Fazil Mustafa: "Nə Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu müraciət edən jurnalistlərin təşəbbüsünü dəstəkləyirəm, amma..."

fazilıjpg 1595665128

Fazil MUSTAFA,

Milət vəkili

                                                                      ***

Bu gün bir qrup tanınmış jurnalist və QHT rəhbəri ölkə prezidentinə məktub ünvanladı ki, bəs jurnalistlər üçün inşası tamamlanan bina şəhid və qazi ailələrinə verilsin.

Özlüyündə bir jurnalist fədakarlığını ifadə edən bir addımdır. Ancaq bu təklifi bir neçə gün öncə bir millət vəkili də irəli sürmüşdü. Nədənsə bu imza sahiblərinin bir qismi dəstək vermə bir yana dursun, sosial şəbəkədə, əllərində olan internet televiziyaları vasitəsilə geniş bir təhqir kampaniyasına başladılar. Hətta adından saxta profil düzəldərək ictimai rəyi çaşdıracaq statuslar da paylaşdılar.

Milli sosial qaragüruhun ayrılmaz qanadı kimi özünü büruzə verən jurnalist qaragüruhunun yönləndirilməsi ilə bir fikrin, bir təklifin necə linç edilməsinin şahidi olduq. Bəri başdan deyim ki, mən bir vətəndaş olaraq nə millət vəkili Etibar Əliyevin, nə də prezidentə eyni məzmunlu sənəd imzalayıb göndərən jurnalistlərin bu təşəbbüsünü dəstəkləyirəm. Şəhid ailələrinə və qazilərə ayrıca mənzillər tikilməli, ilk iki jurnalistlərin binasından isə qanunsuz şəkildə dəxli olmayan şəxslərə verilmiş mənzillər alınıb həqiqətən ehtiyacı olan jurnalistlərə verilməlidir.

Üçüncü bina isə xüsusi etimada malik komissiya tərəfindən müəyynələşdirilən cəmiyyətimiz üçün dəyərli olan istedadlı alim, jurnalist, yazar, həkim, müəllim, tərcüməçi, mühəndis və başqa peşə sahiblərinə verilməlidir. Əlbəttə, bu bir fikirdir, bir təklifdir, bəyənilib, bəyənilməməsi də normaldır.

Bütün hallarda son qərar prezidentə aiddir və əminəm ki, ədalətli şəkildə bu mübahisələrə son qoyacaq. Bir qrup tanınmış jurnalistin mənzillərin şəhid ailələrinə verilməsi təşəbbüsü də, bu təşəbbüsə olan etirazlar da normaldır və kimsənin başqasını düşüncəsinə görə "jurnalist düşməni" çıxarması da absurddur. Bəlkə də jurnalistlərlə ən yaxın dost olan, onların telefon zənglərinə həssas yanaşan, istənilən suallarını cavablandıran bir siyasətçi kimi bunları söyləməyə ərkim çatır.

Üzüntü ilə qeyd edim ki, son bir həftədə sosial şəbəkədə gedən qızğın mübahisələrdə bir gerçəklik aydın oldu: Azərbaycan jurnalistləri içində səviyyəli polimika aparmağa qadir, ədəbli üslubda etiraz bildirməyə hazır personaların sayı elə də çox deyil. Fikrə əsaslandırılmış fikirlə etiraz edərlər, söyüşlə, təhqirlə deyil. Demiş şəhid ailələrinə verilsin, yazın ki, bu doğru təklif deyil. Eyni təklifi indi xeyli jurnalist həmkarınız irəli sürdü, o halda yenədəmi söyüş ritorikasına keçəcəksiniz?

Ən dəhşətlisi də beş kitab oxumamış birilərinin onu savadsız adlandırması, diskusiyaya çağırması oldu. Etibar Əliyev ixtisasca fizikdir, fəlsəfədən müdafiə edib və bu sahələrdə heyrətamiz düşüncə sisteminə malikdir. Ədəbiyyatı ədəbiyyatçıdan, kitabı kitabçıdan, ensiklopediyanı ensiklopedistdən yaxşı bilir. Sadəcə düşüncə həyatımıza yenilik gətirən kitabları ilə tanış olmayanlar üçün hansı dəyər ölçüsü ola bilər ki?

Burasını da qeyd edim ki, bütün istedadlı insanlar kimi, onun da xarakterində təzadlı məqamlar var və bəzən insanlarla yerli, yersiz konfliktlərdə olur. Buna görə də davranışlarını xoşlamayan insanlar da var. Ancaq fikirlərini bölüşən, bilgisini qiymətləndirən, bundan faydalanan çox sayda insanlarımız da var.

Deputat kimi də ən fəallardan biridir və seçicilərin də problemlərinə ən həssas yanaşanlardandır. Sosial şəbəkədə də düşüncə həyatımız üçün ən maraqlı paylaşımları da vaxtaşırı izləyicilərə çatdırır. Yəni sözümün canı odur ki, yazıya görə, təklifə görə qaragüruh həmrəyliyi ilə istənilən şəxsə qarşı hörmətsizlik göstərənlər, ilk növbədə düşünməlidirlər ki, məhz düşüncə azadlığına qarşı hörmətsizlik edirlər.

Baxın, üç gün keçmiş bumeranq geri qayıtdı, eyni fikri artıq tanınmış jurnalistlər ictimailəşdirdilər. Ədəbsizlik ictimai sferada həmişə olacaq, ancaq bunun subyektləri qələmlə, kitabla bağlılığı olanlar deyil, kitaba, yazıya, qələmə sayğısızlar ola bilərlər.

 

 

araz.az xəbər portalı.

Əlaqəli xəbərlər