmək üçün istifadə etməyəcəklər. Onlar torpaq mülkiyyətçisi olacaq, əkib-becərəcək, kənd təsərrüfatı ilə məşğul olacaq, ömürlərinin qalan hissəsini torpaqlarına bağlayacaqlar”, - deyə deputat bildirib.

Məcburi köçkünlərin geri qayıdışının zaman məsələsi olduğunu deyən həmsöhbətimiz bunun mərhələli şəkildə həyata keçiriləcəyini vurğulayıb: “Soydaşlarımız Prezident İlham Əliyevin, Birinci-vitse prezident Mehriban Əliyevanın Qarabağa səfərlərini yaxından izləyir. Qeyd etdiyim kimi, ermənilər orada daşı daş üstdə qoymayıblar. Sanki oradan vəhşi bir qəbilə keçib. Hər şey məhv edilib”.

“Qarabağda yenilənmə işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında həyata keçiriləcək. Bu da artıq XXI əsrin şəhəri və ya kəndi deməkdir. 30 il əvvəlkinə bənzər bərpa işlərinin aparılması yalnız ermənilərin yaşadığı ərazilərdə - məsələn, Ağdərədə, Hadrutda ola bilər. Lakin oradakı yaşayış yerləri də bərbad vəziyyətdədir. Həmin ərazilərdə daha yüksək səviyyəli, müasir standartlara cavab verən binalar inşa olunacaq və soydaşlarımız rahat mənzillərdə yaşayacaqlar”, - Nəsirov fikrini tamamlayıb.

No description available.

Siyasi icmalçı Samir Feyruzov da AYNA-ya şərhində qeyd edib ki, məcburi köçkünlərin geri qayıtmasını təmin etmək üçün müəyyən işlər görülməlidir: “İlk növbədə həmin ərazilərin minalardan təmizlənməsi, kommunikasiya xətlərinin çəkilməsi, qəsəbələrin və kəndlərin salınması, infrastrukturun yaradılması, xüsusilə də sənayenin, kənd təsərrüfatının inkişafı üçün konkret addımlar atılmalıdır. Məhz bundan sonra məcburi köçkünlərin Qarabağa geri qaytarılması prosesinə başlanıla bilər. Bəzən belə təkliflərə rast gəlirik ki, bu məsələdə beynəlxalq təcrübəyə istinad edilməlidir. Mən isə beynəlxalq təcrübənin bu məsələdə öyrənilməsi və tətbiq edilməsinin əleyhinəyəm. Çünki Qarabağ münaqişəsi həm mahiyyətinə, həm də miqyasına görə digər münaqişə ocaqlarından tamamilə fərqlənir. Ona görə də məcburi köçkünlərin işğaldan azad olunan ərazilərə qayıdışı da fərqli şəkildə həyata keçirilməlidir”.

Müsahibimizin fikrincə, əhalinin Qarabağa köçürülməsini stimullaşdıran tədbirlər həyata keçirilməli, paket şərtlər irəli sürməlidir: “Nəzərə almaq lazımdır ki, işğalın üzərindən xeyli zaman ötüb və məcburi köçkünlərin əksəriyyəti artıq yaşlanıb. Onların övladları, nəvələri dünyaya gəlib və heç kimi məcbur etmək olmaz ki, mütləq həmin ərazilərə qayıtmalısınız. Xarici diplomatik korpusların Azərbaycandakı nümayəndəliklərinin həmin ərazilərdə yerləşdirilməsi vacibdir. Bu, həmin ərazilərin sivil ərazilərə çevrilməsinə və daha təhlükəsiz yaşayışın təmin olunmasına səbəb olacaq”.

“10 noyabr sazişinin sülh müqaviləsi yox, razılaşma olduğunu da buraya əlavə etsək, o zaman mübarizənin diplomatik müstəviyə keçdiyini unutmaq olmaz. Qarabağda antiterror əməliyyatları keçirilməlidir və yaxın gələcəkdə bu, istisna olunmur. Çünki Ermənistan tərəfi islah olunana oxşamır və işğalçı siyasətindən tam imtina etməyib”, - deyə politoloq söyləyib.

Hökumətin işğaldan azad olunmuş ərazilərə investisiya cəlb etməsini vacib addım sayan Feyruzov yaşayış üçün bütün imkanların yaradılmasını əsas şərt hesab edir: “İstər yerli iş adamlarının, istərsə də xarici investorların sərmayə yatırması, strateji sahələrin, o cümlədən yerli istehsal müəssisələrinin həmin ərazilərdə yerləşməsi, ali təhsil müəssisələrinin Qarabağa köçürülməsi mütləqdir. Bunun üçün hökumət müəyyən güzəştlərə hazır olmalıdır. Qarabağa sərmayə yatıran yerli və əcnəbi investorların fəaliyyətinin stimullaşdırılması, onlara vergi və digər güzəştlərin şamil olunması, subsidiyaların ayrılması zəruri addımlardır”.

“Heç şübhəsiz, bütün bunları həyata keçirmək asan deyil. Buna zaman və maliyyə lazımdır. Bu baxımdan tezliklə məcburi köçkünlərin kütləvi şəkildə həmin ərazilərə qayıdışı real görünmür. Yəqin ki, bu, mərhələli şəkildə baş verəcək. Qarabağı nəinki Azərbaycanda, bütövlükdə regionda qeyri-neft sektorunun inkişaf etdiyi əsas iqtisadi məkana çevirmək olar. Bunun üçün münbit şərait yaranıb. İnanıram ki, zamanla bu, baş verəcək. Əsas odur ki, biz lazım olan nəticəni əldə etmişik və torpaqlarımız artıq işğal altında deyil”, - deyə həmsöhbətimiz əlavə edib.

Əlaqəli xəbərlər